“Səndən nigaranam” və ya  Ramizin “kitabı bağlanmalıdır” – Həftənin icmalıbackend

"Səndən nigaranam" və ya Ramizin "kitabı bağlanmalıdır" - Həftənin icmalı

Çatdı başa, dəydi daşa həf´təmiz!

Əfəl oldum, o – qoçaq

Yarım ildir kənddəki evimə gedə bilmirəm. Karantindir. Sərtindən! Leninqradın blokadası yada düşür: bağlı zona, şlaqbaum, hərbçilər… “Hənde xox!”, “Şnelya!”, “Ausvays!”, “Stoy, strelyat budu!” və bu kimi…

Sərt karantin rejiminə baxmayaraq, 62 yaşlı bir kişi necəsə (Necə? Necə? Necə???!) Bakıdan getdi Lerikə, öldürdü öz kürəkənini, daşıyıb basdırdı meşədə. Və necəsə (Necə? Necə? Hə, necə???!) qayıtdı yenə Bakıya.

Nəhayət, sentyabrın 8-də paytaxtın qala qapıları açılır.

Gedəcəyəm. Boğazını üzəcəyəm! Ətini də yeyəcəyəm …anaş toyuğumun. Əgər yolumu gözləməkdən bağrı hələ çatlamayıbsa.

“Pulum olsa, dilənərəm”

Opera müğənnisi Eldar Əliyevi Azərbaycanda az adam tanıyırdı. Doğrusu, haqqında eşitmişdi. Vətən onu tanımadı. Müxtəlif vokal müsabiqələrinin laureatı – qalibi və diplomantı, Eldar Azərbaycan səhnəsinə gətirilməmişdi. Yəqin layiq bilinməmişdi.

Psixoloji cəhətdən çox gərgin həyatının son dövründə o, Milan küçələrində dilənirdi. Tələbə ikən bəxt ulduzunun təsadüfi parıltısı altında gedib düşdüyü İtaliyada.

Azərbaycanda istedadlı, savadlı, qabiliyyətli xeyli adam tanıyıram ki, gedib Milanda dilənməklə daha yaxşı yaşayardı. Sadəcə, təyyarə bileti almağa …pulu yoxdur.

Avropa standartı

Dəfələrlə eşitdik ki, orda-burda sürücü və ya sərnişin, satıcı ya alıcı bacı kimisə qınayıb maska taxmasını xahiş edir, həminki ona cavab qaytarır, lap təpiyi altına salır. Elə Firəngistan kimi mədəniyyəti silikon sinəsini açıb qabağa verən məmləkətdə son 1 ayda 2 sürücü döyülüb. Maska höcətində.

Çatdın, gözün aydın! Çatdın Avropa standartına. O gün Bakıda bir sərnişin avtobus sürücüsünə sillə ilişdirdi. Düzdür, sonra …qaşığını yaladı. Amma ilişdirdi axı…

İndi şəhərimizə Brüsseldən beynəlxalq tərkibli komissiyanın gəlişi gözlənilir. Nüfuzlu qonaqlar sillənin Avropa standartına müvafiqlik əmsalını müyyənləşdirməlidirlər. Əgər hər şey qaydasındadırsa, qəhrəmanın adı açıqlanacaq, ona “İlin Şapalağı” daş mükafatı veriləcək, igidliyi barədə ibtidai sinif dərsliklərində yazılacaq. Bəlkə adına küçə də oldu: küçə uşağı buna hamıdan çox layiqdir.

Tupoy bolvan!”

Böyüklər danışırdılar ki, nənəmiz küçədəki itə “Poşol von!”, qapıdakı pişiyə isə “Piş-piş, gəl ye” deyərdi. Bir gün ondan soruşdular niyə belə edir. Azacıq fasilədən sonra cavab verdi:

– Hərəsi ilə öz dilində danışıram ki, başa düşsün.

Jurnalist dostum telefonda çox əsəbi söhbətləşdi. “Tupoy bolvan!”, – deyib, dəstəyi qoydu.

– Niyə “Tupoy”?

– Çünki məqaləni guya oxuyub, amma kimi tənqid etdiyimi anlamayıb. Elə bilib ki, ondan yazmışam.

– Niyə “Bolvan”?

– Ondan yazmışam, lakin inandırdım ki, qonşusu barədədir.

– Niyə rusca?

– Dedi ki, rusdillidir. …Gəl çay içək.

– Navalnıdan qalmayıbsa…

Putin qalibdir

Özü də adətkar olub ki, həmişə qalib gəlir.

Hokkey yarışında 1 oyunda 11 dəfə qol vurur. Əhsən!

Prezident seçkilərində hamıdan çox səs yığır. “Malades”!

Parlament onun çaldığını oynayır. Bravo!

Sorğular onun lider olduğunu aşkara çıxarır. Bravissimo!

Yenə belə oldu. Son sorğuda soruşulurdu ki, Aleksey Navalnını kim zəhərləyib. Xalq bir ağızdan dedi: “Putin!”. “Bespodobno!”.

Səndən nigaranam…

Ömür ötüb keçir aram-aram. Ayazdansa gəlmir xəbər. Görən, nələr oldu qəriblikdə – Moskvada. İndi necə keçir eks-prezidentliyi?

Orda milis onu dolamışdı.

İndi özü dolana bilirmi?

