“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” – AÇIQLAMAbackend

“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” - AÇIQLAMA

Ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra onunla əlbir olan və qanunsuz maliyyə alan media rəhbərlərinin də məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib. Belə ki, Vüqar Səfərlinin qeyri-qanuni və saxta yollarla maliyyə ayırdığı media qurumları rəhbərlərinin də həbsi tələb edilir.

Məsələ ilə bağlı səsləndirilən fikirləri KONKRET.az-a şərh edən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu məsələ bir az fərqlidir: “Çünki Vüqar Səfərlinin əməlində cinayət tərkibi olduğu məlumdur. O, ayrılan vəsaiti özününküləşdirərək mənimsəyib. Dövlət maliyyəni mətbuata yardım və dəstək məqsədi ilə ayırıb və bu iş də Vüqar Səfərliyə həvalə olunub. Əgər ödənilən pullarda qeyri-qanunilik yoxdursa, maliyyə alanların heç bir günahı yoxdur. Məsələn, mənim qəzetim varsa və ona KİVDF maliyyə ayırıbsa, günahım nədir? Əgər hər hansı mətbu orqan fonddan dəstək almaq üçün üzərinə düşən vəzifəni icra etmədən pul alıbsa, onun barəsində də cinayət işi başlaya bilər”.

Partiya sədri əlavə edib ki, KİVDF hər mətbuat orqanına maliyyə ayırmırdı: “Məlum olan öhdəlik və vəzifələr var idi. O öhdəliyə uyğun gələn media qurumuna maliyyə dəstəyi verilirdi. Bu, tiraj və oxunma sayı, ictimai rəyə təsiretmə ola bilər. Bu nüanslar olmadan kimlərəsə maliyyə ayrılıbsa, onlar da cinayət məsuliyyətinə cəlb edilə bilər. Düşünürəm ki, Vüqar Səfərliyə cinayət işi açılıbsa, Əli Həsənov da məsuliyyətə cəlb edilməlidir. Çünki bu mexanizmin başında məhz o dayanırdı. Və zamanla bu məsələ öz həllini tapmalıdır. Əgər aşağıdakılar tutulub, bu işlərin başında duran insanlar azadlıqda gəzərsə, bu həbslərin heç bir effekti olmayacaq. Əli Həsənov və bu mexanizmdə iştirak edən insanlar da həbs edilərsə, bu, cəmiyyətdə müsbət rəy yarada bilər. Yəni əməlində cinayət tərkibi olan hər kəs həbs edilməlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*