44 günlük müharibənin nəticələri Avroasiyada nələri dəyişdirəcək? – ŞƏRHbackend

44 günlük müharibənin nəticələri Avroasiyada nələri dəyişdirəcək? - ŞƏRH

Və yaxud 10 dekabr həqiqətləri barədə bir neçə söz

Bu gün dünya azərbaycanlıları və bütöv türk dünyası ayaq üstədir. Qəlblər qürurla, gözlər sevinclə Azadlıq meydanına dikilib. Böyük Qələbəmizin memarlarına və qurucularına doya-doya baxmaq üçün 7-dən 77-dək hamı ayaq üstündədir. Axı bu günü düz 30 il gözləmişik. Yorulmadan, usanmadan, bezmədən… Çoxlarının təsəvvürünə belə gətirmədiyi bu günün gələcəyinə hər bir azərbaycanlı inanıb. Çünki xalqımız Müzəffər Azərbaycan Ordusuna, Ali Baş Komandanına hər zaman  güvənib. Sonda bu inam, bu güvən mümkünsüzü mümkün etdi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə Ermənistanın hərbi kaputilyasiyasına nail oldu. Beləcə, Azərbaycan dünyaya bir günəş kimi doğdu.

Bəşəriyyətə “Yol ver Türkün bayrağına”, – dedik. Bu gün Azəraycan sivilizasiyaya yeni reallıqlar diqtə etdi. Bununla da təkcə imzalar içində imzamız  təsdiqlənmədi, həm də regionun güc mərkəzi kimi Azərbaycan dünya dövlətlərinə öz potensialını təqdim etdi.  Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağndan qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti yazan isə Azərbaycan xalqı oldu.

44 gün ərzində 10 milyonluq Azərbaycan əhalisi 50 milyonluq dünya azərbaycanlıları və 85 milyonluq Tükiyə xalqı bir yumruq kimi birləşərək təkcə  Ermənistanın yox, bütövlükdə xristian dünyasının üstünə getdi. ABŞ, Rusiya və Avropa dövlətlərini yeni dünya düzənində Azərbaycan reallıqları ilə barışmağa məcbur etdik. 30 il ərzində ABŞ, Fransa, Rusiya kimi nəhəng dövlətlər geosiyasi maraqları ucbatından torpaqlarımızı “atəşkəs” adı ilə Ermənistanın işğalı altında saxlanmasına son qoyduq. 10 milyonluq Azərbaycan dövləti göydə Allaha, yerdə Türkiyəyə arxalanaraq xristian dünyasına “dur” – dedi. Xristian aləminin Liviyada, Suriyada, İraqda, Əfqanıstanda törətdikləri vandalizm Azərbaycanda fiaskoya uğradı. Ona görə də bu gün qeyd edilən Böyük Qələbə təkcə Azərbaycanın yox, bütövlükdə türk dünyasının və islam aləminin Möhtəşəm Qələbəsidir. Və bu qələbə islamafobiya taununu yayan Avropa dövlətlərinin, xüsusilə də Vatikanın kabusuna çevrildi.

Bu qələbə dünyaya haqdan, ədalətdən, insan hüquqlarından dərs deyən ABŞ və Avropa dövlətlərinə  çox təsirli bir dərs oldu. Çünki zaman-zaman bu dövlətlər özlərinin ədalətin müdafiəçisi kimi göstəriblər. Guya onlar olmasa, dünya qaranlıq zülmətə, savaş meydanına çevrilər. Guya bu dövlətlər olan yerdə yalnız ədalət zəfər çala bilər. Bu günlərdə isə Azərbaycan xalqı bu dövlətlərə və sivilizasiyaya göstərdi ki, kiçik, lakin müdrik Azərbaycan xalqı və onun lideri dünyada yeni ədalət çələngi qurur. Bu dövlətlərin iştirakı olmadan da Azərbaycan dövləti tarixi ədaləti bərqərar edə bilir. Halbuki 30 il idi ABŞ və Avropa deyirdi ki, Qarabağ probleminin yeganə həll yolu sülh danışıqları və kompromisdir. Amma müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən tapdağında inləyən vətən torpaqlarını mundarlardan təmizlədi, 3 rəngli Azərbaycan bayrağını azərbaycanlıların mənəvi pasportu, mənəvi paytaxtı olan Şuşada dalğalandırdı. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və birdə insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Hələ Şuşa qalasının alınması əməliyyatını demirəm.

Mənəm-mənəm deyən ABŞ, Almaniya, Fransa, İngiltərə və daha hansı ölkələrinin komandoslarının mümkünsüz saydıqlarını şanlı Azərbaycan əsgəri 3 gündə Şuşada mümkün etdi. Və dünyaya göstərdi ki, nəzəri hesablamalarla müəyyən edilən ən güclü ordu siyahısında Azərbaycan Ordusu 50-ci yerdə yox, birinci yerdədir. Buna şübhə edənlərə bir daha xatırladıram.

