
Hörmətli ziyalımız Rəşid Mahmudov deyir ki, “Məmurlarımız Allahlıq iddiasına düşüb”. Mən ağsaqqal sözü ilə yüzdə-yüz razıyam. Çünki bizim hər birimizin dəfələrlə hansısa məmurun dilindən kiməsə ünvanlanan bu ifadəni eşitmişik: “Sənin nəslini yer üzündən silərəm”. Bəs, bu Allahlıq iddiası deyil, bəs nədir? Axı, insanı yaradan da, onun ölüm gününü müəyyən edən də Tanrıdır.
Əgər İlahi göstərişi yer üzündə dəyişə biləcək qüvvə varsa, deməli, o da fövqəlgücdür. Bax, bizim məmurlarımızda da bu fövqəlqüvvə var. Məmurlarımız istədiyi adamın nəinki özünün, eləcə də bütün nəslinin həyatını qaralda bilir. Onun sözünün qabağına söz deyən adam təkcə vəzifəsini itirmir, hörmətini, pulunu, uşaqlarını və qohum-əqrəbasının perspektivini, bir sözlə hər şeyini itirir. Bunun sübutu üçün N qədər misal çəkə bilərəm. Çünki məmurlar öz sahələrində limitsiz səlahiyyətlərə malikdirlər. Və ona görə də hər məmurun öz idarəetmə “prinsipi”, “qaydaları” var. Yəni məmurlar idarəetməni Azərbaycan Respublikasının qanunları ilə deyil, öz yazdıqları “qanunlarla” idarə edirlər. Bu isə “5-ci kolon”dan bizə “miras” qalan ən eybəcər idarəetmə fəlsəfəsidir.
Bu yazımda mən nisbətən balaca məmurlar – icra başçıları haqqında danışacam. Və fikirlərimi paylaşmamışdan əvvəl AXC-Müsavat hakimiyyəti dönəmini hörmətsizliklə (başqa ifadə tapmıram) yad etmək istəyirəm. Çünki bir illik hakimiyyətləri dövründə onlar bir çox dəyərləri məhv etdi. Onlardan biri də kadrlara peşəkarlığa görə yox, siyasi və şəxsi baxışlarına (şəxsi münasibətinə) görə yanaşma ənənəsinin idarəetməyə gətirilməsi oldu. O, zaman bir ifadə dəbə mindi: “mənim öz komandam var”. Və o illərdə, hətta “Jek” rəisləri də özləri üçün komanda yaratmışdı. AXC-Müsavat getdi ancaq, onların qoyduğu bədnam ənənə qaldı. İndi ixtiyari icra başçısı rayona gələn kimi “öz komandasını” formalaşdırır.
- Belə ki, icra başçısı ilkin olaraq sürücünü və köməkçini (bunlar başçıların sirr yoldaşı, çirkin oyunların ən böyük icraçılarıdır) dəyişdirir. Sonra ümumi və təsərrüfat şöbələrinin müdirləri yenilənir. Çünki rayonun ictimai həyatının qazanı ümumi şöbədə (el arasında bu şöbəyə “xüsusi” şöbə deyilir) qaynayır. Ümumi şöbə başçının görən gözü, eşidən qulağıdır. Təsərrüfat şöbəsi isə rayonda bütün maxinasiyaları həyata keçirən bir “institut”dur.
Torpaqların satılması, tikintiyə icazə, rayonun “abadlaşması”, “forma-2”, “ölü canlar”ın maaş kartları və daha neçə-neçə “vacib” prosedurları məhz təsərrüfat şöbəsi “həyata keçirir”. Burda xırda, amma vacib detalı qeyd etməsəm, olmaz. Ümumi və təsərrüfat şöbələrinin icra aparatında xüsusi statusu var. Yeganə adamlardır ki, onlar istədikləri vaxt və qapını döymədən icra başçısının kabinetinə girib, çıxırlar. İcra Başçının müavinləri əsasən hansısa məmurun və yaxud oliqarxın qohumu və yaxud yaxını olduğundan onlara yeni gələn Başçı toxunmur (ən azından bir müddət). Müavinlərin heç bir səlahiyyəti olmur. Baxmayaraq ki, hər icra hakimiyyətində ən azı 3 müavin olur. Səlahiyyətsiz müavinlər yeni başçı gələndə ona yaxın olmaq üçün hər hoqqadan çıxırlar. Məsələn, hansısa tədbirə gələn başçının avtomobilinin qapısını açmaq üçün müavinlər rəqabət aparırlar.
Və yaxud “cənab başçı”I (başçılara adətən belə müraciət olunur) rayona başmaq seyrinə çıxanda müavinlər yolu açırlar, ona-buna çəmkirirlər: “kənara çəkil”. Nəticədə özünü “sübut” edən hansısa müavin icra başçısı yanında müəyyən səlahiyyətlər qazanır. Digər aparat işçiləri (memardan başqa) İcra başçısı üçün “bezrazliçni”dir. Yeni gələn icra başçısı ən azı 1-2 ay heç bir təşkilat rəhbərini şəxsən qəbul etmir. Və ümumi şöbənin xətti ilə bütün idarə və təşkilatlatların rəhbərlərinin “ciki-biki” öyrənilir. Təbii ki, təzə başçı gələndən sonra hər keçən gün idarə və təşkilat rəhbərləri üçün itki sayılır.
Birincisi, ona görə ki, təzə başçının qorxusundan daha əvvəlki kimi sərbəst hərəkət edə bilmir. Bir növ təzə başçıya özü barədə “fakt” vermək istəmir.
İkincisi, hər ötən gün başçıya verəcəyi summanın miqdarı artır. Beləliklə, müdir “cənab başçı” ilə ən qısa zamanda “dil tapmağa” çalışır.
