Vigen Akobyanın təhlili: “Hadisələrin sonrakı inkişafı həlli biliməyən tənlik kimidir”backend

Vigen Akobyanın təhlili: "Hadisələrin sonrakı inkişafı həlli biliməyən tənlik kimidir"

“Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Qarabağla bağlı razılaşmaları İrəvanda hisslər fırtınasına səbəb oldu. Cəmiyyətin 24 saatdır ki, şok vəziyyətində olduğunu desək, yəqin ki, şişirtmərik. Qarabağ ətrafındakı əhəmiyyətli ərazilərin itirilməsi, Şuşanın əldən verilməsi, böyük insan itkiləri – bu açıq şəkildə Ermənistanın hesablamadığı yekun idi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi texnoloq Vigen Akobyan Ermənistan üçün sensasiya və kapitulyasiya səviyyəsində sayılacaq razılaşmaların mümkün səbəbləri və motivləri barədə danışarkən bildirib.

Gələcək vəziyyətlə bağlı fikirlərini də bölüşən şərhçi qeyd edib ki, “Ermənistan tərəfi bir sıra ərazi güzəştlərinə razı olub. Xüsusilə, bu il noyabrın 15-dək Kəlbəcər rayonunu, 20 noyabr Ağdam rayonunu, 1 dekabr tarixinə qədər Laçın rayonunu Azərbaycana təhvil verməlidir. Döyüşlər zamanı Qarabağın itirilmiş əraziləri, eləcə də Şuşa Azərbaycanda qalır”.

O öz təhlilində daha sonra bunları deyib:

“Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və eyni zamanda Şuşadan yan keçən Laçın dəhlizi (5 km enində) Rusiya sülhməramlılarının nəzarəti altında qalır. Rusiyadan gələn kontingent də Qarabağdakı təmas xətti boyunca yerləşdiriləcək.

Ermənistanda ictimai rəy indi son dərəcə qütblüdür – bəziləri hazırkı baş naziri qınayır, onu milli maraqlara xəyanət edən xain adlandırır, bəziləri isə əhalinin və ordunun mənəviyyatını dağıtdığını iddia edən və eyni zamanda Silahlı Qüvvələri lazımi silahlarla təmin edə bilməyən keçmiş səlahiyyətliləri günahkar sayır.

Baş nazir Nikol Paşinyan da öz növbəsində müharibənin qaçılmaz olduğunu izah edir, çünki bütün bu illər ərzində danışıqların əsas leytmotivi sözdə deyilən yeddi bölgənin Azərbaycana qaytarılması idi. Müharibə başlayanda qələbə qazanmağın mümkün olacağını ümid edən hakimiyyət nəticədə Ermənistan üçün çox ağrılı qərar vermək məcburiyyətində qaldı”.

Bu baxımdan politoloq hesab edir ki, bədnam Madrid prinsipləri lap əvvəldən masada idi:

“Bu, 5 + 2 prinsipi ilə bölgələrin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Ancaq döyüş əməliyyatları zamanı buna düzəlişlər edildi. Döyüşlər zamanı yeni əraziləri tutan Azərbaycan iştahını artırdı. Bunu oktyabrda Baş nazir Paşinyan da söylədi. Beləliklə, Madrid prinsiplərinə istinad edən Ermənistan “ağrılı güzəştlərə” hazır olduğunu bildirdi. Lakin Azərbaycan daha maksimalist mövqe tutdu.

Mütəxəssisin fikrincə, baş nazir “ağrılı güzəştlər” deyərkən Şuşanı da nəzərdə tuturdu. Fakt budur ki, müharibənin əvvəlində Bakı 5 + 2 prinsipini özünün əsas vəzifəsi hesab edirdisə, sonradan bu vəzifələrə yenidən baxıldı. Bu, Azərbaycan Ordusunun Qubadlını ələ keçirdikdən sonra baş verdi.

Azərbaycanın niyə Şuşada dayanmağa və bir neçə kilometr olduğu Stepanakertə getməməyə razı olduğu sualına gəlincə, Akobyanın fikrincə, delimitasiya xətləri ilə bağlı ilkin razılaşma olduğundan vasitəçilər özləri Şuşada dayanmaq lazım olduğuna qərar veriblər:

“Xatırladığımız kimi, iki-üç gün Şuşada kimin olacağı barədə ziddiyyətli söz-söhbətlər dolaşırdı. Mənə elə gəlir ki, sənədin hazırkı versiyası o vaxt sülhməramlıların yerləşdirilməsi ilə bağlı hazırlanırdı.

Bildiyiniz kimi, sülhməramlı kontingentin yerləşdirilməsi beş il müddətinə baş verir. Razılığa əsasən, sülhməramlıların mandatının daha da uzadılması yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür. Nəzəri olaraq, Azərbaycan beş ildən sonra Rusiya qüvvələrinin geri çəkilməsini tələb edə bilər. Akobyan hesab edir ki, indi sülhməramlıların ilk müddətdən sonra qalıb-qalmayacağı barədə birmənalı proqnoz vermək çətindir.

Çox şey Qarabağ ətrafındakı faktiki vəziyyətdən, eyni zamanda Ermənistanla Azərbaycanın hansı vəziyyətdə olacağından, İrəvanla Stepanakert arasında münasibətlərin formasından, Rusiyanın hansı geosiyasi imkanlara vı resurslara sahib olacağından asılı olacaq”. Akobyan bunu həlli bilinməyən bir tənlik hesab edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*