“The Washington Times”: “Azərbaycan suriyalı yaraqlılarla bağlı iddiaları rədd edir”backend

"The Washington Times": "Azərbaycan suriyalı yaraqlılarla bağlı iddiaları rədd edir"

Türkiyənin Azərbaycana Ermənistanla döyüşmələri üçün suriyalı yaraqlılar göndərdiyi haqda deyilənlər yalandır. Bunu Azərbaycanın Vaşinqtondakı səfiri deyib. Onun sözlərinə görə, Qərb mediasını çaşdırmağa hesablanmış bu xəbərlər Rusiyanın təbliğatıdır.

Bu iki postsovet respublikası hazırda Ermənistanın nəzarətində olan Dağlıq Qarabağ bölgəsi uğrunda mübarizə aparır. Hələlik döyüşlərin səngidiyi haqda heç bir xəbər yoxdur. Odur ki, Türkiyə və digər güclərin regional müharibəyə cəlb olunacağı ilə bağlı narahatlıqlar var.

“Mən məktəbi Moskvada oxumuşam. Odur ki, onların təbliğatı necə aparıldıqlarını yaxşı bilirəm. Bu, Sovet dövründən qalma üsuldur”, – deyə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov nəşrimizə bildirib: “Bir hekayənin yazılması üçün çox güclü virtual cəhdlər edilir. Əslində isə bu, Ermənistana bəhanə vermək cəhdidir. İstəyirlər ki, Yerevan Rusiyanı Azərbaycana qarşı antitteror əməliyyatları keçirməyə çağıra bilsin”, – deyə cənab Süleymanov vurğulayıb.

Ermənistanın Rusiyadakı səfiri hələ ötən ay bildirmişdi ki, Türkiyə Suriyanının şimalından Azərbaycana 4 min yaraqlı göndərib. Elə o vaxtdan Qərb mediası iddia edir ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın xristian Ermənistanı ilə müharibəsində birincilərə suriyalı yaraqlılar kömək edir.

Böyük Britaniyanın “The Guardian” nəşri belə, sentyabrın sonlarında yazırdı ki, suriyalı yaraqlılar Azərbaycanda sərhədçi kimi fəaliyyət göstərə bilmələri üçün Türkiyənin təhlükəsizliklə məşğul olan özəl şirkətilə müqavilə imzalayırlar. Lakin söhbətin konkret hansı şirkətdən getdiyi bəlli deyil.

Bəzi ABŞ mənbələri də “The Guardian” və digər nəşrlərin iddialarının Türkiyənin digər münaqişə bölgələrində həyata keçirdiyi sxemlərə bənzədiyini bildirir. Məsələn, Ankara Moskva ilə “proksi müharibə”də suriyalı muzdlulardan istifadə edir. Digər tərəfdən, Rusiya da xarici münaqişələrdə muzdlulara arxalanır.

Hər halda, yüksək rütbəli Türkiyə rəsmiləri Azərbaycanln istəyəcəyi təqdirdə, oraya ordu göndərməyə hazır olduqlarını deyirlər. Lakin o da bildirilir ki, Bakının Ankaradan indiyədək belə istəyi olmayıb.

Maraqlıdır ki, ABŞ kəşfiyyatındakı mənbələr Liviyada istər Türkiyə, istər də Rusiyanın muzdlulardan istifadə etdiyini bildirir. Ankaranın cihadçılarla əlaqəli keçmiş suriyalılardan, Kremlinsə “Vaqner” qrupuna bağlı döyüşçülərdən yararlandığı deyilir.

Azərbaycanın ermənilərlə mübarizədə suriyalı yaraqlılardan istifadə etdiyi haqda iddialara gəlincə, cənab Süleymanov bunu inkar edir. Onun fikrincə, bu, “tənbəl jurnalistika”nın Qərb mediası vasitəsilə dezinformasiya yaymaq cəhdidir.

Azərbaycanlı səfir bu iddiaları “Vaşinqton Post”a hələ oktyabrın ortalarında verdiyi açıqlamasında da təkzib etmişdi. O zaman qəzet yazırdı ki, guya 52 suriyalının cəsədi soyuducu qoşqulu maşınlarla cəbhə bölgəsindən Suriya-Türkiyə sərhədinə göndərilib.

“Bu iddiaların sübutu yoxdur”, – deyə cənab Süleymanov vurğulayıb: “Azərbaycanda bir dənə də suriyalı döyüşçü cəsədi tapılmayıb”.

Səfir bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin belə döyüşçülərə, xüsusilə sünni cihadçı qruplarla əlaqəli yaraqlılara ehtiyacı yoxdur. Qeyd edək ki, Azərbaycan əhalisinin əksəriyyəti şiə müsəlmanıdır.

İstənilən halda, belə məlumatlar etnik ermənilərin yaşadığı Dağlıq Qarabağda zorakılığın arta biləcəyinə dair narahatlıq yaradır. Münaqişənin regional müharibəyə çevrilə biləcəyilə bağlı da narahatlıqlar var.

Bu münaqişədə Türkiyə əhalisinin əskəriyyəti müsəlman olan Azərbaycanı, Rusiya isə xristian Ermənistanını dəstəkləyir. Bölgəyə suriyalı yaraqlıların cəlbilə bağlı iddiaları Türkiyə rəsmiləri də qəti şəkildə təkzib edir.

Müəllif: Qay Teylor

Mənbə: The Washington Times

İngilis dilindən tərcümə – WorldMedia

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*