“Rusiya-Ukrayna müharibəsi dünyadakı dron sənayesinin inkişafına çox ciddi təkan verdi. Azərbaycanın 44 günlük Vətən müharibəsində istifadə etdiyi dronlar əsasən, əməliyyat xarakterli və hücum təyinatlı idi. Bu dronlar olduqca bahalıdır. Amma Rusiya-Ukrayna müharibəsində istifadə edilən dronlar olduqca ucuz və istehsalı qısa müddət ərzində başa gəlir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında hərbi jurnalist Səxavət Məmməd deyib. O bildirib ki, Ukrayna tərəfinin başlıca məqsədi Rusiyanın logistik imkanlarını sıradan çıxarmaqdır:
“Onların əsas təyinatı faktiki olaraq, düşmənin şəxsi heyətinə, hərbi obyektlərinə və mülki infrastrukturuna zərər verməkdir. Tərəflər bu dronlardan rəqibin fəaliyyətini maksimum ləngitmək üçün istifadə edir. Ukraynanın istifadə etdiyi xırda ölçülü dronlar yerli istehsaldır. Ümumiyyətlə Moskva və Kiyev özlərinin reaktiv mühərrikli dronlarını istehsal etməyə başlayıblar. Burada başlıca məqsəd dronun istehsal xərcini minimum səviyyəyə endirməklə, maksimum çəkidə partlayıcı daşımasını təmin etməkdir. Ukrayna tərəfi çalışır ki, Rusiyanın logistika imkanlarını tam şəkildə sıradan çıxarsın. Kiyevin başlıca məqsədi Kremlin neft emalı müəssisələrinə ziddi zərbələr endirməklə, yanacağın cəbhəyə daşınmasını gecikdirməkdir”.
Ekspert əlavə edib ki, hazırkı şəraitdə kiçik dronların zərərsizləşdirilməsi olduqca çətindir:
“Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri (HHM) dünyada ən yaxşılardandır. Amma problem odur ki, Moskva hər şeyi strateji tərəfdən düşündüyü üçün, bu sahədə tamamilə fərqli istiqamətə fokslanıb. Ruslar daha çox iri qırıcılara, reaktiv döyüş təyyarələrinə və ballistik raketlərə qarşı müdafiə sistemləri formalaşdırıb. Ukrayna dronları isə kiçikdir və çox alçaq məsafədən uçur. Dünyada heç bir ölkənin radar sistemləri bu dronları aşkarlaya bilmir. İndi istifadə edilən radarların istehsal tarixi ən az 15-20 il əvvələ gedib çıxır. Amma dron sənayesi yeni inkişaf edib. Ona görə də radarlar dronları aşkar edə bilmir. Dronların qiyməti o qədər ucuzdur ki, 1 S-300-ün yaxud S-400-ün raketi ilə onu zərərsizləşdirmək çox baha başa gəlir. 20-30 min dollara başa gələn drona heç bir komandir 1 milyon dollarlıq raket atmaz. Bu səbəbdən, son dövrlər dünyanın başlıca dövlətləri anti-dron sistemləri ilə bağlı çox ciddi layihələr, proqramlar hazırlayır. Amma bu o qədər də asan deyil. Ukrayna tərəfi hansısa kiçik ölçülü dronu qatarın, yük maşınlarının üzərinə yerləşdirərək, istənilən obyektə zərər vura bilir. Bunun qarşısını almaq çox çətindir. Rusiyanın hazırda ən böyük problemi elə məhz budur”.
Qeyd edək ki, son 24 saat ərzində Rusiya tərəfi Ukraynaya məxsus 734 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb. Rəsmilər demək olar ki, hər gün kütləvi dron hücumlarının qarşısının alındığını bəyan etsələr də, hədəfə çatan zərbələrin dəqiq sayı barədə məlumat verilmir. Bununla belə, intensivləşən hücumlar fonunda Kremlin bir çox mühüm hərbi və mülki infrastruktur obyektinin fəaliyyətini məhdudlaşdırmaq, yaxud tamamilə qapatmaq məcburiyyətində qaldığı görülür.
