Lavrov əsəbiləşirsə, səhvlər buraxır – FƏRRUX AÇIQLAMASINA SÖZARDIbackend

Lavrov əsəbiləşirsə, səhvlər buraxır – FƏRRUX AÇIQLAMASINA SÖZARDI

İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə görüşündə Azərbaycanın Xocalı rayonunun Fərrux kəndi ilə bağlı çox qəribə açıqlamalar verib. Kimsə bundan nəticə çıxarmağa tələsib, kimsə isə onu heç başa düşməyib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya “haqqin.az”ın şərhində yer alıb.

Mənbə xatırladır ki, bu ilin mart ayında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti zonasında fəaliyyət göstərən erməni quldur dəstələrinin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan ordusu Fərrux kəndini və onu əhatə edən Daşbaşı yüksəkliklərini nəzarətə götürüb.

Bu əməliyyat silahdan istifadə edilmədən həyata keçirilib. İtirdikləri mövqelərini qaytarmağa cəhd edən erməni döyüşçülərinə cavab verilib və onlar itki verərək, yüksəklikləri geri almağa bird aha cəhd göstərməyiblər.

Fərrux kəndi formal olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olduğundan, Ermənistan hay-küy qaldıraraq “Moskvadan izahat tələb edib”.

Azərbaycanın suveren əraziləri daxilində operativ müdaxilə mandatı olmayan Rusiya sülhməramlıları isə Fərrux kəndini Ermənistana “geri qaytarmayıb”. Bu günə kimi də erməniləri Azərbaycan ordusunun öz bölmələrini Fərrux kəndi istiqamətində əvvəlki mövqelərinə çəkməməsi narahat edir.

Təsadüfi deyil ki, İrəvanda keçirdiyi brifinq zamanı erməni jurnalistlərdən biri Lavrova sual verib ki, Rusiya Azərbaycan qüvvələrini əvvəlki mövqelərinə qaytarmaq üçün hansı tədbirlər görür?

Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin məsələnin “delimitasiya işləri çərçivəsində həll ediləcəyi” ilə bağlı cavabı, hətta brifinqdə iştirak edən erməni jurnalistləri də şoka salıb. Və əslində, Fərrux hardadır, sərhədləşdirmə haradadır? Lavrov regionun coğrafiyası ilə tanış deyilmi? Yoxsa başqa bir şey nəzərdə tuturdu?

Azərbaycan Xarici İşlər Nazirliyi Lavrovun yaddaşını təzələyərək dərhal reaksiya verib: Fərrux Azərbaycanın Xocalı rayonunda kiçik dağ kəndidir.

XİN rəhbəri peşəkar diplomat kimi belə ciddi səhvə yol verə bilərdimi? Nəzərə alsaq ki, son vaxtlar Lavrov tez-tez normativ lüğətdən və diplomatiyadan kənar bəyanatlar verir, deməli belə bir ehtimal istisna edilmir. Lavrovun əsəbləri pozulub. Həm də təkcə Monteneqronun səmasında yox, Lavrovun görüşdüyü İrəvanda da yumşaq desək, yersiz ifadələr işlədib.

Lavrov son vaxtlar səhvlər etməyə başlayıb. Putini İsraildən üzr istəməyə və bununla da Rusiya-İsrail münasibətlərində böhranın qarşısını almağa məcbur edən “Ukraynada nasistlər” və “Adolf Hitlerin yəhudi mənşəli” olması haqqında deməsi buna əyani sübutdur.

Ola bilsin ki, Ankaradakı gərgin danışıqlardan sonra Lavrov bir qədər yorulub, yaxud da fikri dağınıq olub və səhvən Fərruxu “Azərbaycan-Ermənistan sərhədindəki bir sıra mübahisəli ərazilərə” aid edib.

Lavrov İrəvanın özündə də ajiotaj yaradıb. Məsələn, Ermənistan parlamentinin müxalif deputatı Armen Aşotyan deyib ki, bunun “əlavə aydınlaşdırılmasına ehtiyac var”.

“Cənab Lavrovun sözləri Ermənistan-Azərbaycan delimitasiya komissiyasının “Qarabağ sərhədləri”nin delimitasiyası ilə də məşğul olması anlamına gəlirmi?” – Aşotyan belə sual verib – “Əgər belədirsə, hansı sərhədlər daxilində? Əgər yoxsa, ya mən Lavrovu səhv başa düşmüşəm, ya da o, toponimləri qarışdırıb…”.

Ermənistan parlamentinin digər müxalifətçi deputatı Artur Kazinyan bildirib ki, Lavrovun bəyanatından sonra “gözlənilməz vəziyyət” yaranıb.

“Əgər bu, yaşayış məntəqələri ilə bağlı çaşqınlıq deyilsə, o zaman gələcəkdə “Qarabağın sərhədlərinin delimitasiyası”, o cümlədən Şuşa və Hadrutun “geri qaytarılması” məsələsi gündəmdə olacaq”, – Qazinyan bildirib.

Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməyib. Və yalnız günün sonuna qədər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan stenoqramda Lavrovun “dedikləri” qəribə şəkildə yoxa çıxıb.

Görünür, o, dolaşığa düşüb və ya səhv danışıb. Çətin dövrümüzdə belə şey kimim başına gəlmir ki?

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*