“Paşinyan tezliklə seçim etməlidir” – Rusiyalı ekspert Ermənistanı “Ukrayna aqibəti” ilə HƏDƏLƏDİbackend

“Paşinyan tezliklə seçim etməlidir” – Rusiyalı ekspert Ermənistanı “Ukrayna aqibəti” ilə HƏDƏLƏDİ

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan İctimai Radiosuna müsahibəsində səsləndirdiyi fikirlər təkcə düşmən ölkədə deyil, region dövlətlərində də müzakirələrə səbəb olub.

Paşinyanın yenə “Moskvanın bostanına daş atması” rusiyalı ekspertləri qıcıqlandırıb. Erməni baş nazir bildirib ki, İrəvan bundan sonra obyektiv və subyektiv səbəblərə görə yalnız Rusiya ilə hərbi-texniki əməkdaşlıq qurmamalıdır:

“Biz kiminlə hərbi-texniki əlaqələr qura biləcəyimizi başa düşməliyik. Əvvəllər Ermənistanın müdafiə sektorunun 95-97%-i Rusiya Federasiyasına həvalə edilmişdi. Amma son hadisələr göstərdi ki, Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir”.

Onun bu açıqlamasına Rusiyadan dərhal reaksiya gəlib və Rusiya Federasiyası Dövlət Dumasının deputatları Paşinyanı sərt tənqid ediblər.

KONKRET.az xəbər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev bir qədər sərt danışıb və Paşinyanın  siyasi kursunun arxasında çirkin planların gizləndiyini bildirib.

Rusiya mətbuatına müsahibə verən deputat Ermənistana xəbərdarlıq etməyi də unutmayıb. Rusiyalı siyasi xadim Ermənistanın KTMT strukturlarından üz döndərməsindən, NATO təlimlərində iştirak etməsindən narazılığını ifadə edib. O, bir qədər də irəli gedərək “İrəvanın  anti-Rusiya demarşının Qarabağdakı hadisələrə səbəb olduğunu” xatırladıb.

Rusiyalı deputatların Ermənistan rəhbərliyinə ünvanladıqları sərt mesajların səslənməsi ilk deyil. Ötən ilin dekabrında həmin Juravlev Ermənistanı tənqid atəşinə tutaraq, Azərbaycanla sülh müqaviləsinin imzalanmaması və sərhədin müəyyən edilməməsi səbəbindən Ermənistan hakimiyyətinini “qəribə” davranışına görə ələ salmışdı.

Dövlət Dumasının digər deputatı Viktor Sobolev Paşinyanın anti-Rusiya ritorikasını alçaqlıq adlandırıb və Paşinyana ABŞ-nin agenti deyib. Ümumiyyətlə, bu qəbildən olan bəyanatlar son vaxtlar Rusiyada həm ekspertlər səviyyəsində, həm də Xarici İşlər Nazirliyi və Dövlət Duması səviyyəsində  tez-tez eşidilir. Hələ ötən ilin oktyabrında TASS Nikol Paşinyanın Vladimir Zelenskinin yolu ilə getdiyini və Ermənistanın özünü Ukrayna kimi aparması barədə silsilə məqalələr dərc edirdi. Moskva bir tərəfdən İrəvanı anti-Rusiya siyasətinin mənfi nəticələri barədə xəbərdar edir, digər tərəfdən Qərbin tələsinə düşən müttəfiqindən əl çəkmədiyinə eyham vurur.

Moskva Ermənistana anti-Rusiya siyasətindən əl çəkməsi barədə  dəfələrlə xəbərdarlıq siqnalı göndərib. Bəlkə də bu xəbərdarlıqdan sonra Paşinyan eyni zamanda iki stulda əyləşməyi bir qədər səngidib. Beynəlxalq Avrasiya Hərəkatının analitik şöbəsinin rəhbəri, rusiyalı politoloq Vladimir Kireyev bildirib ki, İrəvanın Ukrayna yolunu seçməsi Ermənistana baha başa gələ bilər:

“İkili siyasət yürüdən və daim diqqətini Qərbə yönəldən Ermənistan rəhbərliyi anti-Rusiya hərəkətləri ilə Moskvanı  təxribata çəkir. Paşinyan Ermənistanı idarə etdiyi ilk vaxtdan Rusiyanın ideoloji düşməni olduğunu göstərdi və bu günə qədər də öz siyasətinə sadiqdir. Moskva Ermənistan rəhbərliyinin qərbyönlü siyasətinə dözmək niyyətində deyil və hələ də xəbərdarlıq edir ki, İrəvanın bu oyununun gözlənilməz nəticələri ola bilər. İndiki mərhələdə Rusiya ilə Ermənistan arasında münasibətlər zəhərli və problemlidir. Moskva Ermənistan rəhbərliyinin “Rusiya Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz” bəyanatlarından son dərəcə narazıdır.

Moskva Rusiya hərbi bazasının Gümrüdən çıxarılması problemi ilə üzləşərsə, Ermənistana silah satışı və saxlanmasına görə sanksiyalar tətbiq edə bilər. Eyni zamanda, Rusiya qərbyönlü xarici siyasət kursuna sadiq qalacağı təqdirdə Ermənistan üzərində iqtisadi təsir rıçaqlarından istifadə edə və İrəvana maliyyə yardımını dondura bilər. Ermənistanın hərəkətləri getdikcə daha çox Ukraynanı xatırladır və bu, onun gələcəkdə öz dövlətçiliyinin qalıqlarını qorumaq üçün ən yaxşı variant deyil. Hesab edirəm ki, Ermənistan rəhbərliyi  tezliklə seçim etməlidir. Əks halda onları Ukraynanın aqibəti gözləyir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*