Rusiya Ukraynadan yalnız ərazi güzəştləri tələb etməklə kifayətlənmək niyyətində deyil.
Moskvanın hədəfləri daha genişdir: Avropanın təhlükəsizlik sisteminə yenidən baxılması, Finlandiyanın NATO-dan çıxması, Baltikyanı ölkələrdə alyansın hərbi mövcudluğunun məhdudlaşdırılması və Moldovanın dövlət quruluşunun dəyişdirilməsi.
Bu barədə noyabrın 13-də Almaniyanın Bild qəzeti Rusiyanın qeyri-rəsmi təklifləri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Kremldə Finlandiyanın NATO-dan çıxarılması ilə bağlı tələbin mövcudluğu artıq təkzib edilib. Helsinkidə isə belə bir ideyanı açıq şəkildə qəzəbləndirici adlandırıblar.
Bild yazır ki, sözügedən təkliflər Vladimir Putinin ətrafındakı şəxslər tərəfindən irəli sürülür və bir-biri ilə rəqabət aparan bir neçə qeyri-rəsmi danışıq qrupunda müzakirə olunur.
Məlumata görə, bu variantlardan biri noyabrın 10-11-də Əbu-Dabidə keçirilən danışıqlar ərəfəsində Avropa nümayəndələrinə təqdim edilib. Bununla belə, jurnalistlər Rusiya prezidentinin məhz bu layihəni dəstəkləyib-dəstəkləmədiyinin məlum olmadığını da vurğulayırlar.
Moskvanın Ukrayna ilə bağlı tələbləri
Dərc olunan məlumatlara əsasən, Moskva Rusiyanın hazırda işğal altında saxladığı bütün Ukrayna ərazilərinin hüquqi baxımdan Rusiyaya verilməsini, eləcə də Donbasın tamamilə, o cümlədən Donetsk vilayətinin Kiyevin nəzarətində qalan hissəsinin Rusiyanın nəzarətinə keçməsini istəyir.
Bundan başqa, Ukrayna NATO-ya üzvlükdən birdəfəlik imtina etməli və blokdan kənar status qəbul etməlidir. Bununla yanaşı, təqdim olunan layihəyə görə, Rusiya Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyünə mane olmağı planlaşdırmır.
Moskvanın təkliflərində Qara dənizlə bağlı ayrıca şərtlər də yer alır. Odessa və Nikolayev limanlarının hərbidən təmizlənməsi, onların hərbi-dəniz bazaları kimi istifadəsinin qadağan olunması təklif edilir. Eyni zamanda Qara və Baltik dənizlərində gəmiçilik azadlığını təmin edən sazişlərin imzalanması nəzərdə tutulur.
Lakin Bild-in açıqladığı təkliflərin ən diqqətçəkən və mübahisəli hissəsi Ukraynaya deyil, digər Avropa dövlətlərinə aiddir.
Finlandiya NATO-dan çıxmalı, Baltikyanı ölkələrdə bazalar bağlanmalıdır
Rusiyanın genişmiqyaslı müdaxiləsindən sonra, 2023-cü il aprelin 4-də NATO-ya üzv olan Finlandiya alyansı tərk etməli və əvvəlki blokdan kənar statusuna qayıtmalıdır.
Bununla yanaşı, Estoniya, Latviya və Litvada NATO hərbi bazalarının yerləşdirilməsi qadağan edilməlidir.
Beləliklə, müzakirə olunan layihə yalnız Ukraynanın deyil, artıq Şimali Atlantika Alyansının tamhüquqlu üzvü olan dörd ölkənin təhlükəsizlik siyasətinə də müdaxiləni nəzərdə tutur.
Xüsusilə Finlandiya ilə bağlı tələb diqqət çəkir. Rusiya ilə 1300 kilometrdən artıq quru sərhədinə malik olan bu ölkə məhz təhlükəsizlik narahatlıqları və Moskvanın aqressiv siyasəti səbəbindən NATO-ya üzv olub. İndi isə Rusiya onun yenidən hərbi-siyasi neytrallığa qayıtmasını istəyir.
