“Mariupolda kimyəvi silahdan istifadə ilə bağlı məlumatlar yoxlanılır”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“Hazırda biz məlumatları yoxlayırıq. Rusiyanın kimyəvi silahdan istifadə riski kifayət qədər yüksəkdir. Hələlik isə biz məlumatları dəqiqləşdiririk” – Ukrayna rəsmisi qeyd edib.
Qeyd edək ki, dünən rusların Mariupolda kimyəvi silahdan istifadə etdiyi barədə məlumatlar yayılıb. Bundan sonra “Azov” alayının yaradıcısı Andrey Biletski Rusiya ordusunun kimyəvi silahdan istifadə etməsi nəticəsində sözügedən alayın 3 hərbçisinin yaralandığını bildirib. Onun sözlərinə görə, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.
Daha sonra prezident Volodimir Zelenski Mariupoldakı vəziyyəti şərh edib və qeyd edib ki, Qərb kimyəvi silahdan istifadəyə görə Rusiyaya daha sərt cavab verəcəyini vəd edib.
Xatırladaq ki, Rusiyanın Mariupolda kimyəvi silahdan istifadə edəcəyi ilə bağlı ilk məlumatı öz kəşfiyyatına istinadən Böyük Britaniyanın Müdafiə Nazirliyi yaymışdı.
Vəsilə İbrahim,
KONKRET.az
