Rusiyalı müğənni Yuliya Çiçerina bayrağın təhqir olunmasında ittiham olunur: onu ömürlük həbs gözləyir
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanları Enerqodar meriyasının binasından Ukrayna bayrağını götürən sənətçini Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham edir.
Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünü dəstəkləyən rusiyalı müğənni Yuliya Çiçerina şübhəli elan edilib.
Müstəntiqlər müəyyən ediblər ki, “rus dünyası” tərəfdarı Ukraynanın dövlət bayrağını ləkələyib və konstitusiya quruluşunu devirməyə çağırıb.
“Ukrayna qanunlarına görə, şübhəli şəxs ömürlük həbs cəzası ilə üzləşə bilər”, – deyə polis bildirib.
İstintaq müəyyən edib ki, 2022-ci il martın 21-də rusiyalı ifaçı Çiçerina Enerqodara gəlib və işğalçılarla birlikdə meriya binasının damından Ukrayna bayrağını çıxarıb. Cinayət kiber polis, UTX və Baş Prokurorluğun əməkdaşları tərəfindən sənədləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu da öyrəniblər ki, 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü başlayandan bəri Rusiya Federasiyasının vətəndaşı Yuliya Çiçerina işğalçı ölkənin hərəkətlərini dəstəkləmək üçün dəfələrlə çıxış edib.
Xuraman Etibarlı,
KONKRET.az
