“Yeni dəhliz bu tarixdə hazır ola bilər” – AÇIQLAMAbackend

"Yeni dəhliz bu tarixdə hazır ola bilər" - AÇIQLAMA

Noyabrın 10-da imzalanmış bəyanata uyğun olaraq Laçın dəhlizindən əlavə yeni bir dəhlizin inşası gözlənilir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Laçının alınması ilə bağlı xalqa müraciətində deyib. Yeni dəhliz nə zaman hazır olacaq?

Bununla bağlı KONKRET.az-a danışan deputat Vahid Əhmədov bildirib ki, Laçın dəhlizi üçün 15 kilometrlik sərhəd zonası müəyyən edilib: “Bu gün Laçın şəhərinin içərisindən faktiki yol keçdiyinə görə hələlik oraya Rusiya sülhməramlıları nəzarət edir. Cənab prezident qeyd etdi ki, alternativ yol çəkiləcək. Çalışacağıq ki, o yol üç il ərzində deyil, daha tez çəkilsin ki, Laçın dəhlizi Azərbaycan dövlətinin nəzarətinə keçsin. Bununla da bizim sərhədçilər və gömrükçülər orada yerləşdirilsin. Mənə elə gəlir ki, bu yolun hazır olması çox çəkməyəcək. Bir il və ya il yarıma o yol hazır olacaq. Cənab prezident də bunu xüsusi qeyd elədi”.

Deputat qeyd edib ki, 3-4 ay qalıb ki, Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan bayrağı dalğalansın və milli valyutamız işləsin: “Bu məsələ üçün müəyyən qədər vaxt lazımdır ki, həllini tapsın. Hazırda diqqətimizi işğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsinə yönəltməliyik. Bu baxımdan kommunikasiya xəttləri çəkilməlidir, insanlarımızın rahat yaşaması üçün lazım olan şərait yaradılmalıdır. Bu ərazilərdə işlərimiz çoxdur. Paralel olaraq bu biri məsələlər öz həllini tapacaq. Hesab edirəm ki, bütün bu ərazilər Azərbaycanındır. Azərbaycanın ərazisində də bizim qanunlarımız işləyəcək. Orada yaşayacaq hər kəs Azərbaycan vəgtəndaşı olmalıdır. Azərbaycan vətəndaşı olmayan şəxs orada yaşaya bilməz. Bu, bizim dəyişməz fikrimizdir. Hesab edirəm ki, zamanla bütün bu problemlər öz həllini tapacaq”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*