Yaxın müddətdə sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq – AÇIQLAMAbackend

Yaxın müddətdə sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq – AÇIQLAMA 

Vətən müharibəsində Azərbaycana məğlub olan Ermənistanın siyasi rəhbərliyi yeni reallıqları artıq dərk etməyə başlayıb. Ermənistan tərəfi başa düşür ki, məğlub ölkə kimi Azərbaycanın tələblərini və istəklərini yerinə yetirməyə məcburdur.

Belə ki, bu günlərdə ölkənin Baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlama verib. Paşinyan bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, bir-birinə qarşı ərazi iddialarının olmaması ilə bağlı irəli sürdüyü təklifdə onlar üçün qəbuledilməz məqam yoxdur.

Bəs görəsən, Paşinyanın bu açıqlaması nə dərəcədə səmimidir? Baş nazirin bu açıqlaması sülh müqaviləsinin yaxın müddətdə imzalanacağından xəbər verirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, Ermənistanın başqa əlacı qalmayıb:

“Tanınmış siyasətçilər, analitiklər dünyanın yeni bir geostrateji dəyişikliklərin içində olduğunu və bu dəyişikliklərin yekununda yeni dünya düzəninin qurulacağını bildirir. Böyük geostrateji dəyişikliklərdə Azərbaycan önəmli, vacib və ehtiyac duyulan siyasi-iqtisadi aktyora çevrilib. Qafqazın Şərq-Qərb, Şimal-Cənub keçidində çox önəmli region olduğunu və bu regionda Azərbaycanın dəstəkləmədiyi layihənin həyata keçmə şansı olmadığını nəzərə alsaq, Ermənistan Baş Nazirinin açıqlamalarının səbəbi aydın olar. Artıq rus enerji resurslarının ən böyük alıcısı olan Avropa bu resursları almaqdan, tədricən də olsa imtina edir. Belə bir şəraitdə Azərbaycanın önəmli pay və söz sahibi olduğu “Cənub Qaz Dəhlizi” həyati önəm qazanır ki, bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ən vacib faktordur”.

Politoloqun fikrincə, sülh müqaviləsi yaxın müddətlərdə imzalana bilər:

“Yaxın gələcəkdə Orta Asiyanın zəngin neft və qaz ehtiyatlarının Xəzər dənizi, eləcə də ölkəmiz üzərindən Avropa bazarlarına çıxarılacaq. Mövcud reallıqları nəzərə alan Ermənistanın bütün şərtlərimizi qəbul edib sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Bunu onlar özü də yaxşı bilir. Hesab edirəm ki, biz tezliklə sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq. Artıq Ermənistanın tarixi, hərbi və lobbi müttəfiqlərinin başı cox böyük dərddədir. Ermənistanda keçirilən mitinqlər regionda təsir imkanlarını tamamilə itirmiş faşist və nankorların son və uğursuz çırpınışlarıdır. Ermənistanı başqa dövlətlərin maraqları naminə yeni bir məcraya sürükləmək istəyənlərə, hər kəsdən öncə erməni xalqı icazə verməməlidir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*