Deyirlər ki, ailə kiçik dövlətdir. Dövlət kimi ailənin da idarəsi çətin və məsuliyyətli işdir. Xüsusilə, büdcənin düzgün şəkildə planlanması və idarə edilməsi çox vacibdir. Lakin hər kəs bu işdə uğurlu olmur. Bəs görəsən, ailədə büdcənin planlanması əslində necə olmalıdır? Planlama zamanı hansı səhvlərə yol veririk?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, büdcə planlaması hər bir ailənin gəlirlərindən asılı olaraq da həyata keçirilir:

“Hər ailədə kommunal xidmətlər və digər aylıq mütləq ödənilməli vəsaitlərlə bağlı büdcədən pul ayrılır. Kommunal xərclər həyatımızın vazkeçilməz hissələridir. Büdcə planlaması gəlirlərdən asılı olsa da, ilk növbədə bu xərclər nəzərə alınır və adətən gəlirin 15-20 faizi bu xərclərə ayrılır. Orta statistik azərbaycanlı ailəsi büdcənin 50-55 faizini ərzağa xərcləyir. Lakin büdcənin idarə edilməsi məsələsi hər bir ailədə individualdır və gəlirlərdən asılıdır. Gəlirlər nə qədər çox olarsa, büdcə planlaması da ona uyğun şəkildə təşkil edilir. Gəlir azaldıqca ailələr müxtəlif xərcləri ixtisara salmalı olur. Yəni büdcə planlamasında uğurlu nəticə üçün gəlir səviyyəsi də yaxşı olmalıdır”.
İqtisadçının fikrincə, bizə doğru olmayan xərcləmələr əslində ölkə reallığından irəli gəlir:
“Hər bir toplumun özünəməxsus vərdişləri və adətləri var. Bu adətlərin pis və ya yaxşı olması əslində ikinci dərəcəli sualdır. Cəmiyyətdəki adətlər istər-istəməz bəzi xərcləmə instinktlərini də formalaşdırır. Elə adam var ki, aylıq maaşından üç-dörd dəfə baha qiymətə mobil telefonu, avtomobili kreditlə alır. Bizdə ailələr toydan öncə büdcənin əhəmiyyətli hissəsini övladına mebel və digər əşyalar almağa sərf edir. Bu adət gənc ailələrə maddi dəstək məqsədi daşıyır. Çünki gənc ailələrin valideyn və ya digər yaxınlarının birbaşa iştirakı olmadan, mənzil alması və ya mənzil şəraitin yaxşılaşdırması çətindir. Yəni, bir çox qaydalar reallıqdan qaynaqlanır. Məsələn, Qərb ölkələrində gənclər müxtəlif sosial ipotekalardan yararlanaraq aşağı faizlə mənzilə çıxış əldə edə bilir. Bizdə isə bu, çox çətindir. Ona görə də, büdcə planlamasında bizə doğru olmayan xərcləmələr əslində ölkə reallığından irəli gəlir”.
Psixoloq Elnur Rüstəmov hesab edir ki, uğurlu büdcə planlamasında stabil gəlir vacibdir:

“Büdcə planlaması hər ailədə fərqlidir. Ailə psixologiyası ilə bağlı yazılan kitablarda da, reallıqda da görürük ki, ailəyə qazancı daha çox kişi gətirir. Qadın isə bu pulu müvafiq qaydada xərcləyir. Ev üçü nəyin lazım olduğunu qadın daha dəqiq bilir. İndi elə ailə var ki, bir üzvü, elə ailə də var ki, dörd üzvü də çalışır. Burada vacib olan büdcənin müəyyənləşdirilməsidir. Büdcə planlama qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir. Burada evin xərclərindən tutmuş istirahətin təşkilinə qədər bütün məqamlar nəzərə alınmalıdır. Azərbaycan ailəsində qazancın və evin idarə edilməsində qadınlar kişilərdən daha aktiv olur. Çünki qadınlar daha punktual və dəqiqdir. Lakin uğurlu büdcə planlamasında stabil gəlirin olması mühüm oynayır. Bu zaman büdcəni formalaşdırmaq bir o qədər də çətinlik yaratmır”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
