“Sən düzəlişini et, gör Azərbaycan nələr düzəldir…” – ƏTRAFLIbackend

"Sən düzəlişini et, gör Azərbaycan nələr düzəldir..." - ƏTRAFLI

ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı ifrat ermənipərəst konqresmen Frank Pallonenin təklif etdiyi düzəlişi qəbul etməsi xəbərindən təəccübləndikmi? Qətiyyən! Çünki Azərbaycanın əzəli torpaqlarının 30 ilə yaxın işğalına, milyona yaxın azərbaycanlının yaşamaq hüquqünun kütləvi surətdə pozulmasına, ölkəmizin ədalət və haqq çağırışına göz yumanların, ermənilərin “Artsax” mərəzinin pandemiya halını almasını dəstəkləyənlərin başqa cür hərəkət edəcəyini gözləmək mənasızdır.

Bir anlığa təsəvvür edək ki, hər şey tərsinədir. Tutaq ki, Azərbaycan qonşusu Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-ni zəbt edib və 30 ilə yaxın müddət ərzində beynəlxalq qanun normalarına zidd olaraq həmin torpaqları işğalda saxlayıb. Bu dönəmdə 1 milyona yaxın dinc ermənini qaçqın və məcburi köçkün durumuna salıb. Yurdlarından məhrum olunmuş ermənilər ilanların süründüyü çöllərdə qurulmuş çadır şəhərçiklərində, İrəvandakı yataqxanalarda, sanatoriyalarda yerləşdiriliblər. Ermənistanın şəhərlərindən birində Xocalı soyqırımına bənzər dəhşətli hərbi cinayət törədilib. Həmin ərazilərdəki şəhərlər və kəndlər xarabalığa çevrilib, tarixi-mədəni abidələr məhv edilib, hətta qəbiristanlıqlar dağıdılıb, məzarlardakı sümüklər ətrafa səpələnib və ya yoxa çıxarılıb, kilsələrdə donuzlar saxlanılıb, müqəddəs məkanların divarlarına təhqiramiz sözlər həkk edilib. Məğlubiyyət nəticəsində geri çəkilərkən isə ərazilər kütləvi şəkildə minalaşdırılıb, evlər yandırılıb…

Çayları sənaye tullantıları ilə çirkləndirmək, meşələrə od vurmaq, ağacları kəsmək yolu ilə Ermənistana qarşı dəhşətli ekoloji terror törədilib.

Təmas nöqtəsinə yaxın ərazilərdə yaşayan mülkü əhalini müntəzəm olaraq artilleriya atəşinə tutmaqla qadınlar, uşaqlar, ahıllar öldürülüb. Ermənistanın 4 min vətəndaşı əsir götürülüb və onların taleyi indiyədək məlum deyil.

Təhdid yolu ilə milli azlığın nümayəndəsi olan erməni vətəndaşı İrəvanın metro stansiyalarından birində terror aktı törətməyə sövq edilib. Ermənistanın ikinci şəhəri olan Gümrüyə gecəyarısı raketlər atmaqla yaşayış məskənləri və infrastruktur darmadağın edilib və yuxuda olan dinc, günahsız insanları qətlə yetirilib. Günorta raket zərbəsi endirməklə başqa bir şəhərdə isə insanlar maşınlarında yandırılıb.

Ermənistanın qızıl mədənləri Fransanın və digər ölkələrin şirkətlərinə icarəyə verilib, onlar vəhşicəsinə istismar edilib.

Üstəlik, Ermənistanın dövlət müstəqilliyinin təmin olunmasında böyük rol oynayan beynəlxalq neft-qaz kəmərlərini ələ keçirmək və yeni ərazilərin işğal olunması məqsədilə hərbi təxribatlara əl atılıb və genişmiqyaslı hücum əməliyyatlarına başlanılıb və sair.

Təsəvvür edirsinizmi, bu halda ABŞ Konqresi ölkəmizə qarşı hansı addımları atardı? Bütün dünyanı ayağa qaldırar, ən ağır sanksiyaların Azərbaycana tətbiq olunmasına dair qərarlar çıxarar, 24 saat ərzində Azərbaycan qoşunlarını Ermənistandan çıxmağa və dövlətimizi əbədi olaraq ermənilərə təzminat ödəməyə məcbur edərdi.

Nə yaxşı ki, yuxarıda sadalanan təcavüzkar, terrorçu və faşist xislətə məxsus davranış Azərbaycan dövlətinə və xalqına xas deyil. Dövlətimiz və xalqımız belə alçaq, insanlığa sığmayan əxlaqın sahibi deyil.

Cənubi Qafqaz bölgəsində faşist, xəstə təfəkkür və təxəyyülün ünvanı artıq bütün dünyaya bəllidir. Bu – Ermənistandır. Lakin 30 il ərzində ABŞ Konqresinin Nümayəndələr Palatasının Ermənistanı sərt şəkildə qınayan, ən əsası, bu təcavüzkar dövlətə istənilən maliyyə dəstəyini, o cümlədən hərbi yardımları dayandıran qərarlarını görməmişik. Üstəlik, ABŞ Konqresi Azərbaycanın əzəli torpağı olan Qarabağ bölgəsini işğal edən erməni separatçılarından da yardımı əsirgəməyib.

Xoşbəxtlikdən, istər ABŞ Konqresinin ermənipərəst üzvləri, istərsə də erməni təcavüzkarlığına havadarlıq edən digər dövlətlər Azərbaycan xalqının əzminə və gücünə qalib gəlməkdə acizdirlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin qüsursuz xarici siyasi kurs yürütməsi və diplomatik ustalığı ölkəmizin beynəlxalq meydanda təklənməsinin qarşısını alıb. Türkiyə və Azəbaycan Prezidentləri demişkən, dünya ABŞ-ın da daxil olduğu 5 ölkədən ibarət deyil.

Artıq çox gecdir: Türkiyə, İsrail və Pakistanla qurulmuş hərbi əməkdaşlıq əlaqələri Pallone düzəlişinin effektliyini heçə endirib. Amma bu düzəliş, belə qərarlar şəxsən Pallonenin, eləcə də Konqresin və ABŞ dövlətinin obyektiv, vicdanlı arbitr olmaq nüfuzunu da aşağılayır. Ən əsası isə, qəhrəman oğullarımızın sayəsində dünya hərb tarixinə əbədi həkk olunmuş möhtəşəm Şuşa savaşı ölkəmizin ABŞ-ın hərbi yardımına ehtiyacının olmadığını sübut edib.

ABŞ-ın pallonesayaq konqresmenləri unudurlar ki, xoruz banlamasa da səhər açılır. Azərbaycan dövlətinin hərbi cəhətdən daha da güclənməsinin qarşısını belə biabırçı qərarlarla almaq mümkün deyil. Kanada hökuməti Türkiyəyə PUA-ları üçün vacib olan elementin satılmasını qadağan etdi. Nə oldu, PUA-ların istehsalı dayandırıldımı? Xeyr. Kanadanın pisliyi özünə qaldı…

Əgər erməni havadarları zəif, təklənmiş, çarəsiz durumda olarkən Azərbaycan xalqını və dövlətini mənfur düşmənə baş əyməyə məcbur edə bilmədisə, güclü vaxtımızda bunu heç edə bilməyəcək. Çünki ədalət və haqq bizim tərəfimizdədir. Biz konqresmenlərin düzəlişlərinə deyil, ədalətə güvənirik!

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*