Müzəffər Azərabycan Ordusu 44 gündə Ermənistan ordusunun onurğasını qırdı. 6 həftəlik döyüşdə düşmənin 53 tank əleyhinə silahı, dörd ağır raket atıcı “Smerç”, iki taktiki-əməliyyat raket sistemi “Elbrus”, 97 çoxsaylı “Qrad” raket sistemi, iki özüyeriyən “Uraqan” roketatan, “TOS” termobarik silahını, yeddi S-300 hava müdafiə sistemini, ayrıca beş TOR hava hücumundan müdafiə sistemini, 40 OSA hava müdafiə sistemini, 14 ZASTAVA hava müdafiə sistemini, 22 pilotsuz hava vasitəsini və 5 elektron sistemini sıradan çıxardı. Bundan əlavə, Azərbaycan Ordusu 5 Su-25 hücum təyyarəsini, 287 tankı, 69 piyadaların döyüş maşını, 28 Akatsia və Qvozdika özüyeriyən artilleriya qurğusunu, 315 müxtəlif çaplı silahı, 63 minaatan, 252 yük maşını və 10 xüsusi texnikanı, həmçinin 7 komanda məntəqəsini məhv etdi. Məhv edilmiş bu qədər texnikalardan əlavə Azərbaycan ordusu qənimət olaraq yüzlərlə hərbi texnika, o cümlədən 79 tank, 47 piyada döyüş maşını, 5 Akatsia və Qvozdika özüyeriyən artilleriya dəsti, 37 müxtəlif çaplı silah, 62 minaatan, 178 qumbaraatan, 270  yük maşını, 93 xüsusi texnika, 5 Şilka zenit silahı, 1380 atıcı silah və onlarla digər silahları ələ keçiridi.

Ümumilikdə 44 günlük müharibədə Azərbaycan Ordusu Ermənistanın dəyəri 4 milyarda dollardan artıq olan hərbi texnikasını məhv etdi və yaxud qənimət kimi ələ keçirdi. Bütün bunlarsa Ermənistan ordusunun silah-sursat arsenalının təxminən 70 faizi deməkdir. Bu rəqəm Ermənistanın ÜDM–nin 25 faizinə bərabərdir. Bu rəqəm Ermənisatnın illik dövlət büdcəsindən xeyli böyükdür.

10 noyabr zəfərinin cahanşümul əhəmiyyətlərini saymaqla qurtarmaq olmur. Bu zəfər ona görə böyük qələbədir ki, ermənilərin 200 il davam edən sərsəm “dənizdən-dənizə” xülyalarına Azərbaycan son qoydu. Bu gün təkcə Ermənistan yox, dünyada nə qədər erməni varsa, hamısı yasa batıb. Bu gün dünyanın aparıcı dövlətlərinin əlində maşa olan erməni diasporunun ən acınacaqlı günüdür. Çünki  bu zavallılar nəhayət gördülər ki, 200 illik dava-dalaş boş və mənasız bir iş imiş. 200 ildə “Böyük Ermənistan” xülyası ilə böyük dövlətlərin əlində oyuncaq olmaq və  yüz milyardlarla vəsaiti xərcləmək mənasız bir iş imiş. Və yəqin ki, Azərbaycan xalqının 44 günlük zəfər yürüşü erməni ziyalılarını nəhayət ki, papaqlarını qarşılarına qoyub fikirləşməyə məcbur edəcək.  Bu gün erməni hiyləgərliyinin və kəmfürsətliyinin son günü və iflasıdır. Son 44 gündə dünya dövlətləri nəhayət ki, ermənilərin həyasızlıqlarından  bezərək Ermınistandan üz çevirdilər. Rusiya prezidentinin “Biz kimlər üçünsə öz milli maraqlarımızı təhlükəyə atmayacağıq” fikirləri əslində tək Rusiyanın yox, bütövlükdə aparıcı dövlətlərin Ermənistana bir mesajı idi. Vəssalam…

Ona görə də bu zəfər paradı Azərbaycan tarixinin ən şərəfli günü kimi yaddaşlara həkk olunacaq. Bu zəfər paradı Xalq-İlham Əliyev birliyinin təntənəsi, Müzəffər Azərabycan Ordusunun hünərinin göstəricisidir. Bu gün bir də onunla əlamətdardır ki, “Bir millət-iki dövlət” Azərbaycan-Türkiyə qürurla yan-yana, səf dayanıb. Bu məğrur duruş, bu birlik isə dünyaya bir mesajdı, bir ismarıcdı. Yeni dünya düzənində monolit türk birliyi yeni reallıqlar diqtə edir. Var olsun bu birlik! Var olsun bu zəfər! Eşq olsun, Azərbaycan xalqına! Eşq olsun, Müzəffər Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycanın qəhrəman oğlu və əbədi Prezidenti İlham Heydər oğlu Əliyevə!!!

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*