Karantində 65+ ikən icazəsis, hüquqsuz çörək tapıb yeyirdimi? Yoxsa qalmışdı o da ac? Ürəyim lap sıyrılır.

Bəlkə qoç ürəyi göndərim? Adam arasına çıxmağa sən ürəkli olasan.

Yoxsa pensiyamı verim, sən də maska alasan.

Hərdən xatırla məni – eksliyini sevəni.

İnci, incə deyilsən!

“Loru” sözü sadəliyi yox, bəsitliyi bildirir. Loru dildə danışmaq – primitiv söz deməkdir. Nitqdə primitivlik – ədəbi dildən kənar, ləhcə lüğətidir.

XX əsrdə Azərbaycanda icbari təhsil var idi. İndi 100 yaşı olanlar da vaxtilə kamal attestatı alıblar. Bəlkə də kimsə sənəd alıb, təhsil – yox; təhsil alıb, savad – yox. Beləsi bədbəxt sayılmalıdır. Ağıldan şikəst.

Yuxarıda söhbət ümumi biliklərdən gedir. Ümumi şəkildə. Bir az riyaziyyat, azacıq fizika, orta səviyyədə biologiya, astronomiya, tarix… Bu elmlərdən hansısa ixtisasımıza çevrilir. Digərlərindən bildiklərimiz ümumi savadımızı, dünyagörüşümüzü artırır.

Əgər heç bir elmlə təhsil, ixtisas səviyyəsində məşğul olmasan da, ana dilində ömür boyu danışırsan. Hətta xeyli çərənləyirsən.

Ləhcə qaldı XX əsrin əvvəlində. Sonra hamımız azı məktəb təhsili aldıq, eyni dərslikləri oxuduq. Əgər hələ də ədəbi dildə danışmırsansa, sən – savadsızsan! Keçmişin qalığı. Ən küt qırığı…

İncidin? Səni dinləyəndə mənim də şüurum ağrıyır.

“Dəvəsi ölmüş ərəb”

Əslində, dədəsi ölmüş mübarizə. Korrupsiya ilə mübarizə. Belə komissiyanın sədri, nə qədər təəccüblü olsa da, Ramiz Mehdiyev idi. İşini elə qurmuşdu ki, mübarizə alovu sönməsin. Bundan ötrü gərəkdir ki, korrupsiya ölməsin.

Komissiya qaldı başsız.

İndi hansı başsız, ağılsız şəxs icra hakimiyyəti başçısı, deputat, nazir və sair olmaq üçün rüşvəti, ha-ha, elmlər akademiyasına aparacaq?!

Ali məktəblərə qəbul üzrə dəllallar var. Səni inandırırlar ki, pulu lazımi adama çatdıracaq və övladın tələbə olacaq. Fırıldaq baş tutmayanda deyirlər ki, qəbul komissiyasında son anda həmin adamı əvəz ediblər: “Bağışla, geri götür pulunu”.

Deyilənə görə, “Firon Ramzes” hərifə pulunu qaytarmırdı. Belə fironluq edib Mehdiyev Ramiz.

Deyim var: “Övladdan – nəvə, dövlətdən – dəvə”. Mehdiyevin nəvəsinə etdiyi toy “dəvə”sinə od vurdu. Amma onu “ölmüş” bilməyə tələsməyin…

Vəzifə çələngi

Siz hələ də Ramiz Mehdiyevin kitabının bağlandığını düşünürsünüz? Bu fikirdən düşün, daşının. Çünki Ramiz bu gün də…

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının üzvü,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,

Azərbaycan Respublikasının həqiqi dövlət müşaviri,

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,

Azərbaycan Fəlsəfə və Siyasi Elmlər Assosiasiyasının prezidenti,

Azərbaycan Fəlsəfə və Siyasi Elmlər Assosiasiyasının nəşr etdirdiyi “Fəlsəfə, siyasət və sosial elmlər” jurnalı redaksiya heyətinin sədridir.

Görürsən, elə qurumların başçısı ya üzvüdür ki, adları baş hərflərlə yazılır.

Sənin ancaq adın və soyadın baş hərflə yazıldığı halda elə hesab etmə ki, Ramizin kürəklərini yerə vurmusan.

…Əlidə qalıb

İşdən atılıb, sən ayda yüz doxsan alırsan.

Yüz doxsan alıb, özünü insanmı sanırsan?!

 

Sabir demiş, insanın dövləti gərək olsun.

Bir “Mersedes” azdır, qarajları gərək olsun.

 

İnsan olanın mənşəyi bu bölgədən olsun,

Otaqda madam, eşiyindəsə gədə dursun.

 

Olsun “Osobnyak”, “daça”. «Novostroyka»sı olsun.

Özü də mütləq həm ləhcə, həm ruscası olsun.

 

Əgər körpəsən – get böyü – bizim bağçamız var.

Anlamadınsa – get oxu – həm kurslarımız var.

 

Oxumağa ya …silməyə bizdə qəzet də var.

Gözüyumulu görməyə lap “te-ve”miz də var.

 

Yayda oynamaq istəsən sənə taparam qar.

Qışda yollaram Dubaya, sən alarsan “zaqar”.

 

Bu media mənsublarına mənsub evim yox.

Mən insanam! İnsan özüməm! Sən – sosial …o… !

Haqq şairi

A.ƏZİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*