Beləcə, 3-4 ay ərzində icra başçısı rayonda “zəruri islahatlar” aparır. İşləmək istəmədiyi müdirləri “yaxına buraxmır”, sonra isə onları özünə münasib kadrlarla əvəz edir. Bir məsələni də xatırladım ki, rayonlardakı dövlət müəssisələrinin rəhbərləri nazir və Komitə sədrləri tərəfindən təyin edilsə də, bu məsələdə icra başçılarının razılığı mütləqdir. İcra başçısının işləmək istəmədiyi müdirlə və yaxud rəislə Nazilik və Komitə rəhbərliyi də çox zaman ayrılmaq məcburiyyətində qalır. Çünki icra başçısı “rayonun yiyəsi” hesab edilir. Və bu statusla hamı razılaşmaq məcburiyyətindədir.
Bundan sonra icra başçısı çönüb rayondakı hüquq-mühafizə orqanlarının rəhbərlərinə baxır. Hansı ilə yola gedəcəyini müəyyənləşdirir. Xoşuna gəlməyən rəis və prokurorun rayondan getməsi üçün şəxsi əlaqələrini işə salır. “Yol-yolağa” bilən rəis və prokuror “cənab başçının” “əziz -xələfi” olur. Fikir vermisinizsə, icra başçısı hansısa tədbirə gedəndə bir tərəfində polis rəisi, bir tərəfində isə prokuror addımlayır. İcra başçısının müavinləri isə onların yolunu açır.
Burda bir vacib məsələni də qeyd edim. İcra başçısı rayonda apardığı kadr dəyişikliyi cəmiyyətə islahat kimi sırınır. Ən pisi də odur ki, bunu mənim həmkarlarım edir. Tez-tez manşetlərə çıxarılan xəbər adətən bu cür olur: “Filan rayonda islahatlar davam edir”. Bu isə sözün həm məcazi, həm də sətri mənasında yanlış fikirdir. İcra başçısı korporativ maraqları üçün kimisini çıxarır, kimisini gətirir. Bu ən yaxşı halda kadr dəyişikliyidir. İslahat başqa şeydir. Ümumiyətlə, islahat lokal məkanda deyil, bütöv ölkədə aparıla bilər. Hansısa icra başçısının islahat aparması o deməkdir ki, qanunları yenidən yazdırır, yeni münasibətlər formalaşdırır. Bu isə İcra başçısının səlahiyyətlərindən (iddialarından yox) çox-çox uzaq məsələdir.
Ölkədə tək islahatçı var, o da Azərbaycan Respublikasının Prezidentidir. Hətta hökumətin də islahat aparmaq səlahiyyəti yoxdur. Ona görə də əziz həmkarlar, yazanda bir qədər diqqətli olun. Sizin bu yanlış ifadəniz bəzi icra başçılarını “qaza gətirir”.
Nəhayət, komandasını formalaşdıran icra başçısı tam qüvvə ilə hücuma keçir. “Prostoy yazdığı” 2-3 ayın da qısa zamanda əvəzini çıxır. Mən yazımın əvvəlində təsadüfən demədim ki, hər icra başçısının öz idarəetmə qaydaları var. Yəni hansısa məsələyə görə tələb olunan vəsait rayonlar üzrə dəyişir. Məsələn, Bakı şəhərinin Yasamal aryonu ilə Nərimanov rayonundakı, Binəqədi rayonu ilə Nəsimi rayonundakı taariflər tamamilə fərqlidir. Məsələn, hər rayonda eyvanın açılması və yaxud mənzilin genişləndirilməsi üçün müxtəlif cür taariflər tətbiq olunur. Hələ fərdi mənzil tikintisinə “dabro” vermək üçün tələb olunan vəsaiti demirəm. Və qəribə burasıdır ki, bəzi rayonlarda rüşvət leqallaşdırılıb.
Əksər rayonlarda indi “Abadlıq fondu” deyilən bir qurum yaradılıb. Və rüşvətlər əsasən o fonda yönləndirilir. Və təsərrüfat şöbəsinin nəzarəti ilə sonradan həmin vəsaitlər leqallaşdırılır.
Əksər rayon icra hakimiyyəti başçıları sahibkarların və fermerlərin qəniminə çevrilib. İstənilən sahibkar bu və ya digər şəkildə çokdürülür. Başçının qaydalarına boyun əyməyən fermerlərin torpaq sahələri müxtəlif yollarla əlindən alınır. İndi əksər icra başçıları fərdi təsərrüfatla məşğul olur. Rayon əraizisində yüz hektarlarla sahədə “cənab başçı” üçün taxıl, yonca və digər gəlirli kənd təsərrüfatı məhsulları əkilib, becərilir. Özü də aqroservislərin və yerli məmurların hesabına.
İcra başçılarının bəziləri o qədər irəli gedib ki, iclasları “prezidentski” formatda keçirirlər. Rəyasət heyətində tək əyləşirlər. Bununla da ən azı iclas zalındakı təşkilat və təsərrüfat rəhbərlərinə “izah edirlər” ki, burda mən “yek”əm. Və sonra da bu cür icra başçıları durub şəffavlıqdan, düzgünlükdən danışırlar. Hansı ki ixtiyari icra başçısının gündəlik “zəruri” xərcləri (telefon, benzin və yemək) 250-300 manatdır. Bu isə ayda edir ən azından 7-8 min manat. “Cənab başçı”ların əmək haqqı isə 1000-1500 manat arasında dəyişir. Hələ “cənab başçı”nın digər “zəruri xərclərini” demirəm. Bu qədər maddi imkanlara və sonsuz vəzifə səlahiyyətlərinə malik icra başçısı “Allahlıq” eşqinə düşməsin, bəs neyləsin, ay Rəşid müəllim?!,…
KONKRET.az
