Qazaxıstanın bu hissəsi ruslar üçün niyə önəmlidir? – ŞƏRHbackend

Qazaxıstanın bu hissəsi ruslar üçün niyə önəmlidir? – ŞƏRH

Tokayevin xəbərdarlıq edilmədən atəş edilməsi əmri, fikrimcə, doğru bir qərar deyil. Çünki nümayişçilər arasında yalnız terrorçular deyil, sadə xalq da var. Digər tərəfdən ölkəyə gələn qüvvələr – belaruslar, ruslar, taciklər qazaxları yaxşı tanımırlar. Bundan başqa Rusiya və Ermənistanda sosial şəbəkə istifadəçiləri arasında “gedin müsəlmanları, türkləri öldürün” deyənlərin sayı artmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin Ölkə TV kanalında Qazaxıstandakı hadisələri şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Alim rus siyasətçilərin Qazaxıstanın şimalının rus torpağı olması haqqında çıxışlarına diqqət çəkib:

“Jirinovski başda olmaqla, Rusiyada bəzi siyasətçilər və fanatik millətçi qruplar “Qazaxıstan” deyə bir dövlət olmadığını, ölkənin isə şimalının keçmiş rus torpağı olduğu haqqında danışmağa başlayıblar. Jirinovski son açıqlamasında isə Qazaxıstanın iki yerə bölünməsi və şimal hissənin Rusiyaya birləşdirilməsinin vacibliyi haqqında danışıb. Bəs niyə şimal hissə bu qədər önəmlidir? Xatırlatmaq istəyirəm ki, Qazaxıstan ciddi şəkildə neft və təbii qaz ehtiyatına sahib olan ölkələrdəndir və sözügedən enerji mənbələrinin böyük əksəriyyəti ölkənin şimal-qərbindədir. Bu isə gərgin mübarizəni ortaya çıxaran səbəblərdəndir”.

KTMT qüvvələrinin Qazaxıstanda qalma müddəti məsələsinə də toxunan Toğrul İsmayıl bunun o qədər asan olmayacağını vurğulayıb:

“Məsələnin önəmli olan bir başqa tərəfi isə KTMT qüvvələrinin Qazaxıstanda qalma müddətidir. Qazaxıstan rəsmilərinin və Ankaradakı səfirin bu mövzuda ümidverici çıxışlar etməsinə baxmayaraq, xarici qüvvələrin çıxarılmasının o qədər asan olmayacağını düşünürəm. Müxtəlif bölgələrdə fərqli zamanlarda yaşanan təcrübə də Rusiyanın girdiyi yerlərdən çıxmaq kimi adətinin olmadığını təsdiqləyir. Problemin diqqət çəkən tərəflərindən biri də Rusiya əsgərinin girdiyi yerlərdə separatçılıq meyillərinin artmasının müşahidə olunmasıdır. Hansı ad altında olursa olsun, bir ölkəyə xarici müdaxilə onun müstəqilliyinə və suverenliyinə təhdiddir”.

T. İsmayıl Tokayevin son əmrinin mülki əhali arasında ciddi tələfatlara səbəb ola biləcəyini qeyd edib və meydana gələn hadisələri 20 Yanvar 1990-cı ildəki hadisələrlə eyniləşdirib:

“Verilən əmr mülki əhali arasında tələfatın artmasına səbəb ola bilər. Açıq şəkildə deməliyəm ki, hadisələr 20 Yanvar 1990-cı ildə Azərbaycanda baş verən hadisələrə çox bənzəyir. Onda da SSRİ qoşunları Azərbaycana belə daxil olmuşdu. Qorbaçov da xəbərdarlıq edilmədən atəş edilməsi əmri vermişdi. Guya nizam-intizamı, ictimai sabitliyi bərpa etmək üçün gələn hərbçilər hər tərəfə atəş açırdılar. Əsgərlər 82 yaşında bir qadını evində, siqaret çəkən kişini isə balkonda güllələmişdilər, təcili yardım maşınlarına belə atəş açılmışdı. Türkiyə də Qazaxıstandakı prosesləri diqqətlə izləməli və anında reaksiya verməlidir. Bunlar çox ciddi məsələlərdir. Türkiyə Qazaxıstanın başına gələnlərə biganə qala bilməz və qalmamalıdır”./axar.az

  • Garachanta
    Yanvar 8, 2022 - 20:36

    Nazarbayev Türk Dövlətləri Təşkilatının Ağsaqqalıdır…Onu tezliklə TDT-nin Xarici Siyasət Üzrə Məsul Lider kimi Təyin Etmək Lazımdır…Bu rus gavurlarına yaxşı cavab olacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*