Ciddi insanlar da “tələ”yə düşür və düşdü də: harada səhv edirik?backend

Ciddi insanlar da “tələ”yə düşür və düşdü də: harada səhv edirik?

“Rəisim” mahnısı günün aktual mövzularından birinə çevrilib. Ələ salınsa da, gülüş obyekti olsa da, müğənni istəyi hədəfə çata bilib. Həm məşhurlaşıb, həm müxtəlif təbəqədən olan insanların diqqətini çəkib, hətta rəsmi qurumu təmsil edən şəxs də bununla bağlı münasibət bildirib. Həmçinin müğənninin özündən də açıqlama alınıb. Məsələn, illərdir müxtəlif vacib sahələrdə əmək sərf edib çalışdığı müəssisələrdə uğur qazanan insanlar bu qədər uğur qazanmayıb. Nəyə görə uğur deyirəm? Çünki müğənni üçün lazım olan populyarlıq qısa zamanda əldə olunursa, istəyi gerçəkləşirsə, bunu onun uğuru saymaq olar. Çünki həyatda neçə adam var ki, qarşısına qoyduğu məqsədə nail olub? Və ya neçə insan var ki, ümumiyyətlə, qarşısına məqsəd qoya bilib? İstədiyi nəticəni əldə etmiş mənfi obrazlar məqsədinə çata biliblərsə, bu, onların istədiyi uğurdur və nəhayətdə, həqiqətən uğurdur.

Əslində, çox ciddi mövzudur. İllərdir işinin peşəkarları “ortalığa” çıxa bilmirlər. Amma bir “Rəisim” mahnısı ilə müğənni nəinki “ortalığa”, hətta “bütün yerlərə” çıxa bildi. İllərin piar menecerləri hansısa şəxsi, işi, layihəni və s. populyarlaşdırmaq üçün strategiya müəyyən edirlər. Deadline, hədəfə çatmağın zamanını dəqiqləşdirirlər. Amma heç də hamısı məqsədinə nail ola bilmir.

Burada müxtəlif nüanslar var. Hədəf kütləni nəzərə almaq, cəmiyyətimizin istəyinə uyğun məhsul təqdim etmək, nədən “acdırlarsa” onu süfrəyə qoymaq və s. əsas amillərdən biridir. Yaxud da istəklərinə uyğun səviyyəli hesab olunan işləri ortaya qoymaq. Diqqət etmək lazımdır ki, son zamanlar əksəriyyətimizin “səviyyəsiz” adlandırdığı, bununla yanaşı izlədiyi, hətta dillər əzbəri olduğu nəsnələr günümüzün əsas müzakirə mövzusuna, trendə çevrilib.

Harada səhv edilir və ya düz edilmir? Bu, özünəqəsd kimi olduqca ciddi mövzudur. Mövzuya qeyri-ciddi yanaşıldıqca genişlənir, şaxələnir, qarşısı nəinki alınmaz olur, hətta bununla ayaqlaşmağa çalışanlar artır.

Nüfuzlu şirkətlərin, müəssisələrin reklam strategiyası belə trendlərə bənzədilir. Məsələn, tanıtım lövhələrində bayağı sayılan və cəmiyyət arasında məşhurlaşmış nəsnələrin detallarından, şüarlarından istifadə edir. Bu, avtomatik olaraq altşüurlara ötürülür. Utanmasalar, ən nüfuzlu şirkətlər belə öz tədbirlərinə “tiktok” personajlarını çağırarlar. Məhsullarını onların əlləri ilə təqdim edərlər. Çünki get-gedə cəmiyyət üçün belə obrazlar daha maraqlı olur və yumşaq desək, qeyri-ciddi fiqurlar öz sənətinin, işinin peşəkarlarını tapdayaraq önə keçir. Özü də çox sürətlə.

Fəlakətə doğru irəliləyirik yox, fəlakətin içərisindəyik, fərqindəsinizmi, dostlar?

Dəqiq olan budur ki, belə vəziyyətlər ortaya çıxan zaman danışılmamalıdır, ümumiyyətlə, boğulmalıdır. Dünya praktikasında da sübut olunub: danışılmasa, paylaşılmasa, müzakirə olunmasa, duracaq. Nəhayətdə, heç kim buna meyil etməyəcək.

Nə yazmaq, nə danışmaq fikrim var idi, sadəcə, artıq ox yaydan çıxmışdı, mütləq yazmalıydım.

Samir Mirzə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*