Törətmədiyi cinayətə görə 13 il həbsdə qaldı: İtaliyada tibb bacısı bəraət aldıbackend

Törətmədiyi cinayətə görə 13 il həbsdə qaldı: İtaliyada tibb bacısı bəraət aldı

İtaliyada Monika Buzetto adlı tibb bacısı törətmədiyi qətlə görə 13 il həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb. Trento Apellyasiya Məhkəməsi onun işinə yenidən baxılması ilə bağlı vəsatəti təmin edib. Beləliklə, qonşusunu öldürməkdə ittiham olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilmiş qadının günahsız olduğu üzə çıxıb.

Faciə 2012-ci ilin dekabrında Venesiyanın ətrafında yerləşən Mestre şəhərində baş verib. Lida Taffi Pamio öz mənzilində ölü tapılıb. Cinayətdə şübhəli bilinən şəxs isə həmin ərazidə yaşayan tibb bacısı Monika Buzetto olub.

İstintaqın topladığı sübutlar məhkəmə tərəfindən inandırıcı hesab edilib və Buzetto 25 il həbs cəzasına məhkum olunub. Hökm qanuni qüvvəyə minib, müdafiə tərəfinin sonrakı etirazları isə nəticəsiz qalıb. Nəticədə qadın törətmədiyi cinayətə görə uzun illər həbsxanada qalmalı olub.

İşdə əsas dönüş nöqtəsi həmin ərazidə oxşar şəraitdə törədilmiş daha bir qadın qətli ilə bağlı araşdırma zamanı baş verib. Françeska Vianellonun öldürülməsi ilə əlaqədar aparılan istintaq nəticəsində əsl cinayətkarın Suzanna Milli Ladzarini olduğu müəyyən edilib.

O, dindirmələr zamanı hər iki qətli törətdiyini etiraf edib. Bu etiraf Monika Buzettonun cinayətlə heç bir əlaqəsinin olmadığını üzə çıxarıb və onun günahsızlığını təsdiqləyib.

Beləliklə, Monika Buzetto nəhayət azadlığına qovuşub. Lakin məhkəmə səhvinin qurbanı olan qadının həbsxanada keçirdiyi 13 ili geri qaytarmaq mümkün deyil. Bu hadisə bir daha göstərir ki, ədalət gecikəndə insanın itirdiyi illəri, azadlığını və yaşamaqdan məhrum olduğu həyatı heç bir qərar geri qaytara bilmir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*