backend

“Korrupsioner məmurları qoruyan birlik var” - AÇIQLAMA

“Azərbaycan rayonlarının müxtəlif iqtisadi zonalara bölünməsi baş verə bilər”

Məlum olduğu kimi, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Respublika Baş Prokurorluğu nəzdində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən məmurların korrupsiya əməllərinə qarşı aparılan əməliyyatlar nəticəsində bir sıra icra başçıları, məmurlar, sabiq nazirlər həbs edilmiş, vəzifələrinə xitam verilmişdi. Lakin son günlər aparılan əməliyyatlar və həbslərdə fasilələr yarandığı müşahidə edilir ki, bu da ictimaiyyət arasında bir sıra suallara səbəb olur və müxtəlif məsələlərlə izah edilir. Maraqlıdır, sözügedən prosesdə fasilələrin yaranması nə ilə bağlıdır? Prosesə yenidən təkan verilə bilərmi?

Tural Abbaslı, AĞ Partiyanın sədri

Mövzunu KONKRET.az-a dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bir müddət əvvəl aparılan əməliyyatlar və müxtəlif ranqlı yüksək çinli məmurların həbsi cəmiyyətdə pozitiv qarşılanmış və hətta bir çox korrupsioner məmurlar özlərinə çəki-düzən verməyə başlamışdılar ki, bu həbslərə məruz qalmasınlar: “Amma sonradan sanki bir “sehrli çubuq” bu prosesi dayandırdı. Düzdür, burada əsas məsələ onda deyil ki, mütləq hər həftə, hər gün hansısa icra başçısı, hansısa nazir, hansısa dövlət məmuru həbs olunmalıdır və ifşa olunub, cəzalandırılmalıdır. Bu, qətiyyən doğru deyil, sadəcə olaraq qanunun işləməsi lazımdır. Yəni, cinayət varsa cəza da olmalıdır, cinayət yoxdursa? cəza da olmamalıdır. Amma görünən odur ki, ortada kifayət qədər cinayət var, korrupsiya əməlləri var, öz səlahiyyətlərindən sui-istifadə etmələr var. Bu, ən aşağı məmur səviyyəsindən ta nazirlərə qədər uzanan yoldur ki, burada da kifayət qədər pozuntuların, şikayətlərin olduğunu görürük”.

“Mənim fikrimcə, hazırda prosesdə fasilə elan edilməsinin iki səbəbi ola bilər. Birinci səbəb odur ki, hökumət tərkibindəki “çürük almalar”ın ifşasını gördü, bunun öz daxili auditoriyasını zəiflətdiyini, komanda daxilində çaşqınlıq yaratdığını və dolayısı ilə monolit görüntüsünü pozduğunu müşahidə elədi. Ola bilər ki, məhz buna görə bu proses dayandırıldı ki, komandanın imici daha çox zərər görməsin və islahatlara yavaş-yavaş davam edilsin. Amma belə olacağı təqdirdə, biz həbsləri görməsəydik belə, ən azı yerdəyişmələr, vəzifədən uzaqlaşdırmaları görərdik ki, hələlik onu da görmürük. Yəni əhalinin ən çox şikayət etdiyi məmurlar hələ də vəzifədədirlər. İkinci səbəb isə bununla bağlı ola bilər ki, həmin korrupsioner məmurları qoruyan birlik və kolon var. Bu isə beşinci kolondur ki, həmin kalonun daxildə kifayət qədər resursları və gücü var ki, bu prosesi dayandıra bilir. Bu səbəbi isə daha çox ehtimal edirəm.”, – deyə partiya sədri vurğulayıb.

T.Abbaslı hesab edir ki, prosesə yenidən start verilməli və kampaniya xarakterli olmamalıdır: “Fakt odur ki, ortada kifayət qədər şikayətlər və çatışmazlıqlar var. Təbii ki, belə olan halda proses davamlı olmalıdır. Çünki birdən-birə bütün məmurların vicdana gələcəyini heç kim gözləmir. Siyahıda hansı məmurların olmasına isə Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Baş Prokurorluğu nəzdində Korrupsiyaya qarşı Mübarizə İdarəsi qərar verməlidir. Düşünürəm ki, bununla bağlı xalq arasında kiçik bir soğru keçirilsə, xalqın cavab verdiyi yöndə istintaq başlasa, kimlərin həbs olunub-olunmayacağı da məlum olar”.

“Həm də burada mütəmadi olaraq fəaliyyətə nəzarət edən mexanizm olmalıdır. Digər tərəfdən, hazırda cəmiyyətdəki əhval-ruhiyyəni, sosial sifarişi, tələbi və faktları da nəzərə alsaq deyə bilərik ki, bu proses davam etməli və yenidən həbslər, yoxlamalar başlamalıdır. Bu isə iqtidarın verəcəyi qərardır”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Razi Nurullayev, Milli Cəbhə Partiyasının sədri

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə KONKRET.az-a açıqlamasında icra hakimiyyəti strukturlarının yarıtmaz fəaliyyətinə, ona görə də yeni təyinatların olmadığına toxunub: “Prezident bu yaxınlarda Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə bağlı qərar verdi və Qarabağın işğaldan azad edilmiş rayonlarına Prezidentin xüsusi nümayəndələri təyin edildi. Bütün bunlar onu deməyə əsas verir ki, icra hakimiyyətlərinin qalıb-qalmaması ilə bağlı dəyişikliklər olacaq. Mənə elə gəlir ki, icra hakimiyyətləri strukturları dəyişəcək. Çünki bu köhnə sistem özünü doğrultmur, zamanla ayaqlaşa bilmir və rayonların da bu şəkildə idarə edilməsi, müstəqil şəkildə inkişafı və iqtisadi sıçrayışına nail olmaq mümkün olmur. Bu baxımdan Azərbaycan rayonlarının müxtəlif iqtisadi zonalara bölünməsi baş verə bilər”.

“Hesab edirəm ki, Azərbaycanda müxtəlif iqtisadi rayonlar yaradılacaq və mövcud icra hakimiyyətləri strukturları dəyişərək bir iqtisadi rayonun nəzdində şəhərlərin idarəçiliyi onlara veriləcək. Ümumi olaraq isə iqtisadi rayonlara Prezidentin təyin etdiyi məmurlar başçılıq edəcək və həmin iqtisadi rayonlar da özünün iqtisadi və sosial potensialına görə birləşdiriləcək. Hesab edirəm ki, proses bu şəkildə baş verərsə, Azərbaycanda böyük şəhərlərin yaranması, iqtisadiyyatın güclənməsi, idarəçiliyin təkmilləşməsi baş verə bilər”, – deyə millət vəkili vurğulayıb.

Partiya sədri bu istiqamətdə müəyyən işlərin aparıldığını da qeyd edib: “Buna görə də artıq icra hakimiyyətləri ilə bağlı yeni təyinatları görə bilmirik, icra hakimiyyətləri ilə bağlı bəzi məsələlər gündəmə gətirilmir, icra hakimiyyətləri ilə bağlı hər hansı inkişaf tendensiyası və yaxud konsepsiya görə bilmirik. Bu da dediklərimizin yaxın zamanlarda baş verəcəyinə dəlalət edir”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*