Moldovanın dövlət quruluşu da dəyişdirilməlidir
Moskvanın ehtimal olunan planları Şimali və Şərqi Avropa ilə də məhdudlaşmır. Bild-in məlumatına görə, Rusiya Moldovanın dövlət quruluşunun dəyişdirilərək federasiyaya çevrilməsini də təklif edir.
Bu federasiya Moldova, Dnestryanı bölgə və Qaqauziyadan ibarət olmalıdır. Üstəlik, Moldova Avropa İttifaqına üzv olacağı təqdirdə Dnestryanı bölgə və Qaqauziya müstəqilliklə bağlı referendum keçirmək hüququ əldə etməlidir.
Xatırladaq ki, Qaqauziya hazırda Moldova ərazisində muxtar statusa malikdir. Dnestryanı bölgə isə Rusiya hərbçilərinin yerləşdiyi, beynəlxalq səviyyədə tanınmayan separatçı qurum olaraq qalır.
Bütün bu güzəştlərin qarşılığında Moskva, nəşrin məlumatına görə, Rusiyanın nüvə silahlarını Belarusdan çıxarmağa, həmin ölkədə orta mənzilli raketlər yerləşdirməkdən imtina etməyə və Dnestryanı bölgədəki qoşunlarını geri çəkməyə hazır olduğunu bildirir.
Alman jurnalistlərin diqqət çəkdiyi daha bir maraqlı məqam var. Rusiyanın hərbi mövcudluğunun məhdudlaşdırılması Belarus və Dnestryanı bölgəyə şamil edilsə də, Polşa ilə Litva arasında yerləşən Kalininqrad vilayəti ilə bağlı analoji öhdəlik nəzərdə tutulmur.
Kreml Finlandiya ilə bağlı tələbi təkzib edir
Kreml isə nəşrin ən çox rezonans doğuran iddiasından dərhal uzaqlaşmağa çalışıb.
Noyabrın 13-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın NATO-dan çıxarılması tələbi ilə bağlı suala belə cavab verib:
“Bu barədə mənə məlum deyil. Xeyr, belə bir tələb irəli sürülməyib. Bu mövzuda, əlbəttə ki, söhbət getmirdi”.
Bununla belə, Peskov bir gün əvvəl Moskvanın NATO-nun gələcək genişlənməsinin dayandırılmasına dair hüquqi təminatlar əldə etmək istədiyini təsdiqləmişdi.
“Əlbəttə, bizim üçün bu qədər vacib olan sözlərin arxasında NATO-nun genişlənməməsinin sənədləşdirilməsi istiqamətində konkret addımlar dayanmalıdır”, – deyə o, Rusiyanın Birinci kanalına müsahibəsində bildirib.
Helsinkidə isə ehtimal olunan tələblərə kifayət qədər sərt reaksiya verilib.
“Bunu təklif etmək belə tamamilə qəzəbləndiricidir. Rusiya bunu bilir”, – Finlandiyanın müdafiə naziri Antti Häkkänen bildirib.
Onun sözlərinə görə, Moskva Avropa dövlətlərinin öz müdafiə siyasətlərini Rusiyanın maraqlarına uyğun şəkildə məhdudlaşdırmasına nail olmağa çalışır.
“Bu cür məsələlər ümumiyyətlə danışıqların predmeti deyil. Rusiya bunu bilir”, – nazir vurğulayıb.
Häkkänen hesab edir ki, Rusiya ABŞ və Avropanın güzəştə getməyə nə dərəcədə hazır olduğunu yoxlayır, tələblərini isə mərhələli şəkildə genişləndirir.
