Samux rayon sakini, 1983-cü il təvəllüdlü Barıyev Vilayət Zahid oğlu “ATEF Şirkətlər Qrupu”nun ona qarşı qanunsuzluğa yol verdiyini iddia edir.
KONKRET.az-ın redaksiyasına müraciət edən şikayətçinin sözlərinə görə, 2016-cı il iyulun 18-də sözügedən şirkətdə fəhlə kimi fəaliyyətə başlayıb. Nə az, nə çox – düz 4 il yarım “ATEF Şirkətlər Qrupu”nda çalışıb. Vilayət Barıyevin bildirdiyinə görə, 2020-ci ilin dekabr ayında onun fəaliyyət göstərdiyi ərazidə işlər dayandığına görə, müəssisə tərəfindən öz hesabına evə göndərilib. Bir müddət işinə geri dönəcəyini gözləsə də, heç bir nəticə hasil olmadığından Vilayət Barıyev 2021-ci ilin iyulun 7-də işdən çıxmaq məcburiyyətində qalıb.
Şikayətçinin sözlərinə görə, adıçəkilən şirkətdə işlədiyi 4 il yarım müddətində cəmi bircə dəfə (2018-ci ildə) məzuniyyətə çıxıb. Bu zaman isə müəssisə onun maaşından 57 manat pulunu çıxıb. Vilayət Barıyevin iddiasına görə, işdən çıxdıqdan sonra həm məzuniyyət pulunu, həm də işdənçıxarma müavinətini almaq üçün kartını yoxlasa da, ora cəmi 124 manat pul köçürüldüyünü görüb. Şikayətçi deyir ki, 4 ildən artıq iş fəaliyyəti müqabilində, bu məbləğ olduqca azdır. Vilayət Barıyev idarənin kadrlar şübəsində Rəvanə adlı xanımla əlaqə saxlayıb etirazını bildirsə də, ona verilən cavab qənaətbəxş olmayıb.
Belə ki, həmin xanım müəssisə tərəfindən yalnız bu məbləğin ödənildiyini deyib və razı olmadığı təqdirdə hara istəsə şikayət edə biləcəyini vurğulayıb. Kadrlar şöbəsindən Vilayətə 6 ay işləmədiyi də deyilib. O isə bildirir ki, müəssisə tərəfindən öz hesabına göndərildiyi üçün işə çıxmayıb. Yəni bu onun günahı deyil. İndi şikayətçinin tək istəyi məzuniyyət pulunun və işdənçıxarma müavinətinin düzgün hesablanıb verilməsidir. Ümid edirik ki, müəssisə öz keçmiş əməkdaşının istəyini nəzərə alaraq, onun problemini tez bir zamanda həll edəcək.
P.S. Yazıda adı keçən Rəvanə adlı şəxsin və sözügedən “ATEF Şirkətlər Qrupu”nun mövqeyini dərc etməyə hazırıq!
Müşviq Tofiqoğlu
KONKRET.az
