“Baydenin Putinlə bağlı açıqlamaları Rusiya ilə ABŞ arasındakı münasibətləri pozmaq həddinə çatdırıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
“ABŞ prezidenti Co Baydenin Vladimir Putin haqqında qəbuledilməz bəyanatları iki ölkə arasındakı münasibətləri qırılma nöqtəsinə çatdırır” – deyə Xarici İşlər Nazirliyi bildirib.
Bayden keçən həftə Putini “müharibə cinayətkarı” hesab etdiyini deyib. Bununla bağlı ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib:
“Amerika prezidentinin yüksək rütbəli dövlət xadiminə yaraşmayan bəyanatları Rusiya-Amerika münasibətlərini pozur. Sallivana xəbərdarlıq edilib ki, Rusiyaya qarşı hərbi əməliyyatlar qətiyyətlə dəf ediləcək” – nazirllik vurğulayıb.
Baydenin sözlərini RİA Novosti-yə şərh edən Kreml sözçüsü Dmitri Peskov isə ABŞ-ın bombardmanlarından dünyada yüz minlərlə insanın öldüyünü xatırladıb. Bu cür ritorikanın qəbuledilməz və bağışlanmaz olduğunu deyib. Peskov vurğulayıb ki, bu, Amerika prezidentinin Putinə qarşı ilk təhqiri deyil.
Çeçenistan lideri Ramzan Kadırov isə əvəzində Baydeni özünü dünya jandarmı rolunda təsəvvür edən manyak adlandırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
