“Putin tələyə düşdü?” – Ukrayna donanmasını gücləndirir – “Daily Express”backend

"Putin tələyə düşdü?" – Ukrayna donanmasını gücləndirir - “Daily Express”

“Ukrayna Dəniz Qüvvələrinin balansına artıq ingilis raket gəmiləri daxil olacaq. Qərb hesab edir ki, hücuma keçməyə hazırlaşan Rusiyanın qarşısını almaq üçün iki hərbi gəmi Böyük Britaniyada , qalan altı gəmi isə Ukraynada inşa olunacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın “Daily Express” nəşri üçün yazılan şərhin müəllifi Kallum Hoara məxsusdur.

O hesab edir ki, Ukrayna Putin Rusiyasının mümkün hücumunu dəf etmək üçün sahil müdafiəsini gücləndirir və İngiltərə hərbi gəmilərlə bağlı Kiyevə kömək əlini uzatmaq üçün əməli fəaliyyətə başlayıb. Baş nazir Boris Conson Rusiya qoşunlarının sərhəddə cəmləşməsi səbəbindən Ukrayna hökumətinə sarsılmaz dəstəyini vəd edib. Ukrayna Prezidenti Vladimir Zelenski Twitter-də Boris Consona NATO üzvlərinin təhlükəsizliyinə qarşı ciddi bir çağırışa qarşı mübarizədə verdiyi dəstəyə görə təşəkkür edib, eləcə də ölkəsinin tək olmadığını və G7 ölkələrinin dəstəyindən istifadə etdiyini vurğulayıb.

Məqalədə daha sonra deyilir ki, “Rus qoşunları yeddi il əvvəl Krım yarımadasını işğal etdikdən sonra qısa müddətdə Ukrayna donanmasının liman müəssisələrini ələ keçiriblər və Sovetlər Birliyi dövründə inşa edilmiş gəmilərin çoxunu tutublar.

Ukraynanın yalnız bir böyük döyüş gəmisi və bir neçə kiçik gəmisi var idi, bu səbəbdən sözügedən ölkə yeddi sualtı qayığı və iyirmi patrul və müşayiət gəmisi ilə Rusiya Qara dəniz Donanmasına tab gətirə bilmədi.

Kiyev Böyük Britaniyadan zirehli artilleriya qayığı olan “Gürzə-M”, bir neçə patrul gəmisi və səkkiz 46 metrlik raket qayığı da daxil olmaqla yeni gəmilər almaq üçün bir proqrama başlayıb.

Vladimir Zelenski 2020-ci ilin oktyabrında İngiltərəni ziyarət edərkən, Müdafiə Nazirliyi ilə 10 il müddətinə 1,25 milyard funt-sterlinq kredit almaq üçün Niyyət Memorandumu imzalanıb və bu müqaviləyə əsasən İngiltərə Ukraynaya müxtəlif təyinatlı hərbi texnika tədarük edəcək. Artıq kiçik hərbi gəmilər yaratmaq üçün ortaq Ukrayna-İngilis layihəsinə başlanılıb.

Mart ayında İngilislərin Ukraynadakı hərbi attaşesi Commodore Tim Voods deyib ki, “Ukraynanın 2035-ci ilə qədər donanma inkişafı üçün olduqca açıq bir strategiyası var. Bu strategiya Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ilə birlikdə hazırlanıb. Bu donanma dənizdən müdaxilənin qarşısını ala biləcək gücə malik olacaq.

Başqa sözlə, belə bir güclə Ukrayna ərazi bütövlüyünün pozulmasının qarşısını alacaq, eləcə də Rusiya Federasiyasının Qara dəniz Donanmasına qarşı güclü maneəyə çevriləcək. Ukrayna Qara dənizdə olduğu kimi Azov dənizinin dayaz sularında da işləyə bilən, göyərtəsində silahları və raketləri olan kiçik sürətli gəmilərə də sahib olacaq”.

Müəllif vurğulayır ki, bu gəmilər sürətli, manevrlidir və onları vurmaq və aşkarlamaq çox çətin olacaq. Belə gəmilər yüksək effektivli raket və artilleriya sistemləri ilə təchiz edilib. Yeri gəlmişkən, ABŞ Kiyevə 34,5 metr uzunluğunda, göyərtəsində yüngül silahlar olan iki qayıq hədiyyə edib. Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyi Türkiyədən də kiçik döyüş gəmisi almağı planlaşdırır. Eyni zamanda hərbi gəmilərdən müdafiəni gücləndirəcək “Neptun” sahil mobil raket sistemləri də alınıb.

Göründüyü kimi, Putin istəmədən Ukraynanın hərbi cəhətdən qüdrətlənməsinə yol açır və bu, yaxın gələcəkdə onu tələyə salan mühüm amillərdən birinə çevirir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*