Napoleonun özünü öldürmək üçün istifadə etməyi planlaşdırdığı silahlar Fransada 1,8 milyon dollara satılıb.
KONKRET.az xəbər verir ki, Napoleon Bonapartın satılan iki tapançası ölkədə milli sərvətlər kimi tanınıb. Hökumət bu silahların xaricə çıxmasını qadağan edib.
Parisin cənubundakı Fontenbleauda keçirilən hərracda silahları alan şəxsin kimliyi ictimaiyyətə açıqlanmayıb.
Hərrac evinin eksperti Jan-Pier Osenat satışdan əvvəl deyib: “Napoleon depressiyaya düşəndə məhz bu silahlarla intihar etmək istəyib”.
Osenat əlavə edib ki, Napoleon silah əvəzinə zəhərdən istifadə edib. Lakin qusduğu üçün sağ qalıb və ona sonsuz sədaqətinə görə təşəkkür etmək üçün tapançaları adyutantına verib. Napoleon taxtdan əl çəkdikdən sonra İtaliya sahillərindəki Elba adasına sürgün edilib. Onun karyerası 1815-ci ildə Vaterloo döyüşündə ingilislərə məğlub olduqdan sonra başa çatıb və altı il sonra Müqəddəs Yelena adasında sürgündə ölüb.
İmperatorun suvenirləri kolleksiyaçılar arasında son dərəcə populyardır. Onun mavi, ağ və qırmızı naxışlarla bəzədilmiş məşhur papaqlarından biri noyabrda 1,8 milyon dollara satılıb.
Silahların satışına başlamazdan əvvəl Fransa Mədəniyyət Nazirliyi şənbə günü hökumətin rəsmi qəzetində dərc olunan qərarla silahları milli sərvətlər kimi təsnif edib. Dəyərindən və yaşından asılı olmayaraq, milli sərvət hesab edilən mədəni sərvət yalnız müvəqqəti və məcburi geri qaytarılma ilə Fransadan çıxarıla bilər.
Günel Mikayılova,
KONKRET.az