Noyabrın 10-u Azərbaycanda Qələbə günü kimi qeyd edilə bilər – AÇIQLAMAbackend

Noyabrın 10-u Azərbaycanda Qələbə günü kimi qeyd edilə bilər - AÇIQLAMA

Hər il Azərbaycanda 9 may Qələbə günü kimi qeyd edilib. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə əldə edərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün təklif olunan məsələlərdən biri də noyabrın 8-i Şuşanın işğaldan azad edildiyi və müharibənin dayandırılması ilə bağlı üçtərəfli bəyanatın qəbul edildiyi noyabrın 10-unun Qələbə günü kimi qeyd edilməsidir.

Bununla bağlı KONKRET.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Qələbə günü ilə bağlı paradın keçiriləcəyi də gözlənilir: “Ancaq düşünürəm ki, paradın keçirilməsi ilə bağlı rəsmi sərəncamlar olur. Bu qərarı Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı verir. Cənab prezident Silahlı Qüvvələrin 100 illik paradında da qeyd etmişdi ki, biz qələbə paradımızı Azadlıq meydanında keçirəcəyik. Qələbə bayrağımızı Azadlıq meydanına gətirəcəyik. Ali Baş Komandan verdiyi sözün üstündə durdu. Azərbaycan Ordusu düşməni darmadağın edərək qələbə çaldı. Qələbə bayrağının Azadlıq meydanına gətirilməsi simvolik xarakter daşıyır. O ki, qaldı ki, növbəti illərdə də paradların 10 dekabrda keçirilməsi məsələsinə, bundan öncə də paradlar olurdu. Noyabrın 10-da üçtərəfli razılığı əldə etməklə düşmənin üzərində tam qələbə əldə etdik. Bu tarixdə növbəti illərdə paradlar keçirilə bilər. Bəlkə də bu il qələbə paradı dekabrın 10-nu və ya daha gec keçirilə bilər. Bu barədə dəqiq bir söz deyə bilmərəm. Paradlar daha çox tarixi əhəmiyyət daşıyan günlərə bağlı olur”.

Şair Ramaldanov vurğulayıb ki, 9 may hər il Azərbaycanda qələbə günü kimi qeyd edilir: “Bu, babalarımızın böyük qələbəsidir. 9 mayda müəyyən şəhərlərin azad edilməsi həmin ərazilərdə qeyd edilirdi. Hesab edirəm ki, bizdə də müəyyən şəkildə rayonların azad edildiyi günlər qeyd ediləcək. Cənab prezident dünən xalqa müraciəti zamanı qeyd etdi ki, biz 10 noyabrda üçtərəfli sənədə qol çəkmişik. Bu sənəd hərbi kapitulyasiya aktı kimi də qəbul edilir. Mən düşünürəm ki, 10 noyabr Azərbaycanda “Qələbə günü” kimi qeyd edilə bilər”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*