Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın pilotlu uçuşlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Ona görə də təcavüzkar ölkə daha çox pilotsuz təyyarələrdən istifadə etməyi planlaşdırır.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı Britaniya Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayıb.
“Ukraynanın etibarlı hava hücumundan müdafiə sistemi cəbhə xəttindən kənarda pilotlu uçuşları demək olar ki, tamamilə məhdudlaşdırıb, ona görə də Rusiya çox güman ki, bunun əvəzinə daha çox İHA-dan istifadə etməyə məcbur olub, – deyə kəşfiyyat yazır.

Həmçinin bildirilir ki, Böyük Britaniya Ukraynaya müdaxilədə iştirak edən daha 65 fiziki şəxs və müəssisəyə qarşı sanksiyalar tətbiq edib. Belə ki, Rusiyanın “Orion” pilotsuz təyyarələrinin əsas istehsalçısı olan Rusiyanın müdafiə şirkəti Kronstadt xüsusi sanksiyalara məruz qalıb.
Sevinc Paşayeva,
KONKRET.az
