Almaniya və Avropa İttifaqının daha dörd ölkəsi Ruandada miqrantların deportasiyası üçün xüsusi mərkəzin yaradılması barədə razılığa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, razılaşmanın noyabrın 16-da, bazar ertəsi günü rəsmi şəkildə elan edilməsi gözlənilir.
Almaniya ilə yanaşı, Avstriya, Yunanıstan, Danimarka və Niderland da bu təşəbbüsə qoşulacaq.
Yeni deportasiya mərkəzinə sığınacaq müraciətləri rədd edilmiş, lakin müxtəlif səbəblərdən mənşə ölkələrinə geri göndərilməsi mümkün olmayan şəxslərin yerləşdirilməsi nəzərdə tutulur.
Mərkəzin fəaliyyəti Avropa İttifaqının miqrantların deportasiyası ilə bağlı iyun ayında Avropa Parlamentinin təsdiqlədiyi yeni qaydalarına əsaslanacaq.
Lakin bu təşəbbüs insan hüquqları müdafiəçilərinin ciddi narazılığına səbəb olub.
Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) nümayəndəsi Marta Velander bildirib ki, Avropa İttifaqının yeni qaydaları miqrantların İttifaqın hüdudlarından kənarda, həbsxana tipli müəssisələrdə saxlanılmasını adi praktikaya çevirə bilər.
O, həmçinin xəbərdarlıq edib ki, belə bir sistem çərçivəsində insanlar təqib, işgəncə və daha ağır təhlükələrlə üzləşə biləcəkləri ölkələrə göndərilə bilərlər.
Xatırladaq ki, bundan əvvəl Ruanda ilə yanaşı, Qazaxıstan, Özbəkistan və Uqanda da Avropa İttifaqından deportasiya edilən miqrantlar üçün mərkəzlərin yerləşdirilə biləcəyi üçüncü ölkələr kimi nəzərdən keçirilirdi.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
