Putin ŞAXTA BABA olmayacaq: Rusiyanın TALEYİ Zelenskinin əlindədir – TƏHLİLbackend

Putin ŞAXTA BABA olmayacaq: Rusiyanın TALEYİ Zelenskinin əlindədir - TƏHLİL

Əslində 70 yaşını qeyd edən Putin xalqının Yeni il bayramında şaxta baba funksiyasını daşıya bilərdi. Çünki sanksiyalarla üzləşmiş Rusiya əhli Laplandiyadan xarici hədiyyələr gözləyir. Buna ehtiyacları var. Sadəcə, Rusiyada Yeni il qeyd olunsaydı belə, ruslar “importnu” mal görməyəcəkdilər. Çünki Baydenin timsalında Santa Klausun Putin “Ded Moroz”u ilə arası dəyib. Adətən bu iki qış müjdəçisinin inciklik səbəbi Qar qız olardı. Bu dəfə isə Zelenskidir.

KONKRET.az xəbər verir ki, Rusiyanın taleyi Zelenskinin əlində olan kimi görünür. Sanki Vladimir Kremlinin gündəmini Kiyevli Volodimir müəyyənləşdirir:

– Avropa-Rusiya əməkdaşlığı minimumdadır;

– Rusiyaya qarşı sanksiyalar dayanmır;

– Kreml taxıl və qaz ixracı üçün Türkiyədən asılıdır;

– Putin G-20 kimi sammitlərə qatılmaqdan çəkinir;

– Rusiyada yaşayanların sosial durumu çətinləşir;

– Qiymətlər bahalaşır;

– Son məğlubiyyətlər Putin hökuməti, əsasən də müdafiə sisteminin yeyinti yuvası olduğu şübhələrini artırıb;

– Ən böyük ölkənin Putinin “kruq”u tərəfindən talandığı barədə xəbərlər yayılmaqdadır;

– Qadınlar kişi azlığına görə Putinə etiraz edir və onu rus soyqırımında günahlandırır;

– Səfərbərliyə görə ölkədən qaçanlar çoxalıb;

Görün Zelenski nələri bacardı? Axı əvvəl Rusiyada yaşayanlar az qala Putini bütləşdirirdi. Düzü, Ukrayna liderini qəhrəmanlaşdırmaq niyyətimiz yoxdur, çünki orada da insanlar ölür. Həm də Qərbin Rusiyanı sanksiya və savaş təsbehi ilə sındırması təkcə Zelenskiyə görə deyil. Navalni gərək həbs olunmazdı. Hər halda massonlar Navalninin hakimiyyətə gəlməsinin Yeltsin-Putin əvəzetməsi kimi asan olacağını zənn edirdilər. Çünki 12-13 il əvvəl onlar Putini də dəstəkləyirdilər. Hər nə isə, bu başqa mövzudur. Əsas odur ki, Rusiya Yeni il sovqatı görməyəcək, heç qış bayramını da keçirə bilməyəcək. Kiminsə ağlına gələrdi ki, ən gözəl Yeni il bayramlarının keçirildiyi şəhərlərdən olan Moskvada şaxta olsa da, babası olmayacaq, qar olsa da, qızı olmayacaq?

– Atəşfəşanlıq olmayacaq;

– Yeni il dekorasiyalarına çox diqqət ayrılmayacaq;

Hər halda məhdudiyyətlər diyarlara görə dəyişəcək. Elə bölgələr var ki, bayramdan ümumən imtina edir. Kreml də Yeni ilə ayrılan pulu Ukraynadakı müharibəyə xərcləmək fikrindədir. Amma Rusiyanın ermənipərəst telekanallarında, yəni, demək olar ki, bütün Rusiya efirində yeni il şouları olacaq. Halbuki Rusiyanın Ukraynada 83 min hərbçi itirdiyi deyilir. Söhbət ondan gedir ki, bu gedişlə qış atəşkəsinə nail olunmasa, müharibə bayram tanımayacaq. Yəni cəbhənin o tayında rus əsgərlər öləndə, bu tayındakı ruslar “çastuşka”ya şıllaq atacaqlar. Başqa vaxt mədəniyyətdən danışırlar. Bayram kimi qara bayram, yas-matəm mədəniyyətinin olduğundan xəbərsizdirlər.

Ümumiyyətlə, siyasi prosesləri təhlil edəndə dünyadakı yenilənmə duyulur. Çünki indiyə kimi “Kaşşey bezsmertnı” saydıqlarımızın ləhləməyin görürük. Doğrudan da 2022-nin pələngi 2023-ün dovşanını müəyyənləşdirmək üzrədir. 2023 isə sözün hər mənasında yeni il olacaq.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*