Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Skandinaviya sülhməramlılarını Qarabağa göndərmək çağırışına cavab verdi.
KONKRET.az xəbər verir ki, Rusiyanın populyar “NEWS.ru” portalı bu barədə məlumat yayıb.
ABŞ-ın Dağlıq Qarabağda Skandinaviya sülhməramlılarını yerləşdirmək çağırışı təklifdən başqa bir şey deyil. Lakin Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələləri münaqişə tərəfləri ilə müzakirə olunmalıdır.
“Amerikalılardan bu fikir və təkliflərin haradan ağıllarına gəldiyini soruşmalıyıq. Sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün mümkün mexanizmlərin bütün parametrləri münaqişə tərəfləri ilə məsləhətləşmədə razılaşdırılmalıdır. Tərəflərinsə bu məsələ ilə bağlı mövqeyini sizin kimi eyni şeyi biz də bilirik”, – deyən Rudenko TASS-a bildirib.
Daha əvvəl NEWS.ru portalının yazdığı kimi, ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Robert Obrayn Qarabağda Skandinaviyadan olan sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyünü bəyan etmişdi. Onun fikrincə, ABŞ və ya qonşu ölkələr də daxil olmaqla Minsk qrupunun həmsədr ölkələri, Dağlıq Qarabağ münaqişəsi zonasında heç bir silahlı sülhməramlı qüvvələrin tərkibində olmamalıdır.
Haşiyə: ABŞ-ın bəyanatına Rusiyanın bu cür aqressiv münasibəti başa düşüləndir.Çünki, Qarabağda hansı ölkənin sülhməramlısının olması əslində problemin siyasi həllində o ölkəni açar rolu anlamına gətirir. Ona görə də Rusiya bütün vasitələrlə bu açara sahib çıxmaq istəyir. Baxmayaraq ki, bu məsələdə son söz sahibi Azərbaycandır. Çünki Qarabağ Azərbaycandır.
Surxay Atakişiyev,
KONKRET.az
