
Ötən gün Niderlandın Rotterdam şəhərində keçirilən “Eurovision-2021” mahnı müsabiqəsinin final mərhələsinə yekun vuruldu. Və hər il olduğu kimi, bu dəfə də müsabiqə böyük ajiotaj yaratdı. Ölkəmizdə də “Zəfər ilində Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli şəkildə təmsil oluna bilərdi” deyə fikirlər səslənməkdədir.
KONKRET.az xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin müsabiqə ilə bağlı fikirləri bu baxımdan çox maraqlı və diqqətəlayiqdir. Belə ki, “Eurovision” beynəlxalq miqyasda keçirilən musiqi yarışlarından biri olsa da, siyasi xarakter daşıdığı heç kimə sirr deyil. Burada dövlətlər gələcəyə dair planları, müttəfiqləri, siyasətləri ilə bağlı strateji zəkalarından irəli gələn mesaj verir”, – deyə bildirən A.Əsədli hesab edir ki, Azərbaycan daha çox bu faktordan yararlanmalı idi: “Çünki bu, minimum 100, maksimum 600 milyon izləyicisi olan, musiqi yarışması adı ilə keçirilən böyük siyasi platformadır. Elə bu qədər müzakirə predmetinə çevrilməsinin səbəbi də budur”.
– Anar bəy, belə olan halda biz bu musiqili siyasi platformada hansı strateji mesajları verə bilirik?
– Önəmli olan bu sualın ətrafında müzakirələr açmaqdır… Baxın, son bir ildə Azərbaycanın bir dövlət üçün həyati əhəmiyyətli qızğın siyasi proseslərin içərisində olduğunu, Zəfər qazandığını və bütün uğurlu addımlarında qardaş Türkiyə ilə birgə hərəkət etdiyini, nəhayət, Türkiyənin müsabiqədə iştirakdan imtina etdiyini nəzərə alaraq, daha əhəmiyyətli, milli maraqlarımızı ifadə edən, regionda türklərin daim işğalçılara qarşı mücadiləsini simvolizə edən mesajlar verilə bilərdi…
– Konkret olaraq nəyi nəzərdə tutursunuz?
– Məsələn, biz Rusiya-Osmanlı savaşının qəhrəmanlarından olan Nənə Xatunu daha yüksək miqyasda tanıda bilərdik, nəinki Mata Harini…
Məlumat üçün bildirim ki, 1955-ci ildə BMT tərəfindən “İlin Anası” seçilən, iki oğlunu I Dünya savaşında şəhid verən bu qadın Ərzurumda döyüşdə ruslara qarşı inanılmazı həyata keçirib.
…1877-ci ilin noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni-rus silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən qılıncdan keçirirlər. Nəticədə şəhərə hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahı, olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət edir. Minarələrdən “Moskov əsgəri gəlir” səsini eşidincə üç aylıq körpəsini bağrına basıb, “Seni bana Allah verdi. Ben de Ona emânet ediyorum”, – deyib, camaata “Sakın, canlı təslim olmayın” , – səslənərək silaha sarılır. Bu zaman onun qardaşı da öldürülür. Atəşə məhəl qoymayan camaat Nənə Xatunun rəhbərliyi altında rus əsgəri ilə əlbəyaxa olur, rus ordusu baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir. 2300-ə yaxın itki verən rus və erməni əsgərləri qarnizondan qaçır.
Və 1952-ci ildə NATO-nun amerikalı generalı onu ziyarət edərkən qəhrəmalığından dolayı Nənə Xatunun görüşünə gəlir və qarşısında baş əyərək əllərindən öpür.
Bu gun həm də Nənə Xatunun anım günüdür. Yarışmanın hər ilin may ayında keçirildiyini də nəzərə alsaq, bu faktordan lazımınca yararlana bilərdik. Qısası, müsabiqə üçün bu qəhrəman qadına həsr olunmuş mahnı hazırlanıb, təqdim oluna bilərdi.
Xatırlayırsınızsa, bir neçə il öncə Ukrayna təmsilçisi Camala 1944-cü ildə Krım tatarlarının yaşadığı sürgün faciəsi ilə bağlı mahnı təqdim etmişdi. Əvvəlcə mahnının siyasi xarakterli olduğuna dair iradlar səsləndirilsə də, böyük rəğbət qazandı və qalib gəldi.
Yaxud 2009-cu ildə Gürcüstan təmsilçiləri “Biz Putini niyə sevmirik” mahnısı ilə yarışa qatılmaq istədi, amma siyasi çalar olduğundan yarışa qəbul edilmədi. Nəticədə Gürcüstan müsabiqəyə qatılmaqdan imtina etdi ki, bu da bir mesaj idi.
Deməyim odur ki, Azərbaycan bu örnəkləri nəzərə alaraq, Nənə Xatunla bağlı musiqi əsəri hazırlayıb təqdim etməklə bir yox, bir neçə siyasi mesaj verə bilərdi. Yəni konkret kiməsə ünvanlanmayan, türk qadının mübarizə ruhunu göstərən mesajlar olacaqdı.
– Yarışda diqqət çəkən əsas məqamlardan biri xalların verilməsidir ki, burada da nəticə bizim üçün heç də ürəkaçan olmadı. Elə deyilmi?
– Tamamilə doğrudur. Məsələn, Azərbaycanın bu məsələdə atacağı addımlardan biri ən yüksək balı Böyük Britaniyaya vermək olardı. Çünki Avropa ölkələri “brexit”ə görə Britaniyanı sıxışdırır, yarışda bunu bir daha gördük: sıfır bal verdi.
Britaniya Azərbaycanın strateji müttəfiqidir. Ölkəmiz manevr edə bilərdi ki, bunu da bacarmadılar. Rusiyaya 12 bal verməksə ən böyük yanlış idi.
Beləliklə, gəlinən nəticə budur ki, Azərbaycanda “Eurovision” və digər layihələrin hazırlığına milli düşüncəsi və təşəbbüskarlığı olan şəxlər rəhbərlik etmir. Çox təəssüf ki, bu kimi məsələlərdə yenə də ən ciddi problemimiz kadr çatışmazlığı, milli kadrların olmamasıdır.
Kadr problemi bütün sahələrdə tezliklə həll olunmalıdır ki, belə halları yaşamayaq. Çünki məhz milli-strateji düşüncənin, ağlın, zəkanın daşıyıcıları olan kadrların yoxluğu yanlış yanaşmalara gətirib çıxarır.
– Anar bəy, yeri gəlmişkən, müsabiqə ilə bağlı sosial şəbəkələrdə də yanlış fikirlərə rast gəlirik. Və hətta yarışmadan imtina edilməsi də təklif olunur…
– Birmənalı şəkildə bildirirəm ki, bu tip platformaları boykot etməklə heç nə qazanmayacağıq. Əksinə, biz bu nəhəng auditoriyanın imkanlarından istifadə etməklə, mesajlarımızı, fikirlərimizi dünyaya çatdıra bilərik.
KONKRET.az