“Qərb Rusiyanın hərbi ambisiyalarına nə qədər yumşaq yanaşsa, Moskva sərhədləri bir o qədər irəli çəkməyə çalışacaq. Rusiya Qərbin yumşaqlığının imkan verdiyi qədər uzağa gedəcək”, – deyə Finlandiyanın müdafiə naziri xəbərdarlıq edib.
O xatırladıb ki, bu taktika yeni deyil. Hələ 2021-ci ilin dekabrında Moskva Avropanın təhlükəsizlik sisteminə yenidən baxılmasını, NATO-nun genişlənməsinin dayandırılmasını və alyansın 1997-ci ildən sonra ona qoşulmuş ölkələrdə hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb edirdi.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen də Moskvanın ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı qərar vermək hüququna malik olmadığını bildirib.
“NATO-ya üzvlük qərarının Finlandiyaya və alyansın özünə aid olduğu tamamilə aydındır. Biz də məhz bu prinsiplə hərəkət edəcəyik”, – deyə nazir qeyd edib.
Valtonenin fikrincə, Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqlarını bütün Avropanın təhlükəsizlik arxitekturasının müzakirəsinə çevirmək cəhdi Kremlin müharibəni tezliklə başa çatdırmaq niyyətində olmadığını göstərir.
“Rusiyanın öz təcavüzkar müharibəsi ilə bağlı sülh danışıqlarını Avropanın təhlükəsizlik arxitekturasına qədər genişləndirməsi onu göstərir ki, Moskva heç yerə tələsmir və hər hansı razılaşmanı təcili şəkildə əldə etməyə çalışmır”, – Valtonen bildirib.
Əbu-Dabidə əslində nə müzakirə olunub?
Bild-in ehtimal olunan planın Əbu-Dabidə keçirilən danışıqlar zamanı Avropa nümayəndələrinə təqdim edilməsi ilə bağlı iddiası ayrıca suallar doğurur.
Rusiya nümayəndə heyəti noyabrın 10-11-də ABŞ və Ukrayna nümayəndələri ilə keçirilən danışıqlarda həqiqətən iştirak edib. Lakin nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski avropalılarla hər hansı birbaşa təmasın olduğunu qəti şəkildə təkzib edib.
“Xeyr, biz onlarla ünsiyyət qurmadıq. Onların burada hansı statusda olduqlarını da o qədər yaxşı başa düşmürük. Danışıqlar təsdiqlənmiş üçtərəfli formatda keçirilir”, – Medinski noyabrın 11-də bildirib.
Avropa nümayəndələrinin iştirakına münasibət bildirərkən o, hətta onları turist adlandırıb:
“Əgər onlar buraya turist kimi gəliblərsə, qoy ünsiyyət qursunlar, hansısa oteldə öz işləri barədə danışsınlar”.
Peskov da belə təmasların olmadığını təsdiqləyib:
“Xeyr, belə əlaqələr planlaşdırılmırdı, nəzərdə tutulmurdu və ümumiyyətlə, belə əlaqələr olmayıb”.
Bu səbəbdən Bild-in məlumatı ehtimal olunan sənədin Rusiya nümayəndələri tərəfindən birbaşa Avropa İttifaqı təmsilçilərinə təqdim edildiyini sübut etmir. Mümkündür ki, təkliflər amerikalı vasitəçilər üzərindən ötürülüb və ya paralel qeyri-rəsmi danışıq kanallarından istifadə olunub.
Bununla belə, Avropanın gələcək təhlükəsizlik sisteminin Əbu-Dabidə müzakirə edildiyi faktını Medinskinin özü də təsdiqləyib. Danışıqlardan sonra o bildirib ki, tərəflər yeni təhlükəsizlik arxitekturası barədə fikir mübadiləsi aparıb və bəzi məsələlərdə ortaq mövqeyə yaxınlaşıblar.
“Bəzi məsələlərdə ümumi anlaşmaya nail olduq, bəzilərində isə yox. Bu müzakirələr, əlbəttə ki, davam etdiriləcək”, – Medinski deyib.
Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi Aleksey Drobinin də yeni təhlükəsizlik sazişlərinin mümkün variantlarından, o cümlədən Rusiya ilə ayrı-ayrı NATO üzvləri arasında hücum etməmək barədə ikitərəfli müqavilələrin imzalanmasından danışıb.
“Məsələn, belə sazişlər Rusiya Federasiyasından əlavə təhlükəsizlik təminatları alacaq ayrı-ayrı NATO üzvü olan dövlətlərlə bağlana bilərdi”, – diplomat bildirib.
Bu açıqlamalar Moskvanın Ukrayna ilə bağlı danışıqları Avropanın ümumi təhlükəsizlik məsələlərinə qədər genişləndirməyə çalışdığını göstərir. Ancaq bu, Bild-in təsvir etdiyi konkret planın mövcudluğunu və onun rəsmi şəkildə qəbul edildiyini təsdiqləmir.
Avropa danışıqlar masasından kənarda qalmaq istəmir
Avropa diplomatiyasının rəhbəri Kaja Kallas da Moskvanın gələcək danışıqlarda Avropa nümayəndə heyətinin tərkibinə təsir göstərmək cəhdlərinə qarşı çıxıb.
“Onlar danışıqlar masasının digər tərəfində güclü həmsöhbət görmək istəmirlər. Çünki öz maksimalist tələblərini qəbul etdirməyə çalışırlar”, – Kallas bildirib.
Kreml isə Avropa nümayəndələrinin sülh danışıqlarına tamhüquqlu şəkildə qoşulmasına hələlik razılıq verməyib. Bu, amerikalı vasitəçilərin Putinin Avropanın iştirakına hazır olduğu barədə açıqlamalarına baxmayaraq baş verir.
Peskovun sözlərinə görə, danışıqlar formatının genişləndirilməsi yalnız Moskva Avropa dövlətlərinin nizamlanma prosesinə həqiqətən töhfə vermək istədiyinə əmin olduqdan sonra mümkün ola bilər.
Əsl məqsəd Ukrayna ilə məhdudlaşmır?
Bütün bu məlumatların fonunda mənzərənin yalnız bir hissəsi rəsmi şəkildə təsdiqlənib. Rusiya həqiqətən də Avropanın yeni təhlükəsizlik sisteminin müzakirəyə çıxarılmasına və NATO-nun genişlənməməsinə dair hüquqi təminatların əldə edilməsinə çalışır.
Ancaq Finlandiyanın NATO-dan çıxarılmasını, Moldovanın federallaşdırılmasını və Baltikyanı ölkələrdə alyansın hərbi mövcudluğunun məhdudlaşdırılmasını nəzərdə tutan konkret, razılaşdırılmış planın mövcudluğu hələ təsdiqini tapmayıb.
Əgər Bild-in məlumatları Rusiyanın müzakirə etdiyi təkliflərin heç olmasa bir hissəsini əks etdirirsə, deməli, söhbət artıq yalnız Ukraynadakı müharibənin dayandırılmasından getmir. Moskva Avropanın böyük bir hissəsində təhlükəsizlik qaydalarını yenidən müəyyənləşdirməyə, başqa sözlə, müharibənin nəticələrindən istifadə edərək bütöv qitənin siyasi və hərbi nizamına təsir göstərməyə çalışır.
Yadınızdadırsa, bir müddət əvvəl Donetsk vilayətinin inzibati sərhədlərinin yenidən cızılması ilə bağlı məlumat sızmışdı. Guya Putindən tələb olunan o idi ki, Ukraynanın Donetsk vilayətinin hamısına nəzarəti ələ keçirdiyini qəbul etsin.
Görünür, bu da həmin serialın növbəti bölümüdür. Sadəcə, bu dəfə səhnədə təkcə Ukrayna deyil, bütöv Avropa var.
Natiq Səlim,
KONKRET.az
