Şuşanın işğaldan azad olması dünya düzənini dəyişdirəcək – TƏHLİLbackend

Şuşanın işğaldan azad olması dünya düzənini dəyişdirəcək - TƏHLİL

Surxay Atakişiyev

Bu gün başqa bir gündür. Bu günün sevincini, nəşəsini ifadə eləməkdə Əlahəzrət SÖZ də acizdir. Çox təəssüf ki, xalqımızın sevincinə dünya mətbuatı çox qısqanclıqa yer ayırdı. İstər Rusiya, istər Qərb mətbuatı Şuşanın işğaldan azad olunmasını iki cümlə ilə qeyd etdilər. Amma bir məqalənin başlığı məni sadəcə valeh etdi. Bu başlıq əslində bu günün azərbaycanlılar üçün hansı anlama gəldiyini çox gözəl ifadə etmişdi. Fransanın məşhur  “Le Monde” qəzetinin tirajladığı xəbərin başlığına fikir verin: “Dağlıq Qarabağın Qüdsü” Azərbaycan ordusunun nəzarətinə keçdi”.

Afərin, min dəfə, milyon dəfə afərin. Şuşanın Azərbaycan üçün nə anlam daşıdığını fransızlar, sən demə bizdən də yaxşı bilirlərmiş. İlk dəfə eşitdiyim  “Qarabağın Qüdsü” ifadəsi məni də hislərimi ifadə etmək çətinliyindən qurtardı. Çünki Şuşa hər bir azərbaycanlı üçün qibləgah idi. 28 il idi ki, qibləmizi itirmişdirk. Və nə mutlu bizə ki, 28 il sonra qibləmizi tapdıq, qibləmizə tapındıq. Ona görə də Şuşanın bizim üçün daha hansı mənalar kəsb etdiyi üzərində çox dayanmayacağam. İnşallah bundan sonra  bu barədə o qədər qiymətli fikirlər, sözlər deyiləcək ki…

Amma mən Şuşanın alınmasının hərbi-siyasi əhəmiyyəti barədə fikirlərimi dəyərli oxucularımızla bölüşmək istəyirəm. Şuşanın alınması İkinci Qarabağ savaşında Azərbaycanın tam (qəti yox, haaa) qələbəsinə təminat yaratdı. Çünki bu mənim yox, dünyanın aparıcı hərbi ekspertlərinin qənaətidir ki, Şuşa kimdədirsə, diqtə edən tərəf də odur.

Nəhayət ki, son 30 ildə ağrılı Qarabağ problemində Azərbaycan diqtə edən tərəf oldu. Yəqin ki, Ermənistan yaxın günlərdə kaputulyasiyaya hazır olduğunu etiraf edəcək. Çünki Şuşa Ermənistanla Xankəndi və ermənilərin yaşadığı digər məntəqələr arasında bir qaladır. Artıq Ermənistan ordusu Qarabağda mühasirə şəraitindədir. Ona görə da zəif təminatı olan Ermənistan ordusunun bundan sonra qüdrətli Azərbaycan Ordusu qarşısında hansısa müddətə duruş gətirəcəyi heç də real görünmür. İnşallah bu gedişlə yaxın bir-neçə gündə digər ərazilərimizin də erməni işğalçılarından azad olunması xəbərini Ali Baş Komandanımızdan eşidəcəyik. Bu məsələnin hərbi tərəfi.

Məsələnin siyasi tərəfi isə daha qürurvericidir. Belə ki, Qarabağ savaşında Azərbaycanın zəfəri olkəmizi regionda de-fakto güc mərkəzinə çevirmiş oldu. Son 40 günlük müharibə göstərdi ki, Azərbaycan “dılğır” Ermənistanla deyil, onun havadarları ilə də üz-üzə dayanıb.

Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev  bəyan etdi ki, “dünyada yeni düzən formalaşır. Bu düzəndə Azərbaycan öz reallıqlarını diqtə edir”. O vaxt Şuşa xoşbəxtliyindən çox uzaqda idik. Sən demə, bu, dünyaya bir mesaj imiş. Azərbaycan dövlətinin qazanacağı böyük qələbələrin xəbərdarlığı imiş. Bu gün böyük qələbələrin birincisinin sevincini yaşayırıq. Davamı isə daha möhtəşəm olacaq. Çünki böyük qələbələr yolunda Azərbaycan tək deyil. Bu günki zəfərə 28 ildir ki, Türkiyə Azərbaycanla birgə addımlayır. Və budur “sevinci sevinc, kədəri kədərdə bir olan” “bir millət, iki dövlət” Azərbaycan – Türkiyə möhtəşəm cütlüyü  türk və islam dünyasına deyil, bütün bəşəriyyətə yeni rallıqlar diqtə edir.

40 gündə dünyadakı 150 milyonluq azərbaycanlı və türklər birgə nəfəs aldı, bir yumruq kimi birləşdi. Nəticə isə çox möhtəşəm oldu.

Son 40 gündə dünya birliyi Emənistanın işğalçılıq və terrorçuluq siyasətini müdafiə etməkdən bir qədər usandı, bir qədər  tərəddüd etdi. Fransa, Almaniya, ABŞ bir yana, hətta Rusiya açıq şəkildə bəyan etdi ki, “biz kimlərə görəsə dövləti maraqlarımızı təhlükəyə ata bilmərik”.

Bax, budur Şuşanının işğaldan azad olmasının ən böyük siyasi əhəmiyyəti. Azərbaycan dünyaya bir günəş kimi doğur. Bu günəşin ilıq istisi hələlik BMT, Avropa və daha kimlər tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin 30 illik dondurulmuş buzunu əridir. Yaxın gələcəkdə isə bu işıq çox qaranlıqları aydınlaşdıracaq. Dünya isə yeni düzənlə razılaşır.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*