Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn general-mayor Polad Həşimovun ailəsini ziyarət edib.
KONKRET.az-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, səfir Cahit Bağcı Polad Həşimovun anası Səmayə Həşimova və digər ailə üzvləri ilə görüşüb.
Türkiyəli səfiri Hərbi Attaşe, Briqada generalı Zəkəriyə Yalçın və Dini Xidmətlər üzrə Müşaviri Zəki Yavuzyılmaz müşaiyət edib. Görüş zamanı Quran oxunub və şəhidlərin ruhuna dualar edilib.

Səfir Cahit Bağcı general-mayor Polad Həşimovun və onun timsalında bütün şəhidlərin qəlbimizdə yaşadığını deyib.
Şəhid generalın anası Səmayə Həşimova səfirə ziyarətindən dolayı öz təşəkkürünü bildirib. Eyni zamanda Vətən müharibəsində göstərdiyi dəstəyə görə, başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün Türk xalqına minnətdarlığını ifadə edib.

Səfir Cahit Bağcı Səmayə ananın əllərindən öpərək ona Türkiyə bayrağını hədiyyə edib.

Xatırladaq ki, general-mayor Polad Həşimov Ermənistanın 12 iyul 2020–ci tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatların (Tovuz döyüşləri) qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın “Milli qəhrəman”ı adı verilib.

Müşviq Tofiqoğlu
KONKRET.az
