Kanada məhkəməsi Ukrayna təyyarəsini vurduğuna görə, İrana 107 milyon dollar təzminat cəzası kəsib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kanadanın Ontario əyalətindəki prosesdə məhkəmə bu cür qərar çıxarıb.
Qərar İranın 8 yanvar 2020-ci ildə vurduğu Ukrayna Hava Yollarına məxsus “Boeing 737” və “752” tipli sərnişin təyyarəsində həyatını itirən 63 Kanada vətəndaşından 6-nın varisinin verdiyi iddia əsasında qəbul edilib. Ontario Ali Ədalət Məhkəməsinin hakimi Edvard Belobaba bildirib ki, təzminat 6 nəfərin varisləri arasında bölüşdürüləcək. Vəkili Mark Arnold CBC-yə bildirib ki, təzminatı almaq üçün nə lazımdırsa edəcəklər.
Arnold İranın Kanadadakı və xaricdəki bank hesablarına və mal varlıqlarına həbs qoyulacağını, eləcə də ailələrin borclarının ödənilməsi üçün qanuni mübarizəni davam etdirəcəklərini bildirib.
Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi 8 yanvar 2020-ci ildə Tehranın İmam Xomeyni Beynəlxalq hava limanından Kiyevə getmək üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb və təyyarədə olan 176 nəfərdən sağ qalan olmayıb. Təyyarədə həyatını itirənlər arasında 63 Kanada vətəndaşı da olub.
İran rəsmiləri təyyarənin vurulması ilə bağlı iddiaları qəbul etməyib. Lakin daha sonra Baş Qərargah Ukrayna təyyarəsinin “insan səhvi” nəticəsində hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan iki raketlə vurulduğunu etiraf edib.
İran hadisədən təxminən bir il sonra, yəni 30 dekabr 2020-ci ildə həyatını itirənlərin hər birinin ailəsinə 150 min dollar təzminat ödəyəcəyini açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
