Dövlət Dumasının aqrar məsələlər üzrə komitəsinin sədr müavini Ayrat Xayrullin Tatarıstanda özəl vertolyotun qəzaya uğraması nəticəsində həlak olub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, deputat və pilotun köməkçisi son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, faciəyə səbəb pis meteoroloji şərait və ya texniki nasazlıq ola bilər. Bununla yanaşı, KİV hesab edir ki, kabinada təcrübəli pilot olub.
Tatarıstanda fevralın 7-də qəzaya uğramış Bell 407 helikopteri etibarlı olub. Bu sözləri gazeta.ru-ya hərbi elmlər namizədi, uçuş təhlükəsizliyi üzrə ekspert Aleksey Vlasov deyib.
“Bu vertolyot texniki göstəricilərinə görə kifayət qədər etibarlı idi. Əgər qəza pis meteoroloji şəraitdən yaranıbsa, onda ehtimal ki, görüntü pis olub”, — deyə ekspert bildirib.
Onun sözlərinə görə, Bell 407-ni idarə etmək kifayət qədər asandır.
Dövlət Dumasının vitse-spikeri Sergey Neverov deputatın ölüm faktını artıq təsdiqləyib.
FHN də bu barədə geniş açıqlama verib.
Mənbə bildirir ki, Bell 407 vertolyotu Tatarıstanın Laişev rayonunda Kazandan 30 km məsafədə qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, vertolyot aşağı hündürlükdə uçub. KİV mənbələrə istinadən xəbər verir ki, pilot məcburi enməyə cəhd edib, lakin idarəetmənin öhdəsindən gələ bilməyib.
Teleqram-kanal Mash xəbər verir ki, xilasedicilər düşmə yerinə çataraq, ilk növbədə sağ qalanları tapıblar və onları sahilə aparıblar. Pilot Javdat Süleymanov və Xayrullinin köməkçisi Ramis Qazizov huşsuz olublar. Sonra xilasedicilər Xayrullinin cəsədinin arxasınca qayıdıblar. O, helikopterin altında sıxılıb qalıb. İndi mütəxəssislər bədənin necə çıxarılacağına və nəqliyyatın mürəkkəb ərazidən necə evakuasiya ediləcəyinə qərar verirlər.
Hadisə yerinə Laişevski xilasetmə qarnizonunun rəisi və Tatarıstan Respublikası Fövqəladə Hallar Nazirinin müavini gəlib.
Sosial şəbəkədə qəza yerindən şəkillər dərc olunub.
Nəqliyyat üzrə Privoljsk istintaq idarəsi helikopterin qəzaya uğraması ilə əlaqədar araşdırmaya başlayıb.
İlkin versiyaya görə, qəzaya pis hava şəraiti səbəb ola bilər. Bunu Rosaviasiya mətbuat xidmətindən bildiriblər. KİV mənbələrə istinadən bildirir ki, qəzaya texniki nasazlıqlar da səbəb ola bilər.
Ayrat Xayrullin Tatarıstanda anadan olub və böyüyüb. 1991-ci ildə Kazan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri doktorudur.
Ali məktəbi bitirdikdən sonra Xayrullin sahibkarlıqla məşğul olub, xüsusilə mineral su və qaz istehsalı zavodunu və “Regina” şirniyyat fabrikini yaradıb. O, həmçinin süd zavoduna rəhbərlik edib.
1995-ci ildə 24 yaşında Xayrullin Kazan Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. 2003 – cü ildən Dövlət Dumasının Aqrar Siyasət Komitəsinin tərkibində deputat olub. Mərhumun həyat yoldaşı, iki oğlu və qızı var idi.
Babək Göyüş
KONKRET.az
