“Özgə vaxt islam dəyərlərindən danışan İranın hələ də Azərbaycan əleyhinə ayrı-ayrı məmurlar səviyyəsində çağırışlar etməsi təəssüf ki yekunlaşmır. Fürsətdən istifadə edən Ermənistanın XİN rəhbəri Tehrana gedir, İranın Ermənistandakı səfiri isə təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla birlikdə “qardaşlıq” mesajları verir”.
Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Tural İsmayılov fikir bildirib. O qeyd edib ki, İranın Ermənistanı özünə yaxın dövlət hesab etməsi siyasi baxımdan da uğursuz və mənasızdır: “Rəsmi İrəvana bütün dövrlərdə dəstək verilməsi, Ermənistanın ötən əsrin 90-cı illərdə həm də İrana görə yaşaya bilməsi, baş nazir Nikol Paşinyanın İranın Ermənistan üçün nəfəslik olması barədə səsləndirdiyi fikirlər sübut edir ki, adını İslam Respublikası qoyan bu ölkə, Pakistan, Türkiyə və Azərbaycan kimi müsəlman dövlətlərinin əvəzinə, Ermənistanı tərcih edir. Bundan başqa torpaqlarımız işğal altında olarkən, İran Ermənistana təzyiq göstərmək əvəzinə bütün siyasi və iqtisadi sahələrdə ermənilərlə iş birliyinə davam etdi. Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri, ikitərəfli əlaqələrin inikişafı istiqamətində görülən işlər, rəsmi şəxslərin bir birinin ünvanına söylədiyi təriflər və “mehribanlıq” İran və Ermənistanın siyasət üçün nələr edə biləcəyini göstərir. Eyni zamanda Amili kimi əyalət mollalarının Azərbaycan əleyhinə başından yekə danışıqlarına da, İranın yüksək vəzifəliləri etiraz etmədi və bu xəbərlər erməni mediasını bəzədi. Son olaraq Azərbaycanla sərhəddə gülməli təlimlər İrana qarşı bizim cəmiyyətimizdə narazılığı daha da gücləndirdi. 30 ildə təlim keçirməyən İran birdən təlim eşqinə düşdü”.

Politoloq əlavə edib ki, müsəlman həmrəyliyindən danışan İran, Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana niyə barmaq silkələmirdi, 30 il boyunca nədən təlimlər keçirmirdi?. Hətta müharibədən sonra belə İrandan Qarabağa qaçaqmalçılıq yolu ilə yanacaq daşınır, Azərbaycanın bununla bağlı narahatlığı isə qulaq ardına vurulurdu: “Azərbaycan ərazisi işğal altında olduğu dövrdə əksər müsəlman ölkələr Azərbaycana dəstək verir, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmurdular. Müsəlman aləmində yalnız İran istisna idi. Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib, bununla bağlı ən yüksək səviyyədə mövqe bildirilib. Bununla yanaşı, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib və buna cəhd gəstərənlər də layiqli cavablarını alıblar. İran rəsmiləri də öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalıdırlar. Azərbaycanla mənasızca münasibətləri korlamaq İrana daha çox ziyandır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
