Aslan İsmayılov məhkəmə sistemini SƏRT TƏNQİD ETDİ: “Vətəndaşlara yox, korrupsionerlərə qulluq edir”backend

Aslan İsmayılov məhkəmə sistemini SƏRT TƏNQİD ETDİ: "Vətəndaşlara yox, korrupsionerlərə qulluq edir"

“Tərtər hadisələri ilə bağlı Vətənə Xəyanətə görə məhkum edilmiş 16 şəxs haqqında hökm qanunsuz olduğuna görə ləğv edilib və yenidən istintaq aparılması üçün prokurora qaytarılıb. Rəhmətə getmiş Elçin Quliyev haqqında isə bəraət hökmü çıxarılıb”.

KONKRET.az xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov ölkəni talan, futbolumuzu isə məhv edən, Rövnəq Abdullayevin tapşırığı ilə qərar çıxaran məhkəmə hakimiyyəti haqqında tənqidi fikirlər səsləndirib. O, bu barədə özünün Facebook səhifəsində yazıb. Aslan İsmayılov bildirib ki, ümumiyyətlə məhkəmələrdə hakimlik etmiş şəxslər rüşvət müqabilində qanunsuz hökmlər çıxarıblar:

“Keçmiş MTN-lə bağlı onlarla cinayət işləri üzrə hökmlər də qanunsuz olduğundan ləğv edilib. Bu işlər üzrə indi də təqsirləndirilən vəzifəli şəxslər haqqında gedən məhkəmə proseslərini izləyənlər dağıdılmış, məhv edilmiş ailələrin, insan talelərinin aqibətindən az da olsa xəbəri olanlar dəhşətə gəlirlər. İndi Siz o taleni yaşayan ailələrin, insanların keçirdikləri iztirabları, faciələri təsəvvür edin”, – deyə İsmayılov yazıb.

“Bütün bu faciələrin başında duran isə məhkəmə hakimiyyəti olub. Məhz hakimlər onlara milyonlar qazandıran vəzifələrini qorumaq üçün, bəzən isə istintaq orqanlarından aldıqları rüşvətlərə görə həmin qanunsuz hökmləri çıxarıblar”, – vəkil vurğulayıb.

Daha sora o, qanundan kənara çıxan hakimlərin məsuliyyətə cəlb olunmamasını bildirib: “Ən dəhşətlisi də odur ki, bu günə qədər bir nəfər hakim belə bu faciələrə görə məsuliyyətə alınmayıb. Ona görə ki, məhkəmə hakimiyyəti vətəndaşlara yox, korrupsionerlərə, quldurlara qulluq edir. Bu fikri 40 ildən artıq hüquq mühafizə orqanlarında işləmiş, öz üzərində bu haqsızlıqları görmüş şəxs kimi bütün məsuliyyətimlə deyirəm. Elə bu günlərdə “AFFA-da korrupsiya var” yazdığıma görə xirtdəyə qədər qana bulaşmış məhkəmə sistemi qərar qəbul etdi ki, mən 2008-ci ildə Azərbaycan futbolunu ağlar günə salmış R.Abdullayevdən üzr istəyim. İndi kim daha çox cinayətkardır, bu qərarı çıxaran məhkəmə sistemi, yoxsa bu qərara görə rüşvət yaxud göstəriş verənlər?!” – vəkil fikirlərini yekunlaşdırıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*