Aktyor Nofəl Şahlaroğlunun adı dələduzluqda hallandırılır.
Bu barədə bəzi sosial şəbəkə istifadəçiləri ifşa məlumatları paylaşıb. Aktyorun bir neçə aydır müxtəlif bəhanələrlə yüzlərlə adamdan pul qopardığı deyilir. İddialara görə, o, qumar borcunu ödəmək üçün hətta övladının adından belə istifadə edir.
KONKRET.az məsələ ilə bağlı Nofəl Şahlaroğlu ilə əlaqə saxlayıb.
Aktyor haqqında irəli sürülən ittihamlara belə cavab verib: “O deyilənlər bir müddət əvvəl olan şeylərdi. Doğrudan da problemlərim vardı. Hələ də çətinlikdəyəm, ailəmlə, uşağımla əziyyət çəkirik”.
İnsanlardan pul istədiyini etiraf edən sənətçi bildirib ki, hər bir insanın həyatında müəyyən səhvləri var: “Mənim də səhvlərim olub. Allah günahımdan keçsin. Kiminsə haqqına girmişəmsə, halal eləsin”.
Aktyor əlavə edib ki, bəzən insan yüksələndə onu “vurmaq” istəyənlər də olur.
Xatırladaq ki, Nofəl Şahlaroğlu tanınmış opera müğənnisi, xalq artisti Şahlar Quliyevin oğludur.
Sevinc Paşayeva,
KONKRET.az