Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrailin İrana hücumundan sonra başlayan gərginlik birbaşa Azərbaycana təsir etməsə də, ölkənin həm şimalında, həm də cənubunda müharibənin davam etməsi müəyyən narahatlıqlar yaradırdı. Rəsmi Bakı münaqişələrin sülh və beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır və hər zaman tərəflərə vasitəçilik missiyasını təklif edir.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bununla belə, son günlər hər iki müharibə ilə bağlı narahatlıq daha da artıb. Daha dəqiq desək, tərəflər arasında gedən döyüşlər bizim üçün strateji əhəmiyyət kəsb edən Xəzər dənizinə yayılıb.
Belə ki, öncə ABŞ Xəzərdəki dəniz bazasına zərbə endirib. Daha sonra isə Ukrayna Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Ukraynanın İran planı
“Fortune” nəşri iddia edir ki, Ukrayna Xəzər dənizində gəmilərə zərbələr endirməklə ABŞ-ın İran ətrafında blokada halqasını tamamlamağa kömək edir.
Aydın məsələdir ki, Ukrayna tərəfi ABŞ-ın də istəyi ilə belə bir addım atır. Yəni üzdə görünən məqsəd Rusiyanın Xəzər dənizindəki mühüm nöqtələrini sıradan çıxarmaq olsa da, pərdəarxası məqsəd İrana zərbə endirməkdir. Onsuz da Rusiya İrana, İran da Rusiyaya dəstək verir.
Əslində, bizim üçün mühüm məqam proseslərin Xəzər dənizinə sirayət etməsidir. Belə ki, Azərbaycan illərdir Xəzərin hərbiləşməsinin qarşısının alınması istiqamətində aktiv fəaliyyət göstərir. Bakı üçün əsas məsələ Xəzərin sabitlik və əməkdaşlıq məkanı kimi qalmasıdır. Müharibələrin bu hövzəyə qədər uzanması isə enerji infrastrukturu, dəniz nəqliyyatı və regional iqtisadi layihələr üçün əlavə risklər yaradır.
Azərbaycan bu riskin fərqindədir. Bununla belə, istisna deyil ki, emosional qərarlar verməyəcək. Bakı strateji səbir nümayiş etdirərək balanslaşdırılmış xarici siyasətini qoruyacaq və bütün tərəflərlə dialoq imkanlarını açıq saxlayacaq. Bu, olduqca vacibdir. Bakı bu yolla tərəfləri ehtimal danışıqlara cəlb edə və ya belə danışıqların baş tutması üçün cəhdlər göstərə bilər.
Naxçıvan insidenti
Lakin Bakı Naxçıvan insidentində olduğu kimi, sərt üzünü də göstərə bilər. Daha dəqiq desək, Xəzərdə hərbi aktivlik artarsa, Azərbaycan da dəniz sərhədlərinin, enerji infrastrukturunun və strateji obyektlərinin mühafizəsini gücləndirməlidir. Çünki müasir müharibələrdə risk yalnız birbaşa hücumdan ibarət olmur. Logistika marşrutlarının pozulması, enerji layihələrinin hədəfə çevrilməsi və ya ticarət yollarında yaranan qeyri-müəyyənlik də milli təhlükəsizlik üçün ciddi risk hesab olunur.
Əslində, bu vəziyyət bir daha dövlətin Xəzər donanmasına fokuslanmasının nə qədər əhəmiyyətli olduğunu göstərir. Mövcud donanmamız dövlət sərhədlərini qorumaq üçün yetərli olsa da, potensialın artırılması və donanmanın gücləndirilməsi strateji hədəf olaraq qalmalıdır.
