SEPAH-ın Azərbaycanı təhdid etməsi Bakı-Tehran münasibətlərinə necə təsir edəcək? – ÖZƏL AÇIQLAMAbackend

SEPAH-ın Azərbaycanı təhdid etməsi Bakı-Tehran münasibətlərinə necə təsir edəcək? - ÖZƏL AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) video yayaraq Azərbaycanı birbaşa hədələyib. SEPAH yayımladığı həmin videonun əvvəlində İran “şir” (fars millətçiliyinin simvolu), Azərbaycan isə “çaqqal” (qurd metaforası) ilə təhqiramiz şəkildə təmsil olunur. Daha sonra hədlərini aşaraq Türkiyə və Azərbaycanı silahlarla məhv edib, “can və qan, din qardaşları” Ermənistanı qoruyub saxlamaq xülyasını qururlar. Ermənistanın sərhədlərinin toxunulmazlığını vurğulayıb, Azərbaycan və Türkiyəni açıq təhdid edirlər.

Bəs görəsən, SEPAH-ın belə bir video paylaşmaqda məqsədi nədir? Bu video iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb.

O bildirib ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşdığı bir məqamda İranın bəzi qurumlarının verdiyi açıqlamalar və sosial şəbəkə paylaşımları anlaşılan deyil:

“Özəlliklə İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad toplantısında imzalanmış saziş və Tehran memorandumunun imzalanmasından sonra SEPAH-ın belə videolar yayması, regiondakı siyasi proseslərə qarışma cəhdləri münasibətlərə xələl gətirə bilər. Onların yayımladığı videodakı sətiraltı mesajlar Azərbaycan cəmiyyətində qıcıq yaradır və Azərbaycanla İran arasında formalaşan münasibətlərə uyğun gəlmir. İndiki vaxtda İran öz qurumlarına anti-Azərbaycan ritorikasının dayandırılması ilə bağlı göstəriş verməlidir. Əks təqdirdə bu iki ölkənin münasibətlərinin gələcəyi üçün yaxşı perspektiv vəd etmir. SEPAH daxil olmaqla İranın müxtəlif media qurumlarının region ölkələri arasında gərginliyin yaradılmasına xidmət edən paylaşımları və şərhləri etik deyil. Ümid edirəm ki, İran dövləti ali rəhbərlik səviyyəsində belə halların qarşısının alınması istiqamətində daha sərt və birmənalı addımlar atacaq”.

Politoloq bildirib ki, həmin şəxslərin əsas məqsədi Türkiyə -Azərbaycan qardaşlığına xələl yetirməkdir:

Türkiyənin İranla səmimi və dürüst münasibətləri var. Türkiyə İranla hər zaman əməkdaşlığa hazırdır və qarşılıqlı işgüzar əlaqələrə önəm verir. Lakin təəssüf ki, İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən media Türkiyənin də əleyhinə işləyir. Ümumilikdə İranda aparılan media təbliğatına və sosial şəbəkələr üzərindən qarşıdurma yaratmağa çalışan şəxslərin əsas hədəfi Azərbaycan-Türkiyə qardaşlığı olub. İranda bəlli dairələr bu qardaşlıqdan ciddi şəkildə narahatdır. Buna görə də, təkcə Azərbaycana deyil, eyni zamanda Türkiyəyə də hücüm edirlər”.

 

Şəbnəm Mehdizadə,
KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*