Özgə gözündəki çöp iri olar. Müxalifətin tirindən də… – ŞƏRHbackend

Özgə gözündəki çöp iri olar. Müxalifətin tirindən də... - ŞƏRH

Berlin divarının sökülməsi, ardınca Almaniyanın birləşməsi baş verəndə bu tarixi hadisə dünyadakı ikiyə bölünmüş xalqların təkrarən bir araya gəlmək ümidlərini canlandırdı.

Hazırda isə 30 ilə yaxın işğaldan sonra Azərbaycanın öz torpaqlarını erməni tapdağından azad etməsi bu problemlə üzləşmiş digər postsovet ölkələrinə nümunə göstərilir. Düzdür, biz buna dinc yolla nail ola bilmədik və düşmən üzərində tam kapitulyasiyanın əldə edilməsinə əngəl törədildi. Amma əzab, nisgil və həsrət dolu uzun müddətdən sonra qəhrəman oğullarımız torpaqlarımız uğrunda elə savaşdılar ki, erməni quldurları şoka düşdülər. Gözləri necə qorxmuşdusa, sosial media şəbəkələrində paylaşdıqları statuslarda oğullarımızın şücaətini və igidliyini vəsf etdiklərinin fərqində deyildilər. Şuşa döyüşü isə 44 günlük müharibənin kulminasiya nöqtəsinə çevrildi. Bir neçə gün davam edən döyüşdə əsgər və zabitlərimiz erməni faşistlərini darmadağın etməklə bütün dünyaya Azərbaycan Ordusunun gücünü və əzmini nümayiş etdirdilər.

Maraqlıdır, ölkəmizə münasibətlərindən asılı olmayaraq, indi dünyanın müxtəlif ekspertləri və siyasətçiləri ərazi bütövlüyü pozulmuş Ukraynanı Azərbaycan nümunəsi ilə ruhlandırırlar. Hazırda ABŞ-da yaşayan sabiq sovet çekisti Yuri Şvets kimi. Ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində Y.Şvets bildirdi ki, öz torpaqlarını qaytarmaq üçün ABŞ-ın və onun əsgərlərinin köməyə gəlməsini gözləmək lazım deyil. “Baxın Qarabağdakı hadisələrə, Azərbaycana! Biz kimin haqlı və ya günahkar olması, kimin əvvəl orada yaşaması barədə danışmayaq. Azərbaycan hesab edirdi ki, SSRİ-nin dağılmasından sonra onun ərazilərini əlindən alıblar. Və o torpaqlarını geri qaytardı. Uzun müddət buna hazırlaşdı və zərbəni endirdi”.

“Atlantik Şurası”ndakı Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar da uzun illərdən sonra torpaqlarının böyük hissəsini qaytarmasını ölkəmizin çox böyük, ağlasığmaz və inanılmaz nailiyyəti adlandırıb.

Təbii ki, Kremlin Azərbaycanın Qarabağ bölgəsində heç bir tərəfin qalib gəlməsini istəməməsi, manipulyasiya edə bilmək üçün münaqişənin davam etməsində maraqlı olması xalqımıza və amerikalı ekspertlərə də gün kimi aydındır. Odur ki, rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi, separatçıların nazı ilə oynanılması xalqımızda və dostlarımızda haqlı narahatlıq doğurur. Lakin doğma Türkiyənin yanımızda olması, Ağdam rayonunda Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Türkiyə–Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bu narahatlığın tezliklə aradan qalxacağına, erməni təxribatlarının tamamilə aradan götürüləcəyinə və rus sülhməramlılarının bölgəni tərk edəcəyinə inam yaradır.

