“İşğaldan əvvəlki dövrə – snayper müharibəsinə qayıtdıq. Hərbçimiz şəhid oldu, növbəti gediş bizimdir, düşmən də itki verməlidir”.
Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu fikir səsləndirib. O bildirib ki, düşmən keçmiş illərdən fərqli olaraq rusiyalı hərbçilərin arxasında gizlənib və oradan atəş açır: “Ancaq snayper müharibəsinin məqsədi də odur ki, hədəf dəqiq seçilir. Ona görə də, ortada qalan rus hərbçilərinə zərər vermədən arxalarındakı separatçıları məhv etmək üçün bütün imkanlardan yararlanmaq lazımdır”.

Şahinoğlu əlavə edib ki, dronlar da dəqiqliyi ilə seçilir. Nə qədər ki, Qarabağda əlində silah olan separatçılar tərksilah edilməyib, dincliyimiz təmin olunmayacaq.
Siyasi şərhçi Asif Nərimanlı isə açıqlamasında bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında üç mühüm məqam var: “Birincisi, hücum ermənilərin terror aktı kimi qeyd olunur. Bu, anti-terror əməliyyatına əsas yaradır. İkincisi, Rusiyaya mesaj verilir. Terror hücumu rus sülhməramlılarının fəaliyyətinə kölgə salır. Üçüncüsü, anti-terror əməliyyatının keçirildiyinə, yaxud hazırlığına işarə edilir”.

Asif Nərimanlı əlavə edib ki, “Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir” qeydi bu ehtimalı gücləndirir: “İstisna deyil ki, terrorçulara qarşı cavab addımı atılıb, yaxud bu istiqamətdə hərəkətə keçilib. Bunu hadisələrin inkişafında biləcəyik. Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını ön plana çıxardı. Və burada diqqətçəkən məqamlardan biri də erməni qoşunlarının səssiz çıxarılmasının Moskvaya da sərf etməsidir. Anti-terror əməliyyatı siyasi baxımdan bütün tərəflər üçün yeganə çıxış yolu kimi görünür. MN-nin rəsmi məlumatının mətnini Bakının son xəbərdarlığı hesab etmək olar”.
Müşviq Tofiqoğlu
KONKRET.az
