Yevlaxa gedən sərnişinlərə satılan bilet niyə baha başa gəlir? – RƏSMİ AÇIQLAMAbackend

Yevlaxa gedən sərnişinlərə satılan bilet niyə baha başa gəlir? - RƏSMİ AÇIQLAMA

Pandemiyanın Azərbaycanda ən çox təsir etdiyi sahələrdən biri də nəqliyyat sahəsi oldu. Bu sahədə müəyyən məhdudiyyətlər ləğv olunsa da, bəzi problemlər hələ də qalmaqdadır. Bunlardan biri də avtobusların olmamasıdır. Buna nümunə olaraq deyə bilərik ki, Bakıdan Yevlaxa xüsusi avtobuslar işləmir. Vətəndaşlar ya Gəncə, ya da Bərdə avtobusundan istifadə etməli olur. Qiymət isə Gəncə avtobusunun trafikinə uyğun tələb edilir.

Bəs görəsən, Bakıdan Yevlaxa xüsusi avtobus niyə yoxdur? Yaxın vaxtlarda təyin olunacaqmı? Niyə kassalarda vətəndaşlardan Gəncə avtobusunun ödənişi tələb olunur?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi (BBAK) Samir Səfərov cavablandırıb.

O bildirib ki, hazırda sərnişin axınının az olması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir sıra rayonlara birbaşa reyslər həyata keçirilmir:

“Ancaq sərnişinlər həmin ərazilərdən keçən reyslərlə gedəcəyi təyinat məntəqəsinin tarifinə uyğun biletləndirilib yola salınır. Bakı-Yevlax istiqamətində hərəkət etmək istəyən sərnişinlər Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Mahrızlı marşrutları ilə səfər edə bilər. Kassaya yaxınlaşan sərnişin bilet əldə edərkən səfər edəcəyi təyinat məntəqəsini bildirməklə gedəcəyi ünvanın tarifinə uyğun ödəniş edir və biletləndirilir”.

O, qeyd edib ki, istiqamətlər üzrə reyslər sərnişin axını və sahibkarın rentabelliyi nəzərə alınaraq tənzimlənir:

“Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən mütəmadi olaraq marşrutların monitorinqi həyata keçirilir. Sərnişin axını artan istiqamətlər üzrə marşrutlar müsabiqəyə çıxarılır. Bu yaxınlarda şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Horadiz (Füzuli)-Bakı, Bakı-Sabirabad-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*