Azərbaycanın Şuşada qurultay keçirməsi İranı niyə narahat edir? – İLGİNC AÇIQLAMAbackend

Azərbaycanın Şuşada qurultay keçirməsi İranı niyə narahat edir? - İLGİNC AÇIQLAMA

Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddinin Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək qurultayını İrana qarşı açıq təhdid və təxribat adlandırması birmənalı qarşılanmadı. Azərbaycanın öz torpağında qurultay keçirməsindən rəsmi Tehranın hansı səbəblərdən narahat olduğu isə anlaşılan deyil və böyük sual altındadır.  

Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, İranın Şuşada keçirilən “Zəfər” Qurultayından ciddi bir narahatçılığı olmamalıdır: “Amma “Sepah” və digər bu kimi mərkəzlərə bağlı qüvvələr tərəfindən qıcıq nümayiş etdirmələri İran rəsmilərinin düşüncələrində Azərbaycana qarşı böyük qısqanclıq hissinin olduğunu göstərir. Onlar elə hesab edirlər ki, Müzəffər Ali Baş Komandan növbəti dəfə “dünyada yaşayan 50 milyonluq azərbaycanlının Prezidenti” ifadəsini işlədəcək. Bu ifadənin səsləndirilməsi ilə Güney Azərbaycanda yaşayan soydaşlarımızın məsələsi gündəmə gəlir. Elə qıcıq yaradan da məhz budur. İkincisi ölkə başçısı bu fikirləri dünya azərbaycanlılarının öncəki qurultaylarında səsləndirib. Amma düşünürəm ki, bu dəfə cənab Prezident sözügedən fikiri təkcə ifadə olaraq səsləndirməklə kifayətlənməyəcək. Çünki Qarabağdakı müharibə bütün dünya azərbaycanlılarını birləşdirdi. Eyni zamanda vahid qalib azərbaycanlı simasını bərpa etdi. Onların qorxusu da məhz bu yöndədir. Digər məsələ, Azərbaycanın bu müharibədən sonra imkanlarının genişlənməsi və qüdrətinin artması ilə bağlıdır. Həqiqətən də Azərbaycanın öz gücünü müharibədə deyil sülhü yaymaq üçün istifadə etməsi İranı ciddi şəkildə narahat edir. Onlar bu mənada İsrail-Azərbaycan münasibətlərini qısqanırlar. Həmçinin işğaldan azad edilən ərazilərdə anti-İran fəaliyyətinin baş verəcəyi ehtimalı üzərində öz ağıllarına uyğun proqnozlar verməyə başlayırlar”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycan heç vaxt İranın ərazi bütövlüyünə qəsd edəcək addım atmayıb və bu yöndə açıqlama verməyib: “Ən azəndan İran Bloklara Qoşulmama Hərəkatının üzvü və rəhbəri olan Azərbaycana buna görə təşəkkür etməlidir. İran çevrilib öz qonşularına baxsa, hamısının ərazisində Tehran əleyhinə xarici ölkələrin bazalarının yerləşdirildiyini görə bilər. Bunu qiymətləndirmək lazımdır. Və nəhayət Şuşa Azərbaycanın əbədi və əzəli torpağıdır. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının özünü yenidən tanıması, torpaqlarına qayıtması və azad olması istiqamətində ciddi bir başlanğıcdır. Düşünürəm ki, bu da İranı bizə qarşı qıcıqlandıran amillərdəndir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*