Yerevan-Bakı dəmiryolunun 41 kilometrlik Mehri-Qafan hissəsi necə talan edilib? – FOTObackend

Yerevan-Bakı dəmiryolunun 41 kilometrlik Mehri-Qafan hissəsi necə talan edilib? - FOTO

“Azadlıq” radiosunun erməni xidməti Yerevan-Bakı dəmiryolunun talan edilməsi ilə bağlı süjet hazırlayıb.

KONKRET.az xəbər verir ki, materialda Sovet dövründə Yerevan-Bakı dəmiryolunun 41 kilometrlik Mehri-Qafan hissəsinin sökülüb talan edildiyi qeyd edilir.

Ermənistanın keçmiş nəqliyyat naziri Henrik Koçinyan deyib ki, Birinci Qarabağ müharibəsi zamanı Gürcüstan yolu işləmədiyinə görə, İran yolu daha da fəallaşıb:

“1993-cü il Qafan və Xankəndi şəhəriləri İrandan gələn mazutla təmin edilirdi. İranlılar mazutu Mehriyə gətirirdilər. Biz də mazutu yük vaqonlarına doldurub, dəmir yolu ilə Horadizə aparırdıq. Oradan da maşınlarla Xankəndiyə gedirdi. Bundan başqa, İrandan gələn ərzağı da bu yolla göndərirdik”.

Süjetdə sakinlər talançılığı gözləri ilə gördüklərini bildiriblər. Onlar bildirib ki, 41 kilometrlik dəmir relslər hərbçilərin iştirakı ilə doğranaraq daşınıb. Həmin ərazilərə mülki vətəndaşların girişinə icazə verilməyib.

“Həmin relslərin hamısını o vaxt hakimiyyətdə olanlar (Robert Köçəryan, Serj Sarkisyan – red.) daşıyıb”.

Baş verən talanlarla bağlı 2018-ci ildə cinayət işi açılıb, amma 4 il keçməsinə baxmayaraq nə şübhəli, nə də cinayətkar var. Bu mövzu ilə bağlı bir çox yüksək rütbəli zabitlər, eləcə də üçüncü prezident Serj Sarqsyan da dindirilib. Çinayət işi davam etdiyi üçün bir çox məqamlar hələ açıqlanmayıb.

İstintaq Komitəsinin məlumatına görə, Ermənistan dəmiryolları 2008-ci ildə Rusiya Zaqafqaziya dəmiryol şirkətinin idarəçiliyinə verilib. Təhvil-təslim aktında bütün əmlak 250 min dollar dəyərində qiymətləndirilib. Təhvil prosesindən iki il sonra sözügedən hissə tamamilə sökülüb.

2010-cu ildə Zaqafqaziya dəmiryol şirkətinin keçmiş rəhbəri Şevket Saydurin Mehri-Qafan yolunun söküldüyünü açıqlayıb və söküntünü Ermənistan hökumətinin qərarı ilə aparıldığını bildirib.

“Azadlıq” radiosunun erməni xidməti hökumət qərarlarının dərc edildiyi saytda bu haqda məlumat axtarsa da, heç nə əldə edə bilməyib. Həmin illərdə Ermənistan hökumətinin rəhbəri Tiqran Sarkisyan olub. Bu mövzu ilə bağlı onun dindirilib-dindirilməməsi haqqında məlumat yoxdur.

Dövlət Televiziyasının araşdırmaları başqa bir sənədi üzə çıxarıb. Həmin sənəddə deyilir ki, dəmiryol sökülməsi 2003-cü ildə müdafiə nazirliyinin birbaşa iştirakı ilə həyata keçirilib. Sənəddə göstərilib ki, 2003-cü ildə müdafiə nazirinin müavini Yuri Xaçaturov şirkət rəhbəri Azad Qasparyanla 30 min metrlik dəmir yolunun sökülməsinə dair müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Sünikdən keçən dəmir yolunun sökülməsi üçün hər 15 metrə görə Müdafiə Nazirliyi 10 min 670 dram ödəyib( Azərbaycan pulunun indiki məzənnəsi ilə təxminən 40 manat).

Azad Qasparyan “Azadlıq” radiosunun erməni xidmətinə Mehri-Qafan yolunu onun şirkətinin sökdüyünü etiraf edib:

“Mən relsləri görəndə artıq onlar sıradan çıxmışdı. Onlar qalsaydı da, istifadə etmək mümkün olmayacaqdı. Bəzi hissələri kimlərsə söküb aparmışdı”.

Sənəddə 31 km yazılıb. Bəs 41 kilometrin qalan 10 km-i hardadır? Heç kim bu suala cavab verə bilmir.

Dəmiryolunun necə və hansı şəraitdə Müdafiə Nazirliyinin tabeliyinə keçməsi də maraqlıdır.

Müdafiə Nazirliyi isə sualı cavablandırmayıb.

Sənəddə qeyd olunub ki, həmin əmlak nazirliyə məxsus olub. Müqavilə bağlanmazdan öncə nazir müavini Xaçaturov doğranacaq relsləri satmaq üçün müştəri də tapıb. Qacaran mis kombinatına bir tonu 160 dollardan satacaqdı. Ümumilikdə mis kombinatı 2 min ton relsə görə 320 min dollar ödəyib. Bəs həmin pullar hara gedib? Bu suallar hələ də açıq qalır..//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*