Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov son günlər sosial şəbəkədəki şəxsi hesabından aktiv istifadə etməyə başlayıb.
KONKRET.az bildirir ki, onun haqqında çıxan xəbərləri “Facebook”da təkzib etmək cəhdləri “Zerkalo” qəzetinin əməkdaşlarından biri olmuş Mərahim Nəsibin də diqqətini çəkib.
Jurnalist Əli Həsənovun son günlərdəki vəziyyəti ilə bağlı fikirlərini paylaşıb.
“Hey, gidi dünya, hey!
Əli Həsənov vaxtı ilə ona yaltaqlanan saytlardan bu gün giley-güzar edir. Uşaq-muşaq da həmin yazıları sildirə bilmədiyinə görə, Əli Həsənova cəsarətsiz deyib, tənqid atəşinə tutur. O da hamsına bir-bir hesabat verir ki, bəs, mən məsumam, günahım yoxdur.
Cənab Həsənov, bu qədərmi düşdün, bu qədərmi çarəsiz qaldın? Bəs, haram pul və yüksək vəzifə hesabına qazanılan hörmət və sevginin bir gün nifrət və qərəz bumeranqına çevrilib geri qayıdacağını bilmirdin? Məgər, bilmirdin ki, haqqına girdiyin məzlumların ahı canından ahəstə-ahəstə çıxacaq? Gör, nə günə qalmısan ki, vaxtı ilə qılıncının altından keçməyə hazır olan uşaqlara da hesabat verməyə məcbur olmusan!
Həqiqətən də haqq nazilər, amma üzülməz!”, – deyə M.Nəsib bildirib. (sfera.az)