Gözləmək olardı ki, İlham Əliyev hakimiyyətinin heç bir zaman Qarabağı azad edə bilməyəcəyini, bunu istəmədiyini iddia edən müxalifət, heç olmasa, parlaq Qələbəmizdən sonra bu məsələdə rəsmi Bakının qətiyyətini şübhə altına almaq cəhdlərindən əl çəkəcək. Ermənilərin təxribatlarından və rus sülhməramlılarının havadarlığından sui-istifadə edib, hakimiyyəti bacarıqsızlıqda ittiham etməyəcək. Əlbəttə, bütün vətəndaş cəmiyyətinin, eləcə də müxalifətin sağlam tənqidlərinə ehtiyac var. Hətta bu tənqidlər ermənilərin yardımına gəlmiş havadara xalqın narazılığı kimi də çatdırıla bilər. Amma tənqidçilərin səmimiliyi şübhə doğurmasa…

  • Əslində, AXC-Müsavat hakimiyyəti cəmi bir il çəkdiyindən və üzərindən tam 27 il keçdiyindən onların səhvlərini xatırlatmaq istəməzdim. Lakin sələflərini və bugünkü xələflərini insan hüquqlarını tapdalamaqda, yarıtmaz sosial-iqtisadi siyasət yürütməkdə ittiham edənlər öz keçmişlərini, deyəsən, tamamilə unudublar. Bəli, onların hakimiyyəti dövründə rus qoşunları Azərbaycandan çıxarıldı, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında mütərəqqi test üsulu tətbiq edildi, Ağdərə istiqamətində uğurlu əməliyyat keçirildi.

Lakin görülən vacib işləri aşağıda sadalananlar tamamilə unutdurdu:

demokratiyanın əsasını təşkil edən prinsiplər – xalqın hakimiyyət mənbəyi kimi tanınması, dövlət işlərinin həllində iştirak etmək hüququ və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsi sistemli şəklində təşəkkülünü tapmadı;

kommunist və demokrat cinahlardan deputatların təmsil olunduqları Milli Məclis buraxılmadı, azad parlament seçkiləri keçirilmədi;

xalqın seçim hüququ unuduldu: baş nazir xalqın 95 faizi narazı olsa belə hakimiyyətdən getməyəcəklərini bəyan etdi, daxili işlər naziri AXC-nin II qurultayında 10 il hakimiyyətdə qalacaqlarını bildirdi;

milli təhlükəsizlik məsələsinin təmin olunması baxımından çox vacib olan DTK arxivinin açılması prosesi həyata keçirilmədi;

əhalinin kasıb olmasına baxmayaraq, çörək və ictimai nəqliyyatın qiymətləri artırıldı, gənclər küçələrdə tutulub əsgərliyə aparıldı;

sərbəst toplaşmaq hüququnu tapdalayaraq, mitinq və piketlərin keçirilməsinə yol vermədilər, buna cəhd edənləri həbs etdilər;

söz və ifadə azadlığı biabırçı duruma salındı, daxili işlər naziri siyasi partiyanın sədrini avtomobilin baqajına dürtdü, başqa jurnalistə qəzet yedizdirdi, digərini döydürüb eynəyini sındırdı, dəvət olunmadan Azərbaycan Televiziyasının canlı efirinə gedib, veriliş iştirakçılarını təhqir etdi, müdafiə naziri canlı efirdə ona tənqidi sual verən jurnalistləri orduya basacağı ilə hədələyirdi, Azərbaycan Dövlət Televiziyası müxalifətin üzünə bağlanmışdı, kütləvi informasiya vasitələrində senzura tətbiq olunmuşdu;

prezident Elçibəy AXC-nin II qurultayında çıxış edərkən tank, top qarşısında dayanan cəbhəçilərin rüşvətin qarşısında əyildiklərini etiraf etdi və sair.

Maraqlısı odur ki, demokratiya dalğasında hakimiyyətə gələnlər bütün bunlara göz yumulmasına, tamamilə başqa yöndən interpretasiya edilməsinə, özlərinə haqq qazandırılmasına çalışırdılar. Çanaq isə xalqımızın və dövlətimizin başında çatladı…

Bu səbəbdən hakimiyyəti müxalifətliklə əvəzlənən həmin qüvvələr indi xalqımızı ürəkdən sevindirən böyük Qələbəni hansısa nadan məmurun və ya ermənilərin təxribatları üzündən təftiş etməyə başlayanda, onların bu məqamda necə hərəkət edə biləcəkləri barədə aydın təsəvvür yaranır. Əminəm ki, onlar da indiki hakimiyyətin addımlarını atardılar…

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*