Sumqayıtda REAL TƏHLÜKƏ: Sahibsiz küçə itlərinə niyə nəzarət edən yoxdur? – VİDEO + FOTOLARbackend

Sumqayıtda REAL TƏHLÜKƏ: Sahibsiz küçə itlərinə niyə nəzarət edən yoxdur? - VİDEO + FOTOLAR

Şəhərlərdə sahibsiz itlərin çoxalması  Azərbaycanda da aktual olan sosial problemlərdəndir. Sahibsiz küçə itləri sakinlərə real təhlükə yaradır. Statistikaya görə 2018-ci ildə ölkə üzrə 20 min nəfərdən çox insan itlərin hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, 2019-cu ilin təkcə 3 ayı ərzində Azərbaycanda 4909 nəfər heyvan zədəsi (cırmaqlama, dişləmə) ilə əlaqəli müvafiq tibb müəssisələrinə müraciət edib.  Qeyri-rəsmi rəqəmlər isə daha çoxdur. Ölkədə hər gün orta hesabla 50-100  nəfəri it dişləyir. Amma bu problem Sumqayıtda özünü daha qabarıq göstərir və sakinləri narahat edir. Son vaxtlar Sumqayıtda sahibsiz itlər həddən artıq çoxalıb.

Bu sarıdan Sumqayıtı Hindistanın tipik şəhərləri ilə müqayisə etmək olar. Bir fərq var ki, orada küçələrdə inəklər, meymunlar rahat şəkildə gəzişir.  Bu şəhərdə isə itlər hər yerdə rahat şəkildə sülənərək insanları narahat edirlər.

Hətta vəziyyət o yerə çatıb ki, itlər sürü halında mikrorayonlarda, binaların həyətlərində, parklarda, küçələrdə  və digər ictimai yerlərdə rahat gəzirlər, buna görə də məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər də vəhşi heyvanlardan çəkinirlər.

İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Sumqayıtda az qala qəhrəmanlıq saymaq olar.

Sumqayıtda  it dişləməsi faktı çox baş verir. İl ərzində yüzlərlə belə hal qeydə alınır. Amma yalnız ölüm faktı olduqda bu məsələ gündəmə gəlir. Bir neçə il əvvəl Sumqayıtda, 10-cu mikrorayon ərazisində it dişləməsindən 20 gün sonra 5 yaşlı Zeynəb Mikayılzadə quduzluq nəticəsində vəfat edib.

Mikayılzadə xəstəxanaya yerləşdirilsə də onu xilas etmək olmayıb. Hücum edən it onu üz və alın nahiyəsindən dişləyib. Bundan başqa bir nəfər kişinin də itlərin hücumuna məruz qalıb öldüyü haqda məlumat yayılmışdı.

Sahibsiz küçə itləri  həm də yoluxucu xəstəliklərin mənbəyidir. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatçılıq doğurur. Gecə vaxtı onların səs-küy salaraq hürüşməsi və insanların istirahətini pozması adi hala çevrilib.

Görünür it dişləməsindən kimsə həyatını itirməlidir ki, Sumqayıt İcra Hakimiyyəti, Sumqayıt şəhər Təmizlik Departamenti, Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat İstismar Birliyi  hərəkətə keçsin. Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürülər. Amma  bu da çıxış yolu deyil.

Əlbəttə itləri öldürmək də qeyri-insani bir hərəkətdir. Amma Sumqayıtda  insan həyatı, əsasən də azyaşlılar üçün təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarlarda yerləşdirilməlidir. Əslində Sumqayıt İcra Hakimiyyəti rəsmi şikayəti gözləmədən bununla bağlı bir tədbir görməlidir. Çünki İcra Hakimiyyətində işləyənlər də bu şəhərdə yaşayır və problemdən xəbərdardır.

Sumqayıtda küçə itlərindən başqa son zamanlar sahibli itlər də çox narahat edir. Belə ki, son illər şəhərdə it saxlayanların sayı həddindən artıq çoxalıb və sanki dəb halını alıb. İctimai yerlərdə və küçələrdə it gəzdirən cavan oğlanların, qızların sayı artıb. Çox zaman onların gəzdirdikləri itlərin ağızlığı belə olmur ki, bu da  ətrafdakıları narahat edir.

Köpək itlərinin parklarda gəzdirilməsi həmçinin insanların istirahət hüququna mane olur, gigiyena və təhlükəsizlik baxımından da təhlükə yaradır. İctimai yerlərdə itlərin ağızlıqsız gəzdirilməsinə görə, qanunla cərimə də nəzərdə tutulub. Amma buna da nəzərət edən yoxdur.

Faiq Hüseynov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*