Razmik Akopcanyan: “Nikol Paşinyan özünü və hamımızı aldatmaqla Qarabağın itirilməyəcəyinə inandırmağa çalışır”backend

Razmik Akopcanyan: “Nikol Paşinyan özünü və hamımızı aldatmaqla Qarabağın itirilməyəcyinə inandırmağa çalışır”

KONKRET.az saytı Ermənistanın tanınmış jurnalist və siyasi analitiklərindən biri olan Razmik Akopcanyanın ölkədə baş verən proseslər, Rusiya ilə ciddi problemlər və digər məsələlərdən bəhs edən yazısını oxuculara təqdim edir. İnanırıq ki, yazıda Ermənistanın iç üzü, dünyada mövqeyinin getdikcə sarsılması və samballı müqayisələri oxucuların marağına səbəb olacaq.

“Ölkəmizin rəhbərliyi kurs dəyişikliyi elan edərsə, Qərbin Ermənistana və “Qarabağa” köməyi xeyli artardı. Amma hələlik bu görünmür…Yaxşı siyasətçini pis siyasətçidən rəqibin addımlarını, bəyanat və hərəkətlərinin nəticələrini öncədən hesablamaq qabiliyyəti ilə fərqləndirmək olar. Bu mənada Ermənistanın baş nazirinin sırf yerli səviyyəli bir siyasətçi olduğunu qəbul etməliyik. Yəni bu faktla barışmalıyıq. Velosiped bütün insanlar tərəfindən sevilsə də, velosipedlə avtomobili ötüb keçmək mümkün deyil.

Nikol Paşinyan artıq dinc, məxməri inqilab nəticəsində hakimiyyətə gələn bir siyasətçi kimi Ermənistanın müasir tarixinə düşüb. Heç kim bu nailiyyəti ondan ala bilməz. Eləcə də cəmiyyətdən inanılmaz dəstək alan siyasətçi olmasını da unutmaq olmaz.

Ancaq nə qədər böyük olsalar da, yalnız keçmiş qələbələrin xatirəsi ilə yaşamaq olmaz. Həyat bir yerdə dayanmır.

Həyat daim hər gün yeni tələblər, çağırışlar irəli sürür. Heç də həmişə xalq sevgisi fonunda hakimiyyətə gələn siyasətçilər sonradan yaxşı idarəçi, diplomat olmurlar. Nikol Paşinyanın nümunəsində biz məhz belə bir halı müşahidə edirik. O, sadəcə bacarmır, daşıya bilmir. O, hər hansı bir divarı və ya qalanı ələ keçirmək üçün istifadə edəcəyiniz dağıdıcı vasitədir, qoçbaşıdır. Ancaq bu divar yıxıldıqdan sonra o, çox səhvlər edib.

Bu mənada etiraf etməliyik ki, Paşinyan ermənilər üçün Saakaşvili ola bilmədi. Onlar yalnız öz temperamentlərində və izdihama rəhbərlik etmək qabiliyyətlərində oxşardırlar. Lakin Saakaşvili əsl islahatçı idi, Gürcüstanı çox dərin bir çuxurdan çıxartmağı bacarmışdı. Qərbdə əsl nüfuzlu demokrat kimi tanınmaqda qalır.

Təəssüf ki, Paşinyan belə bir nüfuza sahib deyil. Qərbdən aldığı dəstək də Saakaşvilinin Gürcüstanın başçısı olduğu dövrdə aldığı güclü dəstəklə müqayisədə qat-qat uduzur. Hələ üstəlik, Paşinyan Rusiya ilə münasibətləri mümkün olduğundan da pis vəziyyətə salıb. Bu məsələdə onu əsla Saakaşvili ilə müqayisə etməzdim. Birinci növbədə ona görə ki, Gürcüstan elə əvvəldən Aİ və NATO-ya gedən yolu seçmişdi.

Ermənistan isə MDB, Avrasiya İqtisadi Birliyi və KTMT kimi “təşkilatların” üzvüdür. Üstəlik, Gümrüdəki, əslində işğal bazası olan bir Rusiya bazasını da unutmaq olmaz. Bütün bunlar ölkəmizdə hakimiyyəti ələ alacaq istənilən siyasətçinin əllərini möhkəm bağlayır. Ancaq şans var. Şans – Ermənistanın siyasi kursundakı dəyişikliyi açıq şəkildə bəyan etməkdə idi və hələ də gec deyil. Ölkə rəhbərliyi və şəxsən Nikol Paşinyan bəyan etməlidir ki, Ermənistan Aİ və NATO-ya gedir.

Yalnız bu şəkildə hədəflərini yüksək səviyyədə elan edərək, Rusiyanın təzyiq və təsirindən qurtuluş mübarizəsində Qərbin dəstəyinə arxalanmaq olar. Bəli, bu yolda itkilər və çətinliklər mümkündür. Rusiyanın Gürcüstan və Ukraynanın sivil Avropaya doğru hərəkətinin qarşısını almaq üçün nə etdiyini hamımız görürük. Ancaq, eyni zamanda, görürük ki, çətinliklər və itkilərə baxmayaraq, bu ölkələr yenə də düzgün istiqamətdə irəliləyirlər.

Artıq Aİ ilə vizasız rejimə nail olublar, onların islahatları Qərb tərəfindən dəstəklənir, ABŞ isə onlara ciddi maliyyə yardımı göstərir. Bu yerdə ABŞ Senatının 2020-ci il büdcə layihəsinə Gürcüstana 132 milyon dollar məbləğində rekord maliyyə yardımı ayırması ilə bağlı bir bəndin əlavə edildiyini xatırlatmaq məqsədəuyğundur. Və buna şübhə yoxdur ki, gələcəkdə ABŞ Gürcüstan və Ukraynaya maliyyə yardımını daha da artıracaq.

Ölkəmizin rəhbərliyi kurs dəyişikliyini elan etsəydilər, Ermənistana və “Qarabağa” maliyyə köməyi xeyli artardı. Ümumən Qərbin köməyi də çox artardı. Ancaq indiyə qədər bütün bunlar yoxdur. Hələlik görürük ki, Nikol Paşinyan ilk növbədə özünə yalan danışır və özünü aldadır. Özünü və hamımızı Putinli Rusiya ilə dil tapdığına, bu dövlətin Ermənistanın və “Qarabağın” bu günü və gələcəyinə təhlükə olmadığına inandırmağa çalışır.

Bu bir illüziya, özünü aldatma və Paşinyanın rəqiblərin addımlarını hesablaya bilməməsinə sübutdur. Bəli, məhz rəqiblərin. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin Valday bəyanatları bizə şübhə yeri qoymur ki, qarşımızda Rusiya-Azərbaycan tandemi var. Bakı isə Moskva ilə birlikdə bizə olan təzyiqini artıracaq. Və bu şəraitdə qurtuluşu Paşinyandan yox, hər birimizdən, erməni xalqından gözləmək lazımdır. Biz bacaracağıq, amma Ermənistanın Baş naziri postunda Nikol olmasa, daha yaxşı bacararıq”…

Tərcümə etdi: Rəhim ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*