Facebook gələn həftə adını dəyişməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə Verge portalı məlumat yayıb.
Məlumata görə, sosial media rəhbəri Mark Zukerberq bunu oktyabrın 28-də keçiriləcək illik konnekt konfransında müzakirə etməyi planlaşdırır. Lakin rebrendinq daha əvvəl elan edilə bilər.
“Facebook “metakainat” qurmağa olan diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır” – portalın saytında deyilir.
Nəşr yazıb ki, bundan sonra Facebook tətbiqinin özü, ana şirkətin nəzarətində olan çoxlu tətbiqlərdən birinə çevriləcək. Yeni ad ciddi məxfiliklə saxlanılır, hətta rəhbərlik üzvlərinin hamısı bu məlumatı bilmir.
Xatırladaq ki, Facebook sosial şəbəkəsi 2004-cü ilin fevralında, 19 yaşlı amerikalı tələbə Mark Zukerberq tərəfindən yaradılıb. Baş ofisi Kaliforniya ştatının Menlo Park şəhərindədir. Facebook Messenger, WhatsApp və Instagram xidmətlərinə də sahibdir. Zukerberq sentyabr ayının əvvəlində 134,5 milyard dollar sərvəti ilə ən varlı amerikalılar siyahısında üçüncü sırada yer alıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
