Nizami Kino Mərkəzində Belarus filmləri nümayiş etdiriləcək – FOTOLARbackend

Nizami Kino Mərkəzində Belarus filmləri nümayiş etdiriləcək - FOTOLAR

Dünən Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri çərçivəsində Belarus Kino Günlərinin açılış mərasimi keçirilib. Tədbir paytaxtın Nizami Kino Mərkəzində baş tutub.

Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış kino, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunun giriş nitqi ilə açıq elan edilib.

Ölkəmizdə Belarus Mədəniyyəti Günlərinin keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayan natiq aprelin 3-dək davam edəcək film nümayişlərində Belarusun qədim slavyan ənənələri, dili, mədəni dəyərləri kino dili ilə azərbaycanlı tamaşaçılara təqdim olunacaq. O qeyd edib ki, “Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb.

Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdim olunması nəzərdə tutulub.

Daha sonra “Belarusfilm” kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək kino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verib.

”Azərbaycan tamaşaçıları üçün dörd film gətirmişik, bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”,- deyə baş direktor qeyd edib.

O, diqqətə çatdırıb ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq imkanları də araşdırılır. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq.

Y.Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Çıxışlardan sonra “Лист ожидания” (“Gözləmə siyahısı”) dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.

Sonra Aleksandr Yefremovun kardioloqların taleyindən, onların mürəkkəb peşəsindən, məişət qayğılarından bəhs edən “Gözləmə siyahısı” filmi təqdim olunub.

Qeyd edək ki, Belarus Kino Günləri çərçivəsində aprelin 2-də saat 16:00-da Nizami Kino Mərkəzində Yevgeni Setkonun yandırılmış Belarus kəndlərindən bəhs edən “Perezvon” sənədli filminin nümayişi olacaq.

Saat 19:00-da isə İvan Pavlovun Böyük Vətən müharibəsi illərində Belarusun faşistlərdən azad edilməsində partizanların qəhrəmanlığından bəhs edən “Yoxlama” bədii filmi nümayiş etdiriləcək.

Aprelin 3-də saat 19.00-da Nizami Kino Mərkəzində İqor Bışnevin belarus bizonunun növlərinin dirçəldilməsindən bəhs edən “Xilas edilmiş nəhəngin ölkəsi” sənədli filmi tamaşaçılara təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*