backend

Məmurlar büdcə pullarını dağıtmaq üçün ən asan yol seçiblər - ƏTRAFLI

Surxay Atakişiyev

Şəhid komandirlə, şəhid həkimə fərq qoyan deputatlar KİMLƏRDİR?

Çox-çox hörmətli deputatlarımız yenə “quşu gözündən vurdular”. Yenə “vətənpərlik mücəssəməsi” olduqlarını ortaya qoydular. Hakimiyyətdən “tələb etdilər” ki, hərbiçilərin əməkhaqqı qaldırılsın. Fikirlərini də bu cür sübut etdilər ki, “kişilər qan töküb, ad çıxarıblar”.

Prinsipcə, pis təklif deyil. Amma niyə təkcə hərbçilərin maaşı artırılmalıdır? Bəs, həkimlərin, müəllimlərin, mühəndislərin əməkhaqqı qaldırılmasın? Axı, müəllim millətin gələcəyini formalaşdırır?! Həkimlərsə sağlam cəmiyyətin onurğa sütunudur. Necə deyərlər: “Sağlam bədəndə, sağlam ruh olar”. Hələ mühəndislərimizi demirəm…

Bu dünyada Tanrıdan sonra gözəllik yaradan ikinci varlıq mühəndislərdir… Bu dünyadakı bir çox gözəllikləri və o cümlədən dünyanın 7 möcüsəsini mühəndislər yaradıblar. Bəs niyə onlar kasıb yaşamalıdırlar? Hələ digər sahələrdə çalışan və çalışmayan insanları demirəm.

Koronavirus pandemiyasına görə birdəfəlik yardım verilərkən bəlli oldu ki, Azərbaycanda 1 milyondan çox işsiz ailə başçısı var. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sıxa-sıxa bunu 600 minə endirdi. Və bu gün ƏƏSMN-in rəsmi məlumatına görə, 600 min ailənin bir manat da olsun  real gəliri yoxdur. Ölkəmizsə çoxuşaqlı ailələr məcmusudur. Bu hesabla 600 mini ən azı 4 ailə üzvünə vurduqda 2 milyon 400 min insan edir.

Deməli, bu gün ölkə əhalisinin 25 faizi yoxsulluq həddində yaşayır. Bəs, çox hörmətli deputatlarımız bu insanların sosial müdafiəsi haqqında niyə danışmırlar? Axı, 2 milyon 400 min insanın ən azı yarısı potensial seçicidir. Bəs, deputatlarımız niyə öz seçicilərinin dərdinə çarə axtarmır, ucuz şöhrət dalıncaq qaçırlar?! Nədi, nədi kimsə desin ki, filan deputat qalib ordumuzun təəssübünü çəkdi…

  • Elə deyil, deputat qardaş! Bu millət ac qalar, amma öz əsgərini ac saxlamaz. 3 aydır qələbə eşqi ilə yaşayırıq. Son 5 ayda bir adam durub deyibmi ki, “mən acından ölürəm, mənə kömək edin”. Xeyr, bu sözü dilinə gətirən olmayıb. Baxmayaraq ki, hökumət qələbə ovqatımızın türklər demiş içinə etdi. Dünən yanacağın qiymətini 30 faiz, bu gün suyun qiymətini 100 faiz qaldırdı. Növbə elektrik enerjisinin və təbii qazındır. Bəs, deputatlarımız bu barədə niyə danışmırlar? Niyə demirlər ki, “Ay taarif şurası, bu nə hesablamadır? Bu nə planlamadır?”

Onsuz da Azərbaycanda gəlirlə işləyən sahə yoxdur, “Azərenerji” də, “Azəriqaz” da, “Azərsu” da hər zaman dotasiyaya oturub. Hələ dəmir yolunu, “Azal”ı, metronu, “Bakıbus”u demirəm. Hamısı ziyanla işləyir. Amma hamı bilir ki, o sahələr ziyanla işləmir. Sadəcə o sahəyə rəhbərlik edən adamlar həmin sahəni özlərinin biznes strukturuna çevirib. Dövriyyə məqsədli şəkildə gizlədilir. Əgər bu sahələr doğrudan da ziyanla işləyirsə, niyə özəlləşdirilmir? Bir vaxtlar Nəqliyyat Nazirliyinin əksər strukturları özəlləşməyə açıldı. Doğru da edildi. Amma sonradan Bakı, Sumqayıt, Gəncə və digər mərkəzi şəhərlərin İcra Hakimiyyətlərinin nəzdində yenidən nəqliyyat idarələri yaradılıdı. Hansı əsasla? İndi get bax, istər “Bakıbus”, istərsə də ki, Sumqayıt, Gəncə və digər şəhər İH-lərin nəzdindəki nəqliyyat müəssisələri yenə dotasiyaya otuzdurulub.

Hörmətli deputatlar, bilirsiniz niyə? Ona görə ki, büdcə pullarının dağıdılmasının ən asan yolu budur. 

Bu gün Taarif Şurası deyir ki, “Azərsu” ildə dövlətdən 45 milyon manat dotasiya alırdı. Suyun qiyməti qaldırıldıqdan sonra bu dotasiya dayandırılıacaq. Bu yerdə kobud ifadə işlətməkdən özümü güclə saxlayıram.  Boş söhbətlərdir. Suyun da, qazın da, işığın da qiymətini Taarif Şurası lap 10 dəfə qaldırsa da, yenə həmin sahələr “ziyanla” işləyəcək. Çünki bu “ziyan” məqsədli şəkildə edilir. Səbəbini isə Taarif Şurasında oturanlar çox yaxşı bilir.

Bax, xalqın elçisi olan deputatlar bundan danışmalıdırlar. Amma danışmırlar. Çünki, bunlar “şipitilni” məsələlərdir. Deputatlarımızınsa “şipitilni” məsələlərlə işləri yoxdur. Onlar seçicilərlərin yox, məmurların yanında durmağa hər zaman üstünlük verirlər. Özləri bilər, dursunlar. Amma insanların heysiyyatı ilə oynamasınlar. Lazım olanı deməyə cərasət etmirlərsə, onda lazım olmayanı da deməsinlər.

Yeri gəlmişkən, başqa bir ağrılı məsələyə də toxunmaq istəyirəm. Hərbçilərimizə hörmətim və sevgim sonsuzdur. İmkanım olsa, onların hər birinə ayda 5 min manat məvacib kəsərdim. Çünki Azərbaycan cəmiyyətində normal yaşamaq üçün ailə büdcəsinə ən azı ayda bu qədər vəsait daxil olmalıdır. Amma fikrimin sübutu üçün bir müqayisə aparacam. Hərbçilərimiz cəmi 44 gün vuruşdular. Amma həkimlərimiz düz bir ildir ki, koronavirusla döyüşürlər.

Və bu yolda nə qədər həkimlərimiz və tibb personalımız həyatlarını itirib. Amma onların heç statistikası da aparılmadı. Halbuki, onlar da öz həyatlarını hərbçilərimiz kimi bu millətə qurban verdilər. Bəs onlar layiq olduqları ehtiramı niyə almadılar? Şəhid komandirlə, vəzifə borcunu yerinə yetirərkən pandemiya üzündən həyatını itirən həkim arasında hansı fərq var? Və yaxud şəhid əsgərlə, ailəsini atıb aylarla xəstəxanalarda qalan və koronavirusa yoluxub, sonra da dünyasını dəyişən tibbi personalın hansı fərqi var? Məncə, heç bir fərqi yoxdur. Bəs onda niyə ayrı-seşkilik aparırıq? Qoy, çox-çox hörmətli deputatlarımız buna cavab versin…..

KONKRET.az

  • Teranə
    Fevral 1, 2021 - 15:54

    Elə şərh edilib. Afərin sizə

  • Namiq
    Fevral 1, 2021 - 19:16

    Hansı həkim sizi havayı müayinə edir, hansı tibb bacısı sizə sağ ol müqabilində iynə vurur, harda müftə rentgendən keçirilirsiniz?? İndi həbçi ilə həkimi müqayisə